Balkan regionunda üç nəhəngin rəqabəti gedir...- Aqşin Kərimov - ÖZƏL
27 Dekabr 2023 14:58 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Qərb Serbiyanı Avroatlantik məkanın rəsmi tərkib hissəsi etməkdən ötrü Kosovo kartını dövriyyədə tutur. "
Bu fikirləri politoloq Aqşin Kərimov Olaylar.az-a açıqlamasında bildirib:
"Rusiya da Kosova kartını Serbiyanın ərazi bütövlüyü çərçivəsində qiymətləndirərək Qərbə qarşı kozurlar formalaşdırır.
Rusiyanın Serbiyada təsirləri genişdir, Çinin də bu ölkədəki maraqlarının həcmi şişib, Qərb bir növ Moskva ilə Pekinlə geosiyasi mübarizənin istiqamətlərini Serbiyada davam etdirir.
Qısası, Serbiya vasitəsilə təhlükəsizliyi ip üzərində olan Balkan regionunda üç nəhəngin rəqabəti gedir.
İndi üçün əsasən Qərb və Rusiya bir-birini gözləmə qapısında qoyub Serbiyada alətlər yaratmaqda çox həvəslidirlər.
Rusiya üçün münbit şərait odur ki, Serbiyadakı hakimiyyət Moskvanın geosiyasi kursuna dəstək göstərir və görünür ki, bunun müqabilində Belqrad Kremldən Kosovonun birləşdirilməsi üçün dəstək gözləyir.
Geosiyasi dividendlər qazanmaq uğrunda Qərblə Rusiyanın Serbiyada üz-üzə gəlməsi Kosovo ilə əlaqəli mübahisələrin və ya hərbi insidentlərin artacağını istisna etmir .
Rusiya və Qərb elə siyasət qururlar ki, rəqabətdə qəfil "sürprizlərə" yaxalama təmayülləri yaransın. Serbiyanın isə xarici siyasətinin gələcəkdə hansı kursu izləyəcəyini təyin etmək o qədər də çətin deyil. Aleksandr Vuçiç hakimiyyətdə olduğu dönəmdə Serbiya Rusiya ilə Qərb arasındakı nisbi balansı birincinin xeyrinə doğru tamamilə dəyişə bilər.
Kosovo isə qaynar qazan olaraq qalmağa davam edəcək və rəqabətin şiddətindən doğan qığılcımlar Kosovoda daha aydın hiss olunacaq. "