Serbiya üçün Kosova onun ərazisinin bir parçasıdır - Sultan Zahidov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qərbin, daha dəqiq desək, Amerikanın Soyuq müharibədən sonrakı dönəmdə əsas xarici siyasət məqsədlərindən biri də Rusiyanı zəiflətmək olub."

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Rusiyanı zəiflətmək yönündə ABŞ-nin həyata keçirdiyi strategiyalar sırasında Rusiyanın müəyyən nüfuz sahibi olduğu ölkələrdə "rəngli inqilab"-lar həyata keçirərək çevrilişlərə nail olmaqdır. Biz bunun örnəyini 2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı" ilə, 2004-cü ildə Ukraynada "Narıncı inqilab" ilə gördük. Hər iki ssenaridə biz Qərb dəstəkli rejimlərin inqilabla hakimiyyətə gəlməsinin şahidi olduq. Əsas məqsəd Rusiyanın postsovet məkanında, o cümlədən də Balkanlarda və digər nüfuz dairəsi ərazilərindəki təsirini, gücünü azaltmaqdan, Rusiyanı zəiflətməkdən ibarətdir. O ki, qaldı Serbiya məsələsinə, qeyd etmək lazımdır ki, Serbiya daim Balkanlarda Rusiyanın əsas dayaq nöqtəsi olub. "Soyuq müharibə" dönəmində belə Rusiyanın daim dəstəklədiyi iki ölkə arasında münasibətlər həmişə artan istiqamətdə inkişaf edib. Serbiya Rusiyanın Balkanlarda bir növ forpostu rolunda çıxış edib. Bu baxımdan, Balkanlarda baş verənləri biz həm də Rusiya-Qərb geosiyasi çatışması fonunda nəzərdən keçirməliyik. Sırf Slobodan Miloşeviç məsələsinə baxdıqda, o əslində bir diktator idi və "dəmir yumruqla" ölkəni idarə edirdi. Yuqoslaviyadakı digər milli azlıqlara qarşı çox qəddar davranışları ilə seçilən bir dövlət başçısı idi. Biz heç də deyə bilmərik ki, Miloşeviç bütün xalqın istəyini təmin edən bir şəxs idi. Amma bununla belə NATO-nun 1999-cu ildə Yuqoslaviyaya müdaxiləsi əslində leqal deyildi, beynəlxalq hüquqi əsası yox idi. Məhz bu müdaxilədən sonra Kosovaya NATO qüvvələri yerləşdirilmiş və nəticədə də 2008-ci ildə Kosova müstəqilliyini əldə etmişdir. Xatırlatmaq istəyirəm ki, 2008-ci ilə kimi Kosovada Azərbaycanın da NATO daxilində sülhməramlı qüvvələri fəaliyyət göstərsə də, 2008-ci ildə Kosovanın müstəqilliyindən sonra həmin qüvvələr oranı tərk etmişdilər. Bu da Azərbaycanın Kosovanı tanımamağından, ümumiyyətlə, hər hansı bir separatizmi dəstəkləmədiyindən irəli gəlir. İndiki halda biz görürük ki, bütün Qərb o cümlədən, Almaniya, Fransa, ABŞ Serbiyanı hər vəcdlə sıxışdırmağa çalışırlar ki, Serbiya Kosovanı tanısın. Amma reallıq odur ki, Serbiya üçün Kosova onun ərazisinin bir parçasıdır. Necə ki, Azərbaycan daima Qarabağı geri almaq istəyib, Serbiyanın da məqsədi Kosovanı yenidən öz tərkibinə geri qaytarmaq olub. Bu onun xarici siyasət prioritetlərindən biridir. Heç bir halda nə Serbiya hökuməti, nə də xalqı buna razı olmaz. Biz görürük ki, Qərb Serbiyanı Rusiyadan uzaqlaşdırmaq, Rusiyanın oradakı dayaqlarını zəiflətmək üçün hər vəcdlə Serbiyanı şantaj edir, eyni zamanda müxtəlif yollarla, təxribat və sabotaj yolları ilə Serbiyada hakimiyyət çevrilişi həyata keçirməyə çalışırlar. Ən son Serbiyada baş verən parlament seçkilərində hazırki Prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi partiyanın qalib gəlməsindən sonra insanların meydanlara çıxması və Belqrad meydanlarında baş verən iğtişaşların arxasında da bu baxımdan Qərbin olması istisna olmamalıdır. Çünki, həm Almaniya, həm Fransa Vuçiçin hakimiyyətdən getməyini istəyirlər. Burada da əsas məqam Vuçiçin Rusiya hakimiyyəti Putinlə yaxın münasibətlərə malik olmasıdır. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31