Dünyanın ən monoetnik ölkəsi olan Ermənistanın adı heç zaman ABŞ-nin hesabatlarında yer almadı-Oqtay Qasımov- ÖZƏL
6 Yanvar 2024 13:28 Siyasət"ABŞ DD-nin dini tolerantlıqla bağlı hazırladığı illik hesabat əlbət ki, obyektiv hesabat sayıla bilməz. "
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Əvvəla qeyd etmək lazımdır ki, belə bir hesabatın hazırlanması Amerika kimi bir dövlətin xarici siyasətini müəyyən edən qurumların öz işlərinə nə qədər məsuliyyətsiz və qeyri-ciddi yanaşmaları ilə bağlı olsa da eyni zamanda, həm də bir riyakarlıq nümunəsidir. Belə ki, bu hesabatda ənənəvi olaraq Amerikanın özünə rəqib və ya düşmən saydığı ölkələrin adı bu siyahıda bir daha göstərilib. Təbii ki, orada adı keçən dövlətlərin bir çoxunun qeyd edilən məsələlərlə bağlı problemləri əlbət ki, var. Yəni, Çində müsəlmanlar, o cümlədən bizim soydaşlarımız olan uyğur türklərinə münasibət əlbəttə öz əksini tapmalıdır və bu doğru qeyd olunur. İran kimi digər ölkələrin bu siyahıda olması təəccüb doğurmur. Amma Azərbaycanın adının bu siyahıya salınması tamamilə siyasi məqsədlər üçün atılan bir addımdır. Ən fərqli dini konfessiyaların yan-yana dinc şəraitdə yaşadığı bir ölkə olan Azərbaycana bu iftiranın atılması əlbəttə ki, xüsusi qərəzli bir məqsəd daşıyır. Nəzərə alsaq ki, hesabatda dini tolerantlığa, dini baxışlarına görə təqib olunanlar siyahısına Qubad İbadoğlu və digərlərinin adının salınması əlbəttə ki, bu anlaşılmazlıq yaradır, eyni zamanda, bu hesabatı hazırlayanların nə qədər qərəzli və bilərəkdən belə faktların vasitəsilə Azərbaycana qarşı bir rəy yaradılması anlamına gəlir. Azərbaycanı hansısa məsələlərdə vaxtaşırı itham edən ABŞ-nin özünün nümayəndələrinin, o cümlədən müxtəlif dini konfessiyaların beynəlxalq səviyyədə nümayəndələri hər zaman Azərbaycanın dini tolerantlığını, multikulturalizmin geniş şəkildə tətbiq olunduğu bir ölkə kimi dəyərləndiriblər. Heç zaman bu istiqamətdə Azərbaycana hansısa bir iradlar bildirilməyib. Məsələ yalnız Qarabağ ermənilərinin üzərindən qurulduğuna görə əlbət ki, heç bir halda bu obyektiv sayıla bilməz. Qeyd etdiyimiz kimi bu qərəzli və qeyri-obyektiv riyakar bir münasibətdir. Çünku, ABŞ özü əgər doğrudan da obyektiv bir siyahı hazırlamaq istəyirsə, onda ən azı 30 ildən bəri Azərbaycan ərazilərini işğalda saxlamış, dini-tarixi abidələri təhqir etmiş Ermənistanın da adını ora yazmalı idi. O cümlədən, dini baxışlarına, milli kimliklərinə görə Ermənistandan qovulan yüz minlərlə azərbaycanlı məsələsi gündəmə gətirilə bilərdi, yaxud müsəlman olduqlarına görə bizim soydaşlarımızla bərabər Ermənistan ərazisindən qovulan kürdlər və digər milli azlıqların məsələləri gündəmə heç zaman gətirilmədi. Dünyanın ən monoetnik ölkəsi olan Ermənistanın adı heç zaman ABŞ-nin hesabatlarında yer almadı. Bundan başqa dini tolerantlıq və dözümsüzlük məsələlərinə Amerikanın baxışı yenə də ziddiyyətli və qərəzlidir. Belə ki, Avropada Fransa kimi və başqa dövlətlərdə islam dəyərləri, müsəlmanlara qarşı həyata keçirilən təqib, repressiyalar, təzyiqlər nədənsə bu hesabatlarda heç zaman yer almayıb. Ən azı Fransada müsəlman gəncin öz geyiminə, qiyafəsinə görə polis tərəfindən güllələnərək qəsdən öldürülməsi hadisəsinə ABŞ hansısa bir hesabatında yer vermir, yaxud hal-hazırda ABŞ-nin tərəfdaşlarından biri rolunda çıxış edən Hindistanda son ən azı 10 ildə ultra-millətçi faşist təfəkkürlü Modi hökumətinin müsəlmanlara qarşı həyata keçirdiyi repressiv tədbirlər, təzyiqlər və onlara qarşı aparılan siyasət nədəndə bu siyasətlərdə yer almayıb. O baxımdan ABŞ-nin bu hesabatı bir daha onu göstərir ki, ABŞ Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkməyib, Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmləri yaratmaq haqqında düşünür və ABŞ Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi üçün vasitəçi rolunu artıq itirib. Mən hesabm edirəm ki, ABŞ-nin növbəti dəfə Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərini bir araya gətirmək cəhdi də artıq bu hesabatla fiyaskoya uğramış sayıla bilər. Mən düşünürəm ki, Azərbaycan tərəfi ABŞ-nin bu qərəzli hesabata adekvat reaksiya verəcək. ABŞ-nin vasitəçilik missiyası artıq ciddi şəkildə zədələnib və şübhə altına düşüb. Bu baxımdan yanaşdığımızda bu hesabat qəbuledilməz bir hesabatdır, Azərbaycana qarşı böhtan, qarayaxma və əks-təbliğat kompaniyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir. "