Ermənistan regiondan uzaqlaşmadan, gec olmadan özü silkələnib, özünə gəlməlidir - Şəbnəm Həsənova - ÖZƏL
30 Dekabr 2023 21:41 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"2023-cü il Cənubi Qafqaz danışıqları prosesində uğursuz il oldu desək, düşünürəm ki, doğru yanaşma olmaz. "
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"2023-cü il bizim üçün olduqca məhsuldar, nəticəyönümlü bir il kimi yadda qaldı. Biz suverenliyimizi təmin etdik ki, bu, tarixi proses və tariximizin ən önəmli mərhələsidir. Uğursuzluğu yaşayan tərəf biz olmamaqla, qarşı tərəf və gözəl şəhərlərdə oturan tərəflər oldu. Fasilə isə Ermənistan tərəfindən süni şəkildə yaradıldı. 20-dən az maddə olmaqla maksimum altı-yeddi səhifədən ibarət kiçik bir sənədə baxmaq 70 gün çəkdi. Təbii ki, sənədə də, maddələrə də baxan, şərh verən, plus-minus qoyan sadəcə Ermənistan deyil. Bu qədər vaxt getməsinə səbəb odur ki, cənab Prezident İlham Əliyevin də ifadə etdiyi kimi bu sənəd gözəl Avropa şəhərlərinə gedir, ordan qayıdır. Ona görə də bu qədər uzun çəkir. Sənədin getməsi və gəlməsi məsafə baxımından nə qədər uzaq olub, vaxt tələb edirsə, eynilə Ermənistanın inkişafı da regiondan uzaqlaşdıqca bir o qədər müşkül vəziyyət alır. 100 minlik erməni 150 min kimi şişirdilirsə, təbii ki, vaxt da elə bur cür uzadılır, yubadılır.
Cənab Prezident İlham Əliyev əsl sülhün nə olduğu formulunu çox aydın şəkildə ifadə etdi. Ermənistan müharibə ritorikasını unutmalı, mövcud situasiya ilə tam barışmalı və Paşinyanın ifadə etdiyi "Dağlıq Qarabağ Azərbaycandır!" ifadəsini reallıqda da nəzərdə tutduqlarına dair qarantiya verməlidir. Dırnaqarası qondarma qurumu xəyallarından silməli və delimitasiyası işinə konstruktiv yanaşmalıdırlar. Odur ki, Ermənistan qütblərarası çəkişmədən hər kəsin öz xeyrinə yararlandığı reallığını dərk edərək istifadə olunmaq kartından çıxmalı, təxribatçı məsləhətlərin dağıdıcı fazaya keçməsinə icazə verməməlidir.
Cənab Prezident çox gözəl ifadə işlətdi ki, Mərkəzi Asiyaya çıxış hansısa ölkə vasitəsilə olmalıdır, qanadlarla deyil. Belə utopik ideallardan Ermənistan da əl çəkməlidir. Region dövlətləri ilə normal münasibət saxlamadan onların başı üstündən, özü də gizli iş görmək nəinki mümkün deyil, bu, ilk növbədə Ermənistana zərər olacaq bir davranışdır. Cəsus şəbəkələri necə ifşa olundusa, bütün əməlləri də eləcə ifşa olunacaq. Yəni, Ermənistana bəzi boğazdan yuxarı sözləri dedizdirən sadəcə olaraq bizim müharibədə qalib gəlməyimizdir. Əks halda bu cəmiyyətin ideologiyası eynidir. Sadəcə bir fakt, Türkiyəyə qarşı ərazi iddiası etmək hansı məntiqə sığır? Deməli, indiki reallıqlar bir daha sübut edir ki, Ermənistan tarixi bir layihədir. Ermənistan bir kartdır ki, onun-bunun üstündə istifadə edirlər.
Münaqişəyə biz çoxdan son qoymuşuq, özü də BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə istinad edərək. Bəzilərinin formal olsa belə beynəlxalq hüquq necə xarici siyasətdə hər bir dövlətin yol bələdçisidirsə, bizim üçün bu, sözdə deyil, reallıqda və icra prosesində əsas meyardır. Ölkə ərazisinə tam nəzarət bizim suveren hüququmuzdur. Odur ki, Ermənistan regiondan uzaqlaşmadan, gec olmadan özü silkələnib, özünə gəlməlidir.
Hətta formal olsa belə sülh sazişi olmalıdır ki, normal qarşılıqlı fəaliyyətə maneçilik olmasın. Yalnız qarşılıqlı fəaliyyətdən sonra iki xalqın bir-birinə yarana biləcək münasibəti aydın olacaq. Lakin Azərbaycan formal hissəni düşünmür. Bizə qarşı revanşizmin olmayacağı ilə bağlı təsdiq edilmiş qarantiya lazımdır. "