Hazırda əsas çağırışlardan biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır- ÖZƏL
30 Dekabr 2023 09:43 Siyasət"Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bu çağırışın tarixi Zəfərimizdən sonra daha da aktuallaşdığı diqqətdən kənarda qalmır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, təkcə 2023-cü il çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfəri çərçivəsində keçirdiyi görüşlərə, iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarına diqqət yetirsək Azərbaycanın iqtisadi inkişafı fonunda enerji siyasətimizin uğurlarına xüsusi diqqət yönəldilir, neft və qaz ilə yanaşı, bərpaolunan enerji potensialımız barədə də geniş məlumat verilir: "Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və Anlaşma Memorandumlarına əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda "Masdar" şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatdırılması hədəflənib. Bir neçə ildən sonra azad edilmiş ərazilərimizdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək".