RUSİYADA MİLLİ DİASPORUMUZ: YARANMA PROBLEMLƏRİ, İNKİŞAFI, MƏTBUATI, ƏDƏBİYYATI, HƏMRƏYLİYİ
22 Dekabr 2023 13:05 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ramin Məmmədov,
yazıçı-publisist
l yazı https://olaylar.az/news
ll yazı https://olaylar.az/news
III yazı:
Rusiyada yaşadığım dövrdən yaddaşıma əbədi həkk olunmuş sevindirici xatirələrdən biri də odur ki, əgər yararlı bir iş görürsənsə, bunu, milliyyətindən asılı olmayaraq, səmimi, mənəvi cəhətdən saf insanlar dəyərləndirir, hər hansı bir həyat şəraitində, tanınmış, görkəmli həmvətənlərin barədə səninlə xoş təəssüratlarını bölüşür, mütləq, görkəmli, başqa adlı-sanlı həmyerlilərin haqqında danışırlar, sanki səni fərəhləndirmək üçün Heydər Əliyevin, Nəriman Nərimanovun, Nizami Gəncəvinin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Səməd Vurğunun, Həzi Aslanovun, Əyyub Tağıyevin... adını xoş təbəssümlə çəkir, çar Rusiyası dövrü və Sovet dövrü həmyerlilərimiz-generallar, Qəhrəmanlar haqqında yaddaqalan söhbətlər edirlər. Bunlar hamısı diaspor təşkilatlarımızın yradılmasını sürətləndirir, bizə yaradıcı stimul verir.
Orada yaşadığımız uzun illər boyu hər zaman diasporumuzun ilhamvericisi Ümummilli Lider Heydər Əliyev haqqında qürurlandırıcı söhbətlər, açıqlamalar eşitmişik, onun müdrikliyinə valeh olmuşuq, xalqımızın dahi oğlu ilə fəxr etmişik, əksər hallarda, telekanallar vasitəsilə milyonlarla tamaşaçının gözü qarşısında nümayiş etdirilən çıxış və müsahibələrindən ucalığı aydın göründüyünü kütlələr etiraf etdiyinin, qiymətləndirdiyinin şahidi olmuşuq. Nijnevartovskda mənim əsas fəaliyyətim - paqon altında çəkdiyim xidmətim qaynar nöqtədə - dəmir yolu vağzalında, o şəhərdə ki, orada orta yaş həddi otuz, otuz beş yaş idi və bura Sovetlər birliyinin bütün respublikalarından, şəhər və kəndlərindən gənclər işləməyə, yüksək maaş dalınca axışıb gəlir, əsas fəaliyyətdən ayrılmadan təhsil də alırdılar. Burada Sov.İKP MK aparatının işçilərindən (daha çox, o dövr üçün xas olan, təbliğatçılar) SSRİ Baş Prokurorluğun əməkdaşlarına və Moskvada, Sverdlovskda (Yekaterinburq), Leninqradda (Sankt-Peterburq)... çıxan bir çox qəzetlərin jurnalistlərinə kimi, müxtəlif təbəqəli, keyfiyyətli və vəzifəli adamlarla ünsiyyətdə olurdum. Belə qonaqlarım mənə həmişə işarə edirdilər ki, azərbaycanlını tanımaq çətin deyil - onun cöhrəsində səmimiyyət aydın görünür. Bu qəbildən məni də azərbaycanlı kimi dərhal tanıyır və xalqımıza şərəf və şöhrət gətirən həmvətənlərimizdən söhbət açırdılar. Bir dəfə yenə də növbədəydim, axşam geç qatarlar yola düşənə kimi, əsayişə nəzarət baxımından vəzifə borcumu yerinə yetirdikdən, qatarlar yola düşdükdən, sakitlik, sabitlik yarandıqdan sonra, bir şəxslə həmsöhbət olduq. Masamın üstündə rusca, o illərdə geniş yayılan "Partiya fəalının kitabçası" adlı nəşri gördü, bir qədər söhbətləşdik, siyasi büronun üzvlərinin, sonra da mədəniyyət adamlarının həyat yoluna dair bilgilərim bu, yuxarılardan gəlmiş təbliğatçıya maraqlı göründü. Həmin vaxtlar mətbuat səhifələrinə çıxarılmayan epizodlar dilə gətirdi. Onun nağıl etdiyi söhbətlərdən əsas yadımda qalan, Heydər Əliyevin müdrik, aqil şəxsiyyət olmasına dair, o vaxta qədər bilmədiyim unudulmaz, heyranedici dəlillər oldu. Həmsöhbətim dedi ki, Heydər Əliyev həyatın bütün sahələrinin - siyasətin, beynəlxalq vəziyyətin, mədəniyyətin, rus dilinin... bilicisi kimi məşhurlaşıb. Və təsadüfi deyil ki, Kremlə xaricdən hazırlıqlı və xüsusi məqsədlə gələn jurnalistlərin hiylə, dolaşıq, çaşdırıcı xarakterli suallarına Heydər Əliyev ustalıqla, peşəkarlıqla, özünün dahiyanə zəkası ilə cavab verirdi. Yeri gəlmişkən, Heydər Əliyev, hələ Naxçıvanda işlədiyi vaxt üzaqgörənliklə vacib sənəd imzalamışdı: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı. 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri H.Əliyev. Naxçıvan şəhəri, 15 dekabr 1991-ci il, № 125-XII". O zaman diaspor hərəkatına bu ən böyük dəstək olmaq, töhfə vermək, uzaqları görmək demək idi.
