Hər kəs bir şuar altında birləşdi: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" - ÖZƏL
30 Dekabr 2023 22:23 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Dünya azərbaycanlılarının həmrəyliyi sərhəd hərəkatından başlayıb. Azərbaycanlıların daha da möhkəmlənməsi, birlikdə hərəkət etməsi, azərbaycanlı olmaqları ilə fəxr etməsi məhz ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlamışdır."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:
"1992-ci ilin 15 iyun Milli Qurtuluş günündən başlanılan bu yol 1993-cü ilin oktyabrın prezident seçkilərində ölkə başçısı seçilməklə daha da inkişaf etdi və artıq azərbaycanlılarımız özləri, dövləti, ölkəsi ilə fəxr edərək, bir-birlərinə dayaq duraraq daha da möhkəm birlik yaratdılar. 90-cı illərdə həm şimal, həm cənub, həm qərb bölgəsində separatizm hökm sürürdü. Azərbaycanı parçalamaq istəyirdilər və ulu öndərimiz Heydər Əliyev bu parçalanmanım qarşısını aldı. Hər kəs bir şuar altında birləşdi: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!". İnsanlar bir-birinə daha möhkəm və iradəli şəkildə bağlandı. 2003-cü ildə Ümummili liderimizin layiqli siyasi davamçısı, möhtərəm cənab Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız İlham Əliyev hakimiyyətə gəldi. Qürurla irəliyə doğru gedən, yumruqtək birləşən azərbaycanlılarımızı qarşıda böyük hədəflər gözləyirdi. Artıq separatçılıq yox idi, ölkə əmin əllərdə idi, sabitlik idi və onları yalnız qələbə gözləyirdi. O qələbəyə çatmaq üçün müəyyən hazırlıqlar lazım idi. Uğura gedən yoldakı hazırlıqlar ideoloji, iqtisadi, hərbi və digər sahələri inkişaf etdirmək, möhkəmləndirmək idi. Təbii ki, çətin və məşəqqətli yol idi. 2016-cı ildəki Aprel döyüşlərində Azərbaycan xalqı, ordusu, gəncləri sınaqdan çıxdılar. 2003 və 2005-ci illərdə Azərbaycan xalqı dövlət çevrilişinə cəhdlərdə böyük sınaqdan çıxmışdılar. Sonradan 2008-ci ildə növbəti prezident seçkilərində yenə də layiqli, Azərbaycanı uğurlu gələcəyə apara biləcək siyasətçiyə səs verərək yenidən cənab Prezidentə etimad göstərdilər. Növbəti prezident seçkilərində insanlarımız yenə də inamını itirmədi. Onlar bilirdi ki, vaxt gələcək Azərbaycan öz qüdrətinə çatacaq. 2016-cı il aprel döyüşlərində xalqımızın birliyi bunu bir daha göstərdi. Daha sonra Tovuz hadisələri və 2020-ci il sentyabrın 27-də, Vətən müharibəsində Azərbaycan xalqı yenidən birləşib, cənab Ali Baş Komandanın, əsgər, hərbiçilərimizin yanında olduqlarını bildirdilər. Belə də oldu. Bu, tarix üçün qısa bir zaman kəsiyidir, ancaq biz təhlil etsək, görərik ki, 200 ildən artıq tarixdə Azərbaycanın öz ərazilərini düşməndən azad edib, geri qaytarmaq məsələsini 2020-ci ildə etdik. Bu, məhz Müzəffər Ali Baş Komandanımızın hakimiyyəti dövründə oldu. Azərbaycan 2023-cü ilin 20 sentyabr tarixində əsrə bərabər bir tarix yazdı. Bu da ərazi bütovlüyünün bərpa oluması, Xankəndi şəhərinin azad olunması idi. Azərbaycan bayrağının orda dalğalanması dövlətimiz, millətimiz üçün çox böyük bir uğur idi. Hesab edirəm ki, artıq Azərbaycan dövlətini və xalqını yeni hədəflər gözləyir. Bu birlik və hədəfimizin bir olması bizi artıq yeni uğurlara aparacaqdır. Təbii ki, xalqımız öz prezidentinin yanında möhkəm dayanaraq Ulu öndərimizin qoyduğu təməllər əsasında ölkəmizi, dövlətimizi daha da inkişaf etdirəcəkdir. Artıq, il, əsr, dövran bizimdir. Bundan sonra ancaq inkişafa, uğura gedəcəyik!"