Hansı ölkə ABŞ və Qərbin təlimatlarına uymursa... - Elçin Xalidbəyli - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"ABŞ və Qərb demokratiya və insan haqları kimi dəyərlərdən yalnız öz maraqlarını təmin etmək üçün istifadə edir. ABŞ və Qərb üçün heç bir dövlətin və xalqın taleyi qətiyyən önəmli deyil."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Bu, dəfələrlə sübuta yetirilmiş reallıqdır. Əgər, bir ölkə ABŞ-ın və Avropa Birliyinin istəklərini yerinə yetirirsə, həmin ölkəni demokratik dövlət kimi təqdim edirlər. Ancaq hər hansı ölkə ABŞ və Qərbin təlimatlarına uymursa, həmin ölkə dərhal diktatura rejiminin hökm sürdüyü dövlət kimi göstərilir.
Serbiyaya gəldikdə isə, rəsmi Belqrad ABŞ və Qərbin Ukrayna savaşında tutduğu mövqeni dəstəkləmir. Serbiya Rusiyaya qarşı sanksiyaları ədalətli hesab etmir. Üstəlik, Rusiya ilə siyasi-iqtisadi münasibətlərini əvvəlki kimi davam etdirməkdə israrlı davranır. Ona görə də, hazırda Serbiyada hakimiyyətdə olan siyasi qüvvələri Rusiya yönümlü hesab edən ABŞ və Qərb bu ölkədə dövlət çevrilişi etməyə çalışır. Serbiyada son baş verən hadisələr məhz ABŞ və Qərbin xüsusi xidmət servisləri tərəfindən idarə edilən siyasi düşərgə tərəfindən törədilib. Ancaq Serbiya xalqının mövcud hakimiyyəti dəstəkləməsi hələlik ABŞ və Qərbin iğtişaşlar yolu dövlət çevrilişi etmək cəhdlərini puça çıxartmaqdadır. Baş verən hadisələr onu göstərir ki, ABŞ və Qərb bütün ölkələrdə özlərinə uyğun hakimiyyətlər formalaşdırmaqla, faktiki olaraq, bütün dünyada qlobal müstəmləkəçilik modelinə nail olmağa çalışır. Demokratiya və insan haqları kimi dəyərlər isə ABŞ və Qərbin qlobal müstəmləkəçilik planlarında məkrli niyyətləri gizlətmək üçün istifadə olunan "ideoloji çətir"dən başqa bir şey deyil. Əks halda, ABŞ, Fransa və s. Qərb ölkələri özləri də demokratiya və insan hüquqlarına riayət edərdilər. Halbuki, nə polisin qaradərili vətəndaşları qətlə yetirdiyi ABŞ və nə də qeyri-fransızları, xüsusilə də qaraçıları ölkədən qovan, Afrikada soyqırımlar törədən Fransa demokratiya ilə öyünə bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31