Biz erməniləri təkcə Cənubi Qafqazda məğlub etməmişik - Xəyal Bəşirov - ÖZƏL
29 Dekabr 2023 22:49 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Biz Qərb ölkələrindən prezident və ya digər seçkilər zamanı belə kompaniyaların şahidi oluruq. Bunların çoxu çox zaman uğursuz nəticələnir. Əslində ABŞ elə bir dövlətdir ki, orda dövlət siyasətində ciddi dəyişiklik etmək iqtidarında olan şəxslər olmur. ABŞ-də sistem işləyir. Sadəcə respublikaçılar və yaxud demokratların hakimiyyətə gəlməsindən asılı olmayaraq dövlətin siyasi kursu var. O siyasi kursda ciddi dönüş, dəyişiklik etmək mümkün deyil."
Bu sözləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:
"Hər bir halda təbii ki, hər bir liderin müəyyən məsələlərdə müəyyən dövlət siyasəsətinin müəyyən istiqamətləri üzrə dəyişik siyasi kursu ola bilər. Amma, ümumilikdə dövlətin əsas siyasi kursu ilə bağlı ciddi dəyişiklik olmur. Nəzərə alsaq ki, ABŞ-da erməni diaspora və lobbi təşkilatları hələ də çox ciddi təsirə malikdirlər, necə ki Fransa da belədir. Fransada Emannuel Makron erməni diaspora və lobbi təşkilatlarının təsiri altında olan bir şəxsdir və onların dəstəyi ilə hakimiyyətə gəlib. Hazırkı dönəmdə ermənilərin ikinci Qarabağ müharibəsində acı məğlubiyyətindən, darmadağın olmasından və o cümlədən də, onlarda paralel olaraq erməni diaspora və lobbi təşkilatlarının Azərbaycan qarşısında məğlubiyyətindən sonra bu reallıq ciddi şəkildə dəyişilib. Biz erməniləri təkcə Cənubi Qafqazda məğlub etməmişik. Biz ümumilikdə dünya ermənilərini və onlara dəstək göstərən dövlətləri məğlub etmişik. Biz bunu Fransanın da timsalında görürük ki, Ermənistan tərəfi bizim qələbəmizlə barışdığı təqdirdə, Fransa bunu heç cürə qəbul edə bilmir. Deməli, Azərbaycan təkcə Ermənistan və onun silahlı qüvvələri üzərində deyil, bir sıra digər pərdəarxası qüvvələrin üzərində qələbə çalıb. Bizim qələbəmizin təsiri həmin qüvvələrə ciddi şəkildə toxunub. ABŞ-də ermənipərəst mövqe ortaya qoyan Robert F.Kennendinin mövqeyi təbii ki, müəyyən mənada Azərbaycan dövlətini, xalqını narahat edir. Amma hər bir halda biz bilirik ki, bu yenilik deyil. ABŞ-dən bu günə qədər də Azərbaycana qarşı belə addımlar atılıb. ABŞ-nin 907-ci düzəlişi etməsi əslində, bu mövqedən daha kəskin mövqedir. ABŞ-nin zamanında Azərbaycanın Qarabağ ərazisində olan cinayətkar ünsürlərə mina məsələsi ilə bağlı yardım göstərməsi təbii ki, daha ağır addımdır, nəinki Robert F.Kennedinin belə mövqe sərgiləməsi. ABŞ-nin son zamanlar ermənistana münasibətdə yürütdüyü siyasət də proseslərə ciddi təsir göstərməyib. Düşünürəm ki, ABŞ-nin hazırkı dönəmdə nüfuzu heç də əvvəlki kimi yüksək sürətlə inkişaf etmir. Təbii ki, Azərbaycan kimi dövlətlərlə münasibətlərinin normallaşdırılması ABŞ-ə daha çox lazımdır. Ən azından Azərbaycan bu gün ABŞ üçün ən həssas regionlardan olan İranın, Rusiyanın, Türkiyənin yerləşdiyi, Şimal, Cənub, Şərq, Qərb və Şimal-Qərb dəhlizinin, İslam və Xristian dünyasının qovşağında yerləşən Cənubi Qafqaz və onun dominant qüvvəsi olan Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə daha maraqlı olmalıdır. Bu gün biz Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində çox ciddi addımlar artır. Təbii ki, onun müəyyən seqmentləri müəyyən dövlətləri narahat edir. O dəhliz tam fəaliyyətə başladıqdan sonra onun əhəmiyyəti, dünya iqtisadiyyatına, enerji coğrafiyasına, enerji daşınmasına, logistika xidmətlərinə verəcəyi töhfə mövqelərdə ciddi dəyişikliyə səbəb olacaq. Düşünürəm ki, bu şəxsin sadəcə prezident seçkilərinə hesablanmış təbliğat və təşviqat kompaniyasının tərkib hissəsidir. Gələcəkdə Cənubi Qafqaz və Cənubi Qafqazla bağlı reallıqları görəcək şəxlər təbii ki, tamamilə fərqli düşünəcəklər. Hesab edirəm ki, ABŞ hazırkı məqamda Əfqanıstandakı məğlubiyyətindən, Ukraynadakı uğursuzluqlarından, Çinlə münasibətlərinin gərginləşməsindən, Yaxın Şərqdə İsrail dövlətinin, Yəhudi xalqının saldıqları o böyük oyundan heç də üzü ağ çıxmadıqları vəziyyətdə, Səudi Ərəbistanla, İranla və bir sıra digər dövlətlə münasibətlərinin gərgin olduğu bir dönəmdə uzaq düşüncəli siyasətçilər tərəfindən Azərbaycanla, Cənubi Qafqazla münasibətlərinin pisləşməsinə maraqlı olmamalıdır. Təbii ki, olacaqsa, bu ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Çünki, məsələlər ABŞ-də, Avropada və digər paytaxtlarda, dövlətlərdə həllini tapmır. Cənubi Qafqazla bağlı məsələlər Cənubi Qafqazın özündə həllini tapır. Buna da ciddi təsir göstərmək mümkün deyil. Düşünmək lazımdır ki, ABŞ gələcəkdə özünün fövqəl gücünü qoruyub saxlamaq üçün region dövlətləri ilə münasibətlərini müsbət məcrada inkişaf etdirməlidir. Əks halda, ABŞ-nin hazırkı gücünü təmin edən proseslər onun maraqlarına zidd istiqamətdə inkişaf edəcək. Bu da bizdən daha çox ABŞ-nin özünün maraqlarına ziddir."