Fransanın beynəlxalq güc olmaq üçün əlində heç bir resursu yoxdur - Kazım Kazımov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"İki fransız diplomatın "persona-non-grata" elan edilməsinin təbii ki, müəyyən səbəbləri vardır. "

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Hər nə qədər də hadisənin detalları bəlli olmasa da Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya əsaslanaraq deyə bilərik ki, bu şəxslər hər halda diplomatik missiyanın nümayəndələrinə yaraşmayan, uyğun olmayan davranışlar sərgiləmişdir ki, onlar belə bir durumla qarşı-qarşıya qalmışlardır. Ondan əlavə, biz bilirik ki, əslində iki fransız diplomatın "persona-non-grata" elan edilməsi Azərbaycanla Fransa arasındakı gərgin münasibətlərin bir təzahürüdür. Çünki, biz çox yaxşı bilirik ki, Fransanın Azərbaycana qarşı heç də xoş olmayan planları və niyyətləri vardır. Bunun bir neçə təməl səbəbi var. Birincisi, Fransanın Prezidenti Emmanuel Makron özünü dırnaqarasında "İkinci Napolyon" olaraq görür və o kiçik "Bonapart" hesab edir ki, Fransa yenə də qlobal gücdür, yenə də istədiyi kimi dünyanın idarə edilməsində söz sahibi ola bilər. Lakin görünür, o tarixi də çox yaxşı bilmir. Çünki, faktiki olaraq İkinci Dünya müharibəsi ərzində Fransa işğal edilmiş, daha sonra qərbli müttəfiqlərin köməyi ilə işğaldan azad edilmişdir. Ondan sonra da bütün beynəlxalq güc olma perspektivini itirmiş bir ölkədir. Fransa ona görə də bu gün Şimali Amerikada, Yaxın Şərqdə, daha dəqiq desək, Livanda, Liviyada, hətta Cənubi Qafqazda da Ermənistanı dəstəkləyərək öz siyasətini genişləndirmək istəyir. Ancaq bunlar hamısı boşunadır. Çünki, həm Livanda, həm Liviyada, həm Cənubi Qafqazda Fransanı çox yaxşı tanıyırlar. Hamı bilir ki, birincisi, Fransanın beynəlxalq güc olmaq üçün əlində heç bir resursu yoxdur. İkincisi, Fransadakı siyasətçilər ordakı erməni lobbisindən biraz siyasi, biraz da maddi qazanc əldə etmək üçün onların dediklərini təkrarlayırlar. Bu isə nə beynəlxalq hüquqa, nə bölgənin reallıqlarına, heç bir şeyə uyğun gəlməyən söyləmlər, açıqlamalardır. Buna görə də Fransa Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla ziddiyyətlər təşkil edən münasibətlər dönəminə daxil olubdur. Fransa bir şeyi anlamalıdır ki, Cənubi Qafqazda müəyyən bir hörmətinin, əlaqələrin olmağını istəyirsənsə birincisi Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Ondan əlavə Ermənistana silah sataraq, onu silahlandırmağa cəhd edərək münaqişənin hər halda hərbi cəhətdən qızışmağını istəyir. Ancaq biz çox yaxşı bilirik ki, Ermənistan ordusu 2020-də də, 2023-cü ildə bu separatçı qalıqlarda Azərbaycan Silahlı Qüvvələri tərəfindən gərəkən cavabı alıblar. Ermənistan funksional olaraq artıq Azərbaycanla müharibə etmək iqtidarında deyil. Ermənistan cəmiyyətinə baxdıqda dərin apatiya, iqtisadi böhran görürük. Ermənilər təzədən Azərbaycanla hər hansı bir müharibə edəcək gücdə deyillər. Bu səbəbdən Fransa yaxşı olar ki, erməni diasporasının məddahlığın etməklə sülh prosesinin uzanması üçün cəhdlər göstərmək yerinə, Azərbaycanla dil tapsın, Cənubi Qafqazda Azərbaycanla əlaqələri gücləndirsin. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31