Fransa artıq öz mövqelərini itirməkdədir - Sultan Zahidov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Bu gün Fransanın Azərbaycandakı səfirinin rəhbəri xanım Ann Buayon Xarici İşlər Nazirliyinə dəvət edilmiş və xanım səfirə səfirliyin iki əməkdaşının "persona-non-grata" elan edilməsi haqqında məlumat verilmişdir." 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Səbəb isə Fransanın Azərbaycandakı səfirliyinin hər iki əməkdaşının 1961-ci il "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasına zidd fəaliyyət göstərilməsi bildirilmişdir. Hər iki diplomata ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Qeyd etmək lazımdır ki, 1961-ci il "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasında 9-cu maddəsinə görə qəbul edən dövlət xarici səfirliyin istənilən nümayəndəsini, istənilən diplomatı, o cümlədən, nümayəndəliyin başçısını "persona-non-grata" yəni, "arzuolunmaz şəxs" elan edə bilər. Belə olan halda, həmin diplomatlar ölkəni tərk etməli olurlar. Əgər diplomatlar öz statuslarına uyğun hərəkətlər etmirlərsə, Vyana Konvensiyasına zidd fəaliyyətlər həyata keçirirlərsə və ölkənin daxili işlərinə müdaxilə edirlərsə belə olan halda qəfildən dövlət həmin diplomatları "persona-non-grata" elan edərək, onların ölkədən çıxmasını tələb edə bilər. İndiki halda Fransanın iki diplomatının "persona-non-grata" elan olunması düşünürəm ki, Fransanın Cənubi Qafqazdakı siyasətinin, ambisiyalarının, məkrli planlarının növbəti dəfə ifşasıdır. Həmin diplomatlar böyük ehtimalla öz vəzifələrindən, statuslarından sui-istifadə edərək ölkə daxilində müəyyən kəşfiyyat, təxribatçı fəaliyyətlər həyata keçirmiş və ya buna cəhd göstərmiş və Azərbaycan tərəfinə atılan bu addım kimi də bir növ preventiv olaraq həmin fəaliyyətlərin qarşısını almaq, önləmək olmuşdur. Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycan siyasəti heç də konstruktiv deyildir. Fransanın bu regionda bir növ yuva salmaq planı və bu regionda öz nüfuzunu qaldırmaq niyyətləri mövcuddur. Biz bilirik ki, Afrikada onun nüfuzu get-gedə azalmaqdadır. İstər Malidə, istər Burkina-Fasoda olsun, Fransa artıq öz mövqelərini itirməkdədir. Məhz buna görə də Fransa bu dəqiqə əsas diqqətini Mərkəzi Asiyaya və Cənubi Qafqaza yönləndirib. Burada da əsas məqsəd ilk növbədə, resurslara çıxış əldə etmək, eyni zamanda da Fransanın bu regionlarda Rusiya-Ukrayna müharibəsi fonunda, Rusiyanın azalan təsir dairəsi fonunda bu regionlarda möhkəmlənməyə məqsədlənmiş cəhdləridir. Cənubi Qafqaz regionuna baxsaq görərik ki, Fransa burada Ermənistan vasitəsilə öz məkrli niyyətlərinə, postkolonial ambisiyalarına çatmağa çalışır. Fransanın dəfələrlə həm bəyanatlarında, həm fəaliyyətlərində Azərbaycana qarşı olan destruktiv mövqeyinin şahidi olmuşuq. Fransa hər vəcdlə ermənipərəst mövqeyini nümayiş etdirərək həm Cənubi Qafqazdakı sabitliyə mənfi təsir göstərir, həm də eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyini də bir növ pozmağa çalışır. Bu da sözsüz ki, həm Azərbaycanın həm də regionda Fransanın bu məqsədlərini həzm etməyən digər dövlətlər tərəfindən müqavimətlə qarşılanır. Burada ələlxüsus Azərbaycanı, Türkiyəni və eyni zamanda Rusiyanı da misal çəkə bilərik ki, bu dövlətlər sözsüz ki, Fransanın bu regionda möhkəmlənməyini istəmirlər. Qeyd etmək lazımdır ki, "persona-non-grata" elan olunan əməkdaşlar böyük ehtimalla, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinə çalışan şəxslər, yəni agentlər olmuşlar və həmin agentlər Azərbaycanda müxtəlif növ kəşfiyyat fəaliyyətləri həyata keçirməklə, kəşfiyyat məlumatları toplamaqla regiondakı sabitliyə və sülhə mane olmağa çalışmışlar. Bu baxımdan Azərbaycanın atdığı addım kifayət qədər adekvat və məqsədyönlü bir addımdır. Bu bir daha Fransanın regionda istədiyinə nail olmayacağını, öz kirli niyyətlərini reallaşdıra bilməyəcəyinin göstəricisidir. Çünki, Türkiyə-Azərbaycan birliyi hər vəcdlə buna mane olmağa çalışacaqdır və mane olurlar da. Bütün bu prosesləri, baş verən hadisələri geniş səpkidə analiz etsək, Fransanın hazırki siyasəti, hazırki Cənubi Qafqaz ambisiyaları və bu ambisiyaları reallaşdırmaq yolunda həyata keçirdiyi pozucu fəaliyyətlər Azərbaycan tərəfindən ciddi addımlar atılmaqla həmin fəaliyyətlər önlənməkdədirlər. Əgər Fransa həqiqətən də regional sülh və sabitlikdə maraqlıdırsa, Ermənistanı konstruktiv mövqeyə çəkməli və regiondakı pozucu fəaliyyətlərindən imtina etməlidir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31