Fransanın nüfuzu onsuz da yerlərdə sürünür...-Şəbnəm Həsənova- ÖZƏL
27 Dekabr 2023 10:03 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Otuz ilə yaxın zamanda Fransa özünü nə qədər kamfulyaj edirdisə, indi nə etsə də gerçək üzünü gizlədə bilmir. "
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Fransa özü də aydın bilir ki, bizim regionda heç nə itirməyib, heç nə də qazana bilməyəcək. Amma nə axtardığını sadəcə o yox, biz də əla bilirik. Olmayan, saxta demokrat imicini daha da zədələməmək üçün Fransa nəinki ciddi səylər göstərməli, onların uğurlu olması üçün Fransa-Azərbaycan böhranının kəskin diaqnozunu da məhz özünün qoyması vacibdir. Çünki, diaqnoz qoyulmadan heç bir xəstəliyin əlacı yoxdur. Fransanın xəstəliyinin isə tarix boyu bircə adı var, o da doyumsuzluq. Nə bizdə o göz yoxdur ki, nəyisə Fransaya keçək, nə də heç nəyimiz artıq düşməyib ki, Fransanın qarnını doyuraq. Ermənilərin təəssübkeşliyini çəkməkdən halı birtəhər olan Fransa aman versin bölgədə qalan erməniləri ağ günə çıxardaq. Gözü doymayan Fransa aman versin siyasi alət kimi istifadə edərək acından öldürdüyü erməniləri doyuzduraq.
Burada isə söhbət sadəcə Fransa-Azərbaycan üzərindən dəyərləndirilmir. Parisin xarici siyasətinin ənənəvi xətti dünya xəritəsində münbit torpaqları öz təsir dairəsinin bir hissəsi etməyə çalışmasıdır. Bu, həmin siyasətin müstəmləkə mahiyyətindən irəli gəlir. Eyni zamanda, bölgə analiz edilərkən Fransanın canfəşanlığı, diplomatlarının kəşfiyyatçı kimi ifşası, bunun iyrəncliyi isə Bakı və Ankaranın ciddi mənada artan gücü, bundan Fransanın daha ciddi yüksələn xətt üzrə narahatlığı fonunda başa düşülməlidir. Fransa heç nəyə nail ola bilmir. Nail ola bilmədikcə də azğınlaşır. Bu baxımdan belə qeyri-etik, beynəlxalq hüquqa zidd addımlar atır. Əli boşa çıxan Fransanın niyyəti bölgənin ənənəvi gücləri ilə bölgədən kənar güclər arasında ziddiyyət yaratmaq və daha çox fövqəlgüclərlə bir-birini qarşı-qarşıya gətirən təsir mübarizəsini başladan boşluq yaratmaqdır. Fransa bütövlükdə Avropanı Azərbaycana qarşı vahid cəbhə yaratmağa sövq və məcbur edir. Bunun üçün ciddi cəhdlərlə beynəlxalq şəbəkə yaradır. Lakin indiki artan ehtiyac reallıqları fonunda Avropa bir yerə qədər olsa da, demək olar ki, buna tam getmir. Çünki, Azərbaycanın karbohidrogen ehtiyatlarına sahib olması və çıxış yolları Avropanın enerji təhlükəsizliyi axtarışı ilə ziddiyyət təşkil edə bilməz. Bu ziddiyyətin yarana və yaradıla biləcəyini zamanında öngörən cənab Prezident İlham Əliyev olduqca proaktiv diplomatiyaya çoxdan start verib.
Fransanın öz diplomatlarından kəşfiyyatçı kimi istifadə etməsi nəinki beynəlxalq hüquqa ziddir. Bu, sadəcə öz təbirləri ilə desək Fransa kimi bir dövlətin son dərəcə miskin durumundan xəbər verir. Çünki bizim təbirimizcə Fransanın nüfuzu onsuz da yerlərdə sürünür. "