ABŞ və Avropa İttifaqı Serbiyaya Rusiya ilə bütün əlaqələrini kəsməsi üçün təzyiq göstərir - Elmir Səftərov - ÖZƏL
28 Dekabr 2023 21:21 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Dünyada baş verən proseslərə ikili standartlar nümayiş etdirən Qərb nüfuz dairəsini genişləndirmək üçün eyni siyasət xəttinə sahib və əməkdaşlıq etdiyi ölkələrdə olan qanunsuzluqlara səs çıxarmır."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Onun diqtəsi ilə hərəkət etməyən, mənafeyinə zidd davranan dövlətlərin isə daxili işlərinə müdaxilə etmək üçün bütün imkanlardan istifadə edir. Daxildə iğtişaşlar, mitinqlər, silahlı qarşıdurmaları yaradır və alovlandırır. Belə ki, dekabrın 24-də Serbiyada seçki nəticələrinə etiraz edən qərbyönlülərin aksiyaları başlayıb və sonradan iğtişaşlara çevrilib.
Serbiyadakı bu proseslərə bir neçə aspektdən yanaşmaq olar.
Aydındır ki, ölkədəki seçkilər beynəlxalq qurumların, Avropa təşkilatlarının və rəsmilərinin gündəmində idi. Çünki Qərbin Serbiyaya münasibəti birmənalı deyildi və Kosovo məsələsinə görə Belqrada daha çox təzyiq edilirdi.
Serbiya Avropa İttifaqına (Aİ) üzvlük prosesində irəlləsə də, bu Belqrad üçün elə də asan deyil. Çünki bunun üçün Serbiya-Kosovo münasibətlərinin normallaşması və tərəflərin bir-birini tanıması lazımdır. Amma hazırkı vaxtda bu real görünmür.
Bundan başqa, Belqradın Rusiya ilə əlaqələri də Avropa və ABŞ tərəfindən müsbət qarşılanmır. Serbiyanın Rusiyaya qarşı sanksiyalara dəstək verməməsi də Qərbi narahat edən məsələlərdəndir.
Eyni zamanda, Serbiyanın Baş naziri Ana Brnabiçin gözlənilən iğtişaşlarla bağlı məlumatlara görə Rusiya kəşfiyyat xidmətlərinə təşəkkür etməsi də bu məsələdə Qərbin əli olmasına işarədir.
Sirr deyil ki, ABŞ və Avropa İttifaqı Serbiyaya Rusiya ilə bütün əlaqələrini kəsməsi üçün təzyiq göstərir.
Bu baş vermədikdə isə Serbiyada ən uyğun vaxtda - seçki nəticələrindən sonra iğtişaşlar üçün zəmin yaradılır. Bundan əlavə, Qərbin nüfuzlu ölkələrinin seçki nəticəsi ilə bağlı münasibəti də baş verən proseslərdə özünü əyani şəkildə göstərir."