Rəngli inqilab ssenarisi Serbiyaya da tətbiq olunmağa çalışılır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Serbiyada baş verən hadisələr əlbəttə ki, bütövlükdə götürəndə Şərqi Avropa və keçmiş sovet regionu üçün maraqlıdır. Ona görə ki, bir qayda olaraq bu cür hərəkatlar məhz bu coğrafiyada baş verib, hətta deyərdim ki, başlayıb və sonradan növbəti dövlətlərə, ölkələrin ərazisinə ötürülüb".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Serbiyada baş verənlər, əlbəttə ki, bizim üçün də maraqlı məsələdir. Həm də ona görə maraqlıdır ki, Azərbaycanın Serbiya dövləti ilə çox yaxın, isti münasibətləri var. Bu iki dövlət, özəlliklə də beynəlxalq platformalarda bir-birini yaxından dəstəkləyir və əlbəttə ki, belə bir şəraitdə Serbiyanın qarışması bizə sərf edən məsələ deyil. O baxımdan, hadisələri çox yaxından və diqqətlə izləyirik. Yəni burada da bizim alışdığımız, gördüyümüz Gürcüstandakı, Ukraynadakı, yaxud da Qırğızıstandakı bir zamanlar, eyni zamanda Ermənistandakı proseslərə bənzər proseslər gedir. Yəni göz qarşısında biz görürük ki, rəngli inqilab ssenarisi buraya da tətbiq olunmağa çalışılır. Niyə belə edilir? Ona görə edilir ki, Serbiya bir çox məsələlərdə özünün müstəqil siyasəti ilə fərqlənir, yəni bir dövlət olaraq Qərbin hökm etməyə alışmış mərkəzləri ilə uzlaşa bilmir, yaxud onların çaldığına oynamır. Ona görə də ölkəni bu cür içəridən qarışdırmağa çalışırlar. Əlbəttə ki, Serbiya xalqının özünün seçimi hər şeydən vacibdir, üstündür və təbii ki, Azərbaycan kimi bir dövlət onların daxili işinə qarışa bilməyəcək və bilməz də. Amma ümumilikdə götürəndə bizim üçün maraqlı olan, az öncə də qeyd etdiyim kimi, bizə yaxın olan, bizimlə bir çox məsələlərdə rahat anlaşa bilən, eyni zamanda qarşılıqlı şəkildə maraqların təmin edilməsində yaxından dəstək olan Serbiyanın qarışdırılması yolverilməzdir. O baxımdan ümid etmək istərdik ki, Serbiya dövləti və onun prezidenti Vuçiç bu məsələdə yetərincə dəyanət və dözüm nümayiş etdirəcək və xaricdən ölkəyə gətirilməyə çalışılan rəngli inqilabın qarşısını ala biləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31