"Rəngli inqilab" ssenarilərinin növbəti hədəfi Serbiya olaraq müəyyənləşib - Tural İsmayılov - ÖZƏL
27 Dekabr 2023 15:55 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Serbiya ətrafında çox ciddi oyunlar gedir. "
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu gün nəzərə almaq lazımdır ki, kollektiv Qərb imperialist dairəsini öz coğrafiyasında da genişləndirməyə çalışır. Serbiya, Macarıstan kimi Qərb imperializminin oyuncağına çevrilməyən və ümumiyyətlə, vahid amerikan mərkəzli siyasətdən imtina edən ölkələrdə qarışıqlıq yaratmağa çalışırlar. Bu baxımdan biz görürük ki, kollektivçi qərarlar verməyən, imperializm və istila siyasətindən imtina edən ölkələrin daxilində siyasi gərginlik ocaqları yaratmağa çalışırlar. Əvvəlcə Kosova məsələsi ətrafında NATO Serbiyanı ciddi sıxışdırmağa başladı. Sonrakı dövrlərdə isə demokratiyaya qarşı sui-qəsd həyata keçirildi. Təbii ki, bütün bunlar Serbiyaya qarşı aqressiyanın güclənməyinə səbəb olur. Qərb imperializmi indi Vuçiçə təzyiq göstərməyə çalışır. Əslində özgə vaxt demokratiyadan danışan kollektiv Qərb Serbiya xalqının seçiminə hörmət etmir. Bu gün Serbiyada xalqın böyük əksəriyyəti Vuçiçin Serbiyanın gələcək iqtisadi-siyasi fəallığı üçün atdığı addımların fərqindədir. Ona görə də sonuncu seçkilərdə yekdilliklə Vuçiçin qələbəsinə xalq tərəfindən çox böyük stavka edildi. Bunu qəbul etməyən bir çox qüvvələr Vuçiçi devirmək və Serbiyada digər Avropa İttifaqı ölkələrində olduğu kimi marionetka rejimlər formalaşdırmağa çalışır. Ona görə də "rəngli inqilab" ssenarilərinin növbəti hədəfi Serbiya olaraq müəyyənləşib. Əslində, Serbiyanın peşəkar güc strukturları daha öncədən belə bir hadisənin olacağını bilirdilər. Xaricdən Serbiyanın dostlarının etdiyi çağırışlar və xəbərdarlıqlar da Serbiyanın prosesin qarşısını almaqda nə qədər peşəkar olduğunu göstərdi. Bu gün Serbiya hakimiyyəti ölkə əleyhinə qurulan bu təhlükəli planın fərqindədir. Ona görə də bu tip təhlükəli tendensiyaların arealının genişlənməyinə icazə verməyəcək. "