Ümid edirəm ki, 2024-cü il sülh ili olacaqdır - İlyas Hüseynov - ÖZƏL
30 Dekabr 2023 19:40 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Baxmayaraq ki, bu il ərzində sülh müqaviləsinin imzalanması ilə bağlı çox ciddi təşəbbüslər irəli sürülürdü. "
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bununla yanaşı olaraq, sülhə qarşı çıxan qüvvələr də öz fəaliyyətlərini davam etdirirdilər. Mənə elə gəlir ki, sülhün formalaşması, sülh müqaviləsinin imzalanması üçün yaxşı imkanlar bu gün də mövcuddur. Xüsusilə, Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistanın Baş nazir Aparatı arasında əldə olunan razılaşmaya dair bəyanat məhz sülh ehtimallarını kifayət qədər inkişaf etdirdi. Eyni zamanda, Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammitində ayaqüstü söhbətlər, diplomatik jestlər, fotolardan və video görüntülərindən əxz olunan nəticələr onu deməyə əsas verir ki, məhz indiki dövrdə də sülhə dair çox müsbət bir mövqe vardır. Azərbaycan və erməni rəsmilərinin çıxışlarında da biz bunu görə bilirik. Bu onu deməyə əsas verir ki, sülh müqaviləsi imzalana bilər. İrəvan tərəfindən konstruktiv mövqe ortaya qoyulmalıdır. Məhz rəsmi açıqlamalar da bunu göstərir ki, konseptual bir çox məsələlər öz həllini tapıb. Yalnız əldə olunan razılaşmaları hüquqi zəmində bərkitmək, digər problemli görünə bilən məsələlərin həlli üçün də möhkəm siyasi iradə tələb olunur. Çox ümid edirəm ki, 2024-cü il sülh ili olacaqdır, sülh Cənubi Qafqazda bərqərar olunacaq. Böyük, çətin və tarixi missiyanın da öhdəsindən gəlmək Müzəffər Ali Baş Komandan İlham Əliyevə müyəssər olacaqdır. "