Mütəmadi müşahidələrimdən əmin olmuşam ki, qürbətdə hər bir soydaşımız haqqında yayılan fəxredici xəbər, ilk növbədə əhvalımızı yüksəldir, sonra da, sanki gələcək planlarımızın çin olmasına bir təkan verir. Kərim Kərimov haqqında nüfuzlu mənbədə (ASE, V cild, 1981) oxumuşdum ki, o, sovet hərbi xadimi, general-leytenant, Lenin mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatıdır və SSRİ Müdafiə Nazirliyinin Mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışmışdır... mülki nazirliyə ezam olunmuşdur. Amma Rusiyada yaşadığım vaxtlar onun haqqında söhbət açırdım, generalı tanıyan olmurdu. Nəhayət, Moskvada A.İvaxnov adlı müxbirin "General Kərimov" (İzvestiya", 25.12.1987) sərlövhəli söhbətləşməsi dərc edilmişdi. Bununla da geniş ictimaiyyət uzun illər qapalı saxlanılmış hərbi xadimi tanıdı, onilliklər boyu kosmonavtların kimə təzim etdiyini, lakin teleekranlarda kadr arxasında qalan, nəhayət ki, kosmik uçuş aparatları Dövlət Komissiyasına kim rəhbərlik etdiyini bildi.
Moskvaya ilk yaradıcılıq səfərlərim zamanı orada uyuyan məşhurlarımızın ruhunu şad etmək istədim. Bu nəhəng şəhərdə müsəlmanlar üçün müqəddəs olan yerləri ziyarət etmək ürəyimdən keçdi. Kreml divarları yanında Nəriman Nərimanovun (1870-1925), "Novodeviçye" adlı Fəxri xiyabanda Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetində daim nümayəndəsi Nəsirbəy Tağıyevin (1879-1953), SSRİ EA müxbir üzvü Əli Əmiraslanovun (1900-1962), texnika elmləri doktoru, professor, neft sənayesi sahəsində görkəmli mütəxəssis, Əməkdar elm və texnika xadimi, üç dəfə Stalin mükafatı laureatı (1942, 1947, 1952) Əyyub Tağıyevin, SSRİ Qaz Sənayesi naziri Sabit Orucovun (1912-1981) məzarlarını ziyarət etdim (Boris Yeltsin, Nikita Xruşşov, Vyaçeslav Molotov, Andrey Qromıko... kimi görkəmli dövlət xadimləri də burda dəfn olunublar). Sonra, Vətən müharibəsində müsəlmanların Napolion qoşunlarına qarşı mətinliklə döyüşməsi şərəfinə, 1813-cü ildə Bolşaya Tatarskaya küçəsində inşa edilmiş və müsəlmanların rus-yapon müharibəsində şücaətlər göstərməsi nəzərə alınaraq Sülh prospektində 1904-cü ildə tikilmiş, Otradnıda və Poklonnaya Qora deyilən yerlərdə 1997-ci ildə dindarların istifadəsinə verilmiş, cəmi dörd məsçidin hər birində oldum. Əlbəttə, soydaşlarımızla görüşməyə tələsirdim. Elə ilk görüşlərim sevindirici oldu. Rusiya rəssamlıq Akademiyasının vitse-prezidenti, dünyanın iyirmidən çox akademiyasının və digər yaradıcı təşkilatların, o cümlədən Fransa, İspaniya, Almaniya və Avstriyanın rəssamlıq akademiyalarının üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq rəssamı, Azərbaycan SSR Xalq rəssamı, Rusiya Federasiyası Xalq rəssamı Tahir Salahovla (1928-2021), Rusiyanın aparıcı elmi nəşri sayılan "Voprosı istorii" jurnalının baş redaktoru, Rusiya EA-nın (keçmişdə SSRİ EA-nın) müxbir üzvü, Rusiya tarixçiləri sırasında özünəməxsus yeri olan Əhməd İsgəndərovla (1927-2017), tarix elmləri doktoru Dilarə İsmayılzadə, qocaman "Zaşita i karantin rasteniy" jurnalının baş redaktoru, tanınmış alim, xalqımıza böyük hörmətlə yanaşan Vladislav Eduardoviç Savzdarq ilə görüşə bildim. Onlara məqsədimi açıqladım, bildirdim ki, milli diasporumuzun fəaliyyətini araşdırmaq qərarındayam. Bu şərəfli işdə mənə uğurlar dilədilər. Ziyalıların açıqlamalarını diqqətlə dinlədim və Rusiya paytaxtında başlanğıcın yaxşı olacağına əminlik yarandı qəlbimdə.
