Hər halda, hazırda məsələ daha çox Ermənistandan asılıdır - Oqtay Qasımov - ÖZƏL
30 Dekabr 2023 18:19 Siyasət"Əlbəttə ki, başa çatan bu ildə Azərbaycan-Ermənistan arasında danışıqlar müəyyən fasilələr və intensivliklə davam edib."
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu ilin fevral ayından başlayaraq ABŞ və Qərb formatlarında proses davam edib, iyul ayına qədər danışıqlar prosesi aparılıb. Hələ o zaman da bəyan olunmuşdu ki, proseslə təxminən 70 faizə yaxın məsələlər öz həllini tapıb. Sonrakı dövrdə məlum səbəblərdən prosesdə ləngimələr oldu, xüsusilə də bir günlük antiterror əməliyyatlarından sonra Qərb formatlarında Azərbaycana qarşı qərəzli mövqe və prosesi əngəlləmək cəhdləri sülh danışıqlarına da öz təsirini göstərdi. Qeyd etdiyimiz kimi Qərb formatlarının Azərbaycana qarşı qərəzli münasibətindən dolayı sonrakı dövrdə Azərbaycan Kanadada, Vaşinqton və Brüssel görüşlərində iştirak etmədi. Noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana müraciət edərək birbaşa danışıqlar təklifini irəli sürdü. Bu təkliflər üzərindən keçən ayın sonunda sərhəddə delimitasiya komissiyasının görüşü keçirildi. Bunun ardınca 7 dekabrda birbaşa danışıqlar nəticəsində humanitar məsələlər öz həllini tapdı. Bu addımlar prosesdə pozitiv bir istiqamətə işarə idi, müəyyən nikbinlik yaradırdı. O cümlədən, bir neçə gün öncə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Peterburqda ayaqüstü görüşündə də sülh məsələləri müzakirə olundu. Hazırda belə bir inam var ki, 2024-cü ildə proseslər normal axarı ilə davam etsə və Ermənistan konstruktivlik, siyasi iradə nümayiş etdirsə sülh prosesində nəticəyə gəlmək mümkündür. Hər halda, hazırda məsələ daha çox Ermənistandan asılıdır. Çünki, Ermənistana kənar təsirlər kifayət qədər çoxdur. Xüsusilə də, Fransa və digər ölkələr Ermənistanın sülh prosesini əngəlləməklə bağlı təşviq edirlər, eyni zamanda onu silahlandırmaqla məşğuldurlar. Bu da bütövlükdə prosesə mənfi təsir edən amil kimi dəyərləndirilə bilər. "