Ötən 20 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib- ÖZƏL
26 Dekabr 2023 08:36 Siyasət"15 oktyabr 2003-cü il müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi". Olaylar xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib:
"76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etmədi. Onun ideyaları, əməli fəaliyyəti, qlobal miqyaslı təşəbbüsləri həm də bəşəriyyətin inkişafına vacib töhfələr verdi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Beləcə, Azərbaycan ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının şahidi olarıq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır. Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə görünməkdədir. Prezident İlham Əliyev hər zaman xalqın istədiyini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirməyin və həll etməyin mahir ustasıdır. Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında Prezident İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur".