Rusiya Azərbaycanın milli təhlükəsizlik maraqlarına zərbə sayıla biləcək addımlar atır-Elçin Xalidbəyli- ÖZƏL
26 Dekabr 2023 16:31 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Cənubi Qafqazda sülh prosesinin uğur qazanması bu regiona birbaşa aidiyyəti olmayan kənar supetgüclərə qətiyyən sərfəli deyil. Çünki regional sülh və əmin-amanlıq həmin kənar supergücləri Cənubi Qafqaza əsas geopolitik təsir mexanizmlərindən məhrum buraxa bilər."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:
"Ona görə də, bütün mümkün vasitələrlə Cənubi Qafqazda sülh prosesini pozmağa, hərbi-siyasi gərginliyi artıran addımlar atmağa çalışırlar.
Nə qədər qəribə də olsa, Cənubi Qafqazda sülh prosesinin pozulması məsələsində ABŞ, Avropa Birliyi və Fransanın maraqları Rusiya ilə tamamilə üst-üstə düşür. Bu kənar supetgüclərin geopolitik hədəfləri fərqli olsa da, sülh prosesinin əngəllənməsi ortaq məqsədə çevrilib. Xüsusilə də, Fransa Ermənistanı silahlandırmaqla, Cənubi Qafqazda Azərbaycanın xeyrinə dəyişmiş hərbi-siyasi situasiyada qüvvələr nisbətini balanslaşdırmağa cəhd göstərir. Rəsmi Paris bununla Azərbaycana qarşı təzyiq faktorları qazanmağa, Ermənistan üzərindən Cənubi Qafqazda geopolitik oyuncuya çevrilməyə can atır. Son vaxtlara qədər rəsmi Paris Fransa və Hindistanın ortaq istehsalı olan silah növlərinin Ermənistana göndərilməsinə üstünlük verirdi. Daha sonra rəsmi Paris Fransa ordusuna aid hərbi texnika da göndərdi.
İndi isə Rusiya da Fransanın Ermənistanı silahlandırma prosesinə qoşulmağa başlayıb. Rusiya və Ermənistan arasında hərbi-texniki əməkdaşlıq barədə yeni anlaşmalar imzalanıb. Artıq bunun ilkin nəticələri də mövcuddur. Belə ki, Kreml Ermənistana Rusiya-Hindistan ortaq istehsalı olan raket sistemlərinin satışına icazə verib. Əks halda, Hindistan həmin raketləri Rusiyanın razılığı olmadan Ermənistana satmaq hüququna malik deyil. Bu isə o deməkdir ki, Rusiya da Azərbaycanın milli təhlükəsizlik maraqlarına zərbə sayıla biləcək addımlar atır. Belə davam edərsə, rəsmi Bakı Rusiyaya bu məsələ ilə bağlı siyasi-diplomatik kanallarla etiraz etməli olacaq. Kremldə nəzərə almalıdırlar ki, Rusiyanın Ermənistanın yenidən silahlandırılmamasında iştirakı Azərbaycanla qarşılıqlı tərəfdaşlıq prinsiplərinə ziddir və bu, iki ölkə arasında münasibətləri korlaya bilər.
Bütün bunlar onu göstərir ki, həm Qərbin, həm Rusiyanın, həm də Ermənistanın sülh sazişi barədə bəyanatları siyasi manipulyasiyadan başqa bir şey deyil. Cənubi Qafqazda hazırda yalnız Azərbaycan sülh prosesinə sadiqdir. Ancaq rəsmi Bakı Cənubi Qafqazda sülh prosesini pozmağa çalışan kənar supergüclərin və Ermənistanın davranışları Azərbaycanın milli təhlükəsizlik maraqlarına problem yaradacağı təqdirdə, dərhal kəskin reaksiya verəcək. Hazırda Azərbaycan öz milli təhlükəsizlik maraqlarına qorumaq qüdrətində olan dövlətdir. Rəsmi Bakının razılığı olmadan heç bir kənar supergüc Cənubi Qafqazda Ermənistan üzərindən geopolitik oyunçuya çevrilə bilməz. Üstəlik, Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə strateji hərbi müttəfiqliyi də Cənubi Qafqaza kənar supergüclərin müdaxiləsini bloklamaq baxımından, önəmli faktorlardan biridir."