Qərb və Rusiya arasında toqquşmalar növbəti bir məkana - Serbiyaya keçməkdədir - Oqtay Qasımov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Ümumiyyətlə, Qərb onun siyasətinə uyğun olmayan, yaxud onun tələblərini yerinə yetirməyən hakimiyyətlərə, dövlətlərə qarşı müəyyən planlar həyata keçirir. "

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Həmin ölkələrdə hakimiyyət dəyişikliyi üçün müxtəlif variantları sınaqdan keçirir. Son 20 ildə bu daha çox xalq, küçə etirazları ilə müşahidə olunan hakimiyyət dəyişiklikləridir ki, bunu ilk dəfə 2003-cü ildə Gürcüstanda, ardınca Ukrayna, Qırğızıstan və digər ölkələrdə həyata keçirməyə çalışıblar. Bundan əvvəl isə Serbiyada daha bir dəfə xalq etirazları ilə hakimiyyət dəyişikliyi həyata keçirilmişdir. O zaman da Koştunitsanın rəhbərliyi ilə xalq etirazlarının nəticəsində Slobodan Miloşeviç istefa verməyə məcbur edilmişdi. Son 2 ildə Serbiya ilə Qərb arasında münasibətlər müəyyən qədər gərginləşmişdir. Bunun iki səbəbi vardır. Birincisi, Serbiyanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirak etməməsi, ikincisi isə Serbiyanın Kosova ilə bağlı mövqeyindən imtina etməməsidir. Bu iki məsələ ciddi şəkildə Qərbdə narazılıq doğururdu. Məhz bu baxımdan da Qərb liderləri Serbiyada hakimiyyət dəyişikliklərini həyata keçirməyə çalışır. Bunun belə olacağı bir neçə müddət öncədən də hiss olunurdu. Belə ki, Serbiya Prezidentinə Kosovanın müstəqilliyini tanımaqla bağlı qərar qəbul etməyə çağırış edilmişdir. Bundan öncə Serbiyada keçirilən seçkilər və Vuçiçin partiyasının seçkiləri udması Qərbdə ciddi narahatlıq yaratdı. Öz tərəfdarlarının vasitəsilə prosesə start verildi deyə bilərik. Amma hal-hazırda bu gərginlik davam etməkdədir. Artıq Qərb və Rusiya arasında toqquşmalar növbəti bir məkana - Serbiyaya keçməkdədir deyə bilərik. Nəticəsini isə hər halda gözləyəcəyik, yəqin bir müddət sonra mənzərə tam şəkildə aydınlaşacaq. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31