Bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır
28 Dekabr 2023 14:00 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dünya azərbaycanlıları bu tarixi Zəfərlə əbədi fəxr edəcəklər
Bu il xalqımız növbəti tarixi hadisələrə şahidlik edib. 21 dekabr tarixində Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında keçirilən qarşılaşmaya baxmaq üçün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın stadiona gəlməsi, dövlət başçısının burada oyundan əvvəl möhtəşəm çıxışı xalqımızın böyük sevincinə səbəb olub.
İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. Qəhrəman şəhidlərimizin uşaqlarının, ailə üzvlərinin stadiondan canlı izlədiyi oyun Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulub və sonra Azərbaycanın vəsaiti hesabına memarlarımız və inşaatçılarımız tərəfindən böyük şəhər yaradılıb. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salaraq separatizmin rəmzinə çevirmişdilər. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edilib. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin edib. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu tarixi Zəfərlə əbədi fəxr edəcəklər.
Xankəndi şəhərində, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi stadionu cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilib, əsaslı təmir olunub. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atılıb. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
"Qarabağ" - MOİK oyunun nəticəsindən asılı olmayaraq qalib Azərbaycan xalqı və dövlətidir. Bu qarşılaşma təbii ki, böyük rəmzi məna daşıyır. Ordu-Xalq birliyi tarixi Zəfərimizin əsas mənbəyidir.
Dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırılıb. Bu il sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edilib. Oktyabrın 15-də bütün bu şəhərlərdə Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını ucaldıb. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Azərbaycanın Ordusunun Zəfər paradı keçirilib. Dekabrın 21-də isə bu gözəl idman bayramını xalqımız böyük məmnuniyyətlə qeyd etdi.
Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar burada əbədi yaşayacaq. Yaşasın Qarabağ, şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri