Fransanın ermənipərəst mövqeyi onun vasitəçilik missiyasını iflasa uğratdı - Elmir Səftərov - ÖZƏL
26 Dekabr 2023 19:53 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Fransanın erməni yönümlü siyasətinin son illərdə açıq formada təzahürü ilə paralel olaraq, Parisin ölkəmizə edilən bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan Vətən müharibəsində Ermənistanı acı məğlubiyyətə uğratdı, Qarabağda suverenliyini təmin etdi."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:
"İkinci Qarabağ müharibəsindən sonra isə Emmanuel Makronun rəhbərliyi ilə Fransanın ənənəvi ermənipərəst mövqeyi onun vasitəçilik missiyasını da iflasa uğratdı. Eyni zamanda, rəsmi Parisin Cənubi Qafqazda möhkəmlənməsi cəhdi ölkəmizin uğurlu səyləri ilə baş tutmadı.
Bütün bunlar isə Fransada yaranan siyasi xofun, əsəbin və məğlubiyyətlərin qisasını Azərbaycandan almaq səylərini artırırdı.
Fransa isə müxtəlif yollarla ölkəmizin siyasi iradəsinə təsir etmək üçün bütün yolları sınadı. Amma Fransanın cəhdləri uğursuzluqlarla nəticələndi.
Bildiyimiz kimi, bu gün Fransanın ölkəmizdəki səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunub.
Azərbaycanın xüsusi xidmət orqanlarının bu məsələdə peşəkarlığı Fransanın əsl simasının bütün dünyaya göstərilməsində böyük rol oynadı.
Bu, Fransanın Azərbaycana qarşı uğursuz xarici həmlələrinin nəticə verməməsi ilə sonlandı.
Geosiyasi reallıqlar onu göstərdi ki, Fransa müasir dövrün tələblərinə uyğun olaraq siyasət burulğanında ilişir.
Biz bunu Emmanuel Makronun islahatlarının Fransanın xarici siyasətində, əsasən də Fransanın keçmiş müstəmləkələri olan Afrika ölkələri ilə münasibətlərində gördük.
Fransanın və Ermənistanın siyasət xəttlərinin əsas oxşarlıqlarından biri də diplomatik ikiüzlülükləri və boş inadkarlıqlarıdır. Bu səbəbdən də Fransanın dövlət siyasətinin Azərbaycana qarşı müsbət yöndə dəyişməsi Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra ola bilər. Amma iqtisadi məsələləri nəzərə alaraq, Parisin müəyyən normallaşmaya cəhət edəcəyini ehtimal etmək olar. Lakin Fransa administrasiyasının ölkəmizə qarşı sabit siyasət xətti seçməsi mövcud vəziyyətdə real görünmür."