Bəxtim gətirdi, burda olduqca fəal və səmimi, vətənppərvər, heç kimdən qayğısını əsirgəməyən bir insanla, polkovnik Rəfail Babayevlə görüşdüm (Rəfail müəllimlə aramızda körpü yradan, Moskvada vəkil işləyən Zahir Ağayev və paytaxtın Qaqarin rayonunda milis rəisinin müavini Habil Bayramov olmuşdu). Ona istəklərimi aşkarladım, dedim bundan əvvəl hələ ancaq Tümen vilayətinin şəhərlərində və bir-iki başqa bölgədə axtarışlar apara bilmişdim. Onun atası, mənalı şeirlər müəllifi Gülməmməd dayı da burda idi. Mənim təşəbbüsümlə, ilk növbədə, üçümüz bir yerdə getdik "Kuntsevo" adlı Fəxri xiyabana, general-mayor Əjdər Xaspoladovun və general-mayor Tofiq Seyidovun məzarlarını ziyarət elədik, onların ruhuna yasin oxuduq, könül rahatlığı hiss etdik. R.Babayev sevindirici açıqlamayla başlayaraq bildirdi ki, Moskvadakı həmvətənlərimiz əsas etibarilə alimlər və tibb sahəsində, mətbuat, ədəbiyyat, daxili işlər orqanlarında, prokurorluqda, ali elm ocaqlarında çalışan insanlardır. Diaspor quruculuğunun başlanğıcı ümidvericidir, dedi o. Əlavə etdi ki, soydaşlarımız təşkilatlanır, əksər adamlar Azərbaycan-Qarabağ həqiqətlərini yaymaqla məşğuldur, bir-birinin ardınca qəzetlərimiz çıxır, Qarabağa aid rusca sənədli əsərləri ictimaiyyətə çatdırırıq, fəaliyyət ümumən təqdirəlayiqdir. Bu arada xoş bir əhvalat yadıma düşdü - bir neçə il əvvəl, 1996-cı ilin may ayında qocaman "Oqonyok" jurnalının 96 səhifəlik xüsusi buraxılışı bütövlüklə Azərbaycan Respublikasına həsr edilmişdi. Bizim üçün həmin çətin zamanda, bu əlamətdar hadisə, cəmiyyətimizin hissiyyatını qavramaqdan və zəruriyyətdən baş vermişdi. Belə bir mühüm işə təşəbbüskarlıq, təşkilatçılıq edənlərə min alqış. Dövlət başçısı Heydər Əliyev "Oqonyok"un tarixə düşmüş bu nömrəsi haqda belə demişdi: "Bu, sadəcə olaraq jurnalın bir nömrəsi deyil, Azərbaycan haqqında kitabdır, həm də çox yaxşı kitabdır" ("Xalq qəzeti", 04.07.1996). "Oqonyok" Azərbaycan həqiqətlərini dünyaya çatdırır" sərlövhəli yazıda oxuyuruq: "Təqdimatda iştirak etmək üçün Bakıya gəlmiş jurnalın baş redaktoru Lev Quşşin demişdir: "Oqonyok" jurnalının yüz illik tarixində bu, ilk və hələlik yeganə hadisədir. Özü də bu misilsiz nömrəni buraxmaq bizim üçün heç də asan olmamışdır. Çünki Moskva kimi çoxmillətli, çoxmilyonlu şəhərdə Azərbaycan haqqında yazmağımıza görə birbaşa və ya dolayısı ilə təsir göstərməyə çalışan qüvvələr vardı... Jurnalın Rusiya hüdudlarından kənarda 30 min abunəçisi var və nömrənin bütün materialları "İnternet" sistemi ilə dünya kompüter sisteminə verilmişdir. Bu isə daha 6 milyon abunəçi deməkdir" ("Respublika" qəzeti, 05.06.1996). Qeyd edim ki, o zaman Rusiyadakı diaspor fəallarımız, ermənilər tərəfindən silah gücünə, azərbaycanlıların öz ata-baba yurdlarından qovulmasına dair yazılarla, fotolarla, Azərbaycan-Qarabağ həqiqətlərini əks etdirən sənədli məqalələrlə təchiz olunmuş bu nömrəni əllərində bayraq etmişdilər.
Rəfail müəllim məni N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzin baş həkimi Azər Şamilovla, tibb elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının cərrahı (2004-cü ildən bu Akademiyanın həqiqi üzvü) Sabir Həbibovla, tibb elmləri namizədi Elburus Bayramovla görüşdürdü. Bu minvalla mən Rusiya paytaxtına dəfələrlə gəlməli oldum və yüzdən çox ziyalı həmyerlimizlə görüşüb, onların hər birindən müsahibə götürdüm. Qarşıdakı aylarda, illərdə, kosmos fatehi, general Kərim Kərimov, Tümen neftinin korifeyi, Rusiya EA müxbir üzvü Fərman Salmanov, bəstəkar, Azərbaycan Əməkdar incəsənət xadimi, 1954-cü ildən Rusiya Bəstəkarlar İttifaqının üzvü Asya xanım Sultanova, bəstəkar, dirijor, pedaqoq, SSRİ Xalq artisti Murad Kajlayev, pianoçu, Azərbaycan xalq artisti Rusiya Federasiyası Əməkdar artisti Tamilla Mahmudova, tarix elmləri doktoru, professor, Rusiya EA-nın müxbir üzvü Rauf Munçayev, şair, bioloq-alim Lev Emil, şair Nobert Yevdayev, Rusiya Tibb EA-nın həqiqi üzvü Məmmədbağır Əliyev, elmlər namizədi İbrahim Abbasov, tarix elmləri doktoru Qasım Kərimov, Rusiya Kənd Təsərrüfatı EA-nın və Rusiya Milli EA-nın müxbir üzvü Vüqar Bağırov... onlarla başqa görkəmli soydaşlarımızla səmimi görüşlərimiz, söhbətlərimiz oldu.
Sağlığında Rusiyada milli diasporumuza böyük dəstək verən Fərman Salmanovun danılmaz fəaliyyətini Rusiyada çox adam bilirdi və qiymətləndirirdi.
İndi Tümen vilayətinin bütün şəhərlərində sarsılmaz İnsana heykəllər ucaldıldı, müəssisələrə, küçələrə... Surqutda hava limanına adı verildi, Tümen şəhərinin mərkəzi küçələrindəki binalardan birinin fasadında geoloq-alimin xatirə lövhəsi ucaldıldı. Belə şərəfli məlumatlar mətbuat səhifəsinə çıxarılır, əhali arasında yayılırdı... Bu diyarda məşhur həmyerlimiz, hələ otuz yeddi yaşından SSRİ Neft Sənayesi Nazirinin müavini işlədiyi illərdə iki dəfə Stalin mükafatına layiq görülmüş, sonralar Lenin mükafatı və Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmiş, 1972-ci ildən isə ömrünün sonuna kimi - doqquz il ərzində SSRİ Qaz Sənayesi naziri olmuş Sabit Orucovun (1912-1981) adı iftixarla çəkilir. Bir milyon yarım kvadrat kilometr sahəsi olan Tümen vilayətini mən şəhər-şəhər gəzdikcə, bir çox adamlar, o cümlədən soydaşlarımız ağız dolusu deyirdilər ki, Sabit Orucov nazir olduğu zaman Tümendə qaz sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, ilk növbədə isə, bu gün yüz mindən artıq əhalisi olan Urenqoy şəhərinə xüsusi qayğı göstərmişdir. Bu gün həmin şəhərdə onun büstü vardır, xalq arasında Urenqoyu haqlı olaraq, Orucovun şəhəri adlandırırlar. Tümen diyarında gərgin əməyi ilə böyük hörmət sahibinə çevrilmiş həmyerlilərimiz çoxdur. Amma əsas mövzu milli diasporumuza həsr olunduğuna görə mən burda görüşdüyüm tanınmışları, qabaqcılları bir-bir sadalaya bilmirəm, bu barədə kitablarımda müfəssəl yazmışam. Bu qeydlərimdə isə məşhurlarımızın az hissəsini qısa cizgilərdə xatırlamaqla, nəzərə çatdırmaq istəyirəm ki, bu uca adların işığı, həm diasporun yaranma prosesində, eləcə də sonrakı diaspor mətbuatımızın təsis edildiyi vaxtda bizi qaranlığa düşməyə qoymayıb. Diaspor fəalları da öz növbəsində parlaq taleli soydaşlarımızı daim yaşadır, onları mütəmadi və geniş təbliğ edirlər.
İrəlidə, Rusiyadaki diaspor icmalarımız, ardınca da onların qəzet və jurnalları, ədəbiyyatı haqqında maraqlı açıqlