Kennedinin açıqlamaları prezident seçkilərində erməni lobbisinin səsini qazanmaq məqsədi daşıyır - Sahil Kərimli - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca bir çox siyasi dairələrdə manipulasiyalar artmaqdadır. Prezidentliyə namizədlər artıq öz seçki platformalarını açıqlayırlar."

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

Bu günlərdə prezidentliyə namizəd Robert K.Kennedi belə bir açıqlama ilə çıxış edib ki, o Ermənistanı müdafiə edir. Kennedi həmçinin Azərbaycanı da haqsız və ədalətsiz formada ittiham edib və Azərbaycana qarşı müəyyən ittihamlar irəli sürüb. Güya, Ermənistana qarşı Azərbaycan hansısa təcavüz edib, yaxud da müəyyən qədər etnik təmizləmə siyasəti həyata keçirib. Əlbəttə ki, bütün dünya bunu yaxşı bilir ki, Azərbaycan öz suveren ərazilərini bərpa edib, ərazi bütövlüyünü təmin edib. Heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Əlbəttə ki, Robert Kennedinin bu məsuliyyətsiz açıqlaması və bəyanatı yol verilməz və qəbul edilməzdir. Bütün dünyanın gözü qarşısında Azərbaycan öz haqlı və ədalətli mövqeyini qoruyub, saxlayıb. Bundan sonra da Ermənistanın işğalçılıq siyasətinin bölgədən silinib atılması üçün, sülh və təhlükəsizliyin əldə olunması üçün Azərbaycan nə lazımdırsa edəcək. Məlum olduğu kimi, ABŞ-da erməni lobbisinin gücü çoxdur və Kennedinin bu açıqlamaları qarşıdakı prezident seçkilərində erməni lobbisinin səsini qazanmaq və daha çox daxili auditoriyaya işləmək məqsədi daşıyır. Hesab edirəm ki, bunun da heç bir nəticəsi olmayacaq. Çünki, erməni lobbisinin və ya Amerikada prezidentliyə namizəd olan hər hansı bir şəxsin açıqlamasından asılı olmayaraq Azərbaycan öz qətiyyətli siyasətini davam etdirir. Azərbaycan Cənubi Qafqazda dayanıqlı və uzun müddətli sülh və təhlükəsizliyə nail olmaq istəyir. Ermənistanla mehriban qonşuluq və sülh şəraitində yaşamağı hədəfləyir. Bu da Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmasından və sülh müqaviləsini imzalamasından keçir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31