Biz həmişə bilirdik ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və qaytarılmalıdır - Kazım Kazımov

"1985-ci ildə Mixail Qorbaçovun iqtidara gəlməsinin ardından başlatdığı yenidənqurma və aşkarlıq siyasəti təəssüflər olsun ki, Cənubi Qafqazda antiazərbaycancan siyasətinə çevrilmişdir. "

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Belə ki, erməni şovinistlər Moskvanın laqeydliyindən və Moskvanın Cənubi Qafqazdakı prosesləri yaxşı analiz etməməyindən istifadə edərək bir antiazərbaycan kompaniyası başlatdılar. Onlar xüsusən, Qarabağ bölgəsinə göz dikmişdilər. Belə ki, onlar saxtakar bir şəkildə Qarabağın tarixi erməni torpağı olduğunu iddia edirdilər. Qarabağın Azərbaycandan qoparılaraq, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsini tələb edirdilər. Təəssüflər olsun ki, o zamanlar Ermənilərin səsi bizdən daha yüksək çıxırdı. Onların bu haray-həşirləri Azərbaycanın haqq səsini təəssüf ki, batırırdı. Təbii ki, etiraz olaraq da 1988-ci ildən sonra Azərbaycanda geniş bir xalq hərəkatı başladı və xalqımızın milli hisləri yenidən dirçəldi. Xüsusən, biz bilirik ki, Azərbaycan xalqı 1800-cü illərin başlarından bu yana torpaq itirə-itirə, bir-birindən qoparılaraq yaşayan bir xalqa çevrilmişdi. Sərhəd hərəkatı əslində Azərbaycan xalqının həm Qorbaçov iqtidarının laqeydliyinə, həm erməni şovinistlərinin haqsız ədalətinə, həm SSRİ-də baş alıb gedən sosial-iqtisadi proseslərə bir etiraz olaraq azərbaycanlılar Şimalla Cənub arasında sərhəd qurğularını dağıdaraq, hərəkatı başladaraq bütün bunlara öz etirazını bildirmişlər. Ancaq təəssüflər olsun ki, bir şeyi qeyd etmək lazımdır. O zamanlar Azərbaycan Milli Azadlıq hərəkatında olan bəzi liderlər nə bu geniş miqyaslı siyasəti idarə edə biləcək, nə də ki, baş verəcək böyük faciələri önləyəcək şəxslər deyildilər. Ona görə də Azərbaycan xalqının Milli Azadlıq Hərəkatında gedən yolu çox çətin olmuşdur. Biz 20 Yanvarı yaşadıq, bundan əlavə ölkəmiz iqtisadi olaraq çox ciddi böhranla qarşı-qarşıya qaldı. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin faktiki Azərbaycandan qoparılması baş verdi. Azərbaycan xalqı bununla da razılaşmayanda Qarabağ müharibəsi başladı və Azərbaycan böyük torpaq itkisinə məruz qaldı. Onminlərlə vətəndaşımız yaralandı, minlərlə vətəndaşımız həyatını itirdi, bir milyondan çox köçkünümüz yerindən-yurdundan oldu. Ancaq 1993-cü ildə mərhum Ümummilli Lider Heydər Əliyevin iqtidara qayıtmasından sonra Azərbaycanda yenidən bir dövlət funksiyası, dövlət çarxı işləməyə başladı və 1994-cü ildə atəşkəsə nail olmağımız, 1990-cı illərdə Azərbaycanda daxildəki silahlı müxalif qüvvələrin və dağıdıcı qüvvələrin məhv edilməsindən sonra Azərbaycanda siyasi stabillik meydana gəldi. Bundan sonra Azərbayvan "Əsrin Müqaviləsi" kimi ciddi müqavilələrə, 1998-ci ildə Bakı-Tbilisi-Ceyhan müqaviləsinə imza atması iqtisadiyyatımızız dirçəlməsinə səbəb oldu. 2000-ci illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı çox böyük sürətlə irəlilədi. Bu dövrdə Azərbaycan təbii ki, xalq hərəkatından bizə miras qalan missiyaları heç zaman unutmadı. Biz həmişə bilirdik ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və qaytarılmalıdır. Azərbaycanla istər Ermənistan, istərsə də onun havadarları hesablaşmalıdır. Buna görə də 1990, 2000-ci illərdən etibarən biz ordumuzu gücləndirdik. Azərbaycan həm diplomatik beynəlxalq səviyyədə, həm hərbi cəhətdən özünü bu müharibəyə hazırladı. Çünki, biz bilirdik ki, sülh prosesi getdikcə uzanır və 30 illik mənasız danışıqlar dövrünü görürdük. Ona görə də Azərbaycan ordusu gücləndirildi, Azərbaycan iqtisadiyyatı müharibə edə biləcək iqtisadi səviyyəyə gətirildi. Bu səbəbdən biz 2020-ci ildə 44 günlük Vətən Müharibəsində rahat şəkildə qələbəmizi qazandıq. Daha sonra isə bu ilin sentyabrında keçirilən antiterror tədbirlərində də Azərbaycanın suverenliyi bütün Azərbaycan ərazisində təmin edildi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir. Azərbaycan xalqı təəssüflər olsun ki, 100 illər boyunca torpaq itirən, öz həmvətənlərini itirən, müstəqilliyini itirən bir xalq olmuşdur. Ancaq biz 2020-ci ildə bu gedişatı tamamilə dəyişdik və hər kəsə sübut etdik ki, biz itirdiyimizi qazana bilən, zəifləndikdə analiz edib güclənə bilən bir xalqıq. 2024-ci ildən etibarən inşallah Azərbaycanın önündə çox fərqli hədəfləri olacaq. Artıq Azərbaycan işğala məruz qalmayan, öz daxilində qaçqınları və böyük problemləri olmayan ölkədir. Bundan sonra Azərbaycanın inşallah çox-çox fərqli və bütün xalqımızı sevindirən uğurları olacaqdır deyə düşünürəm. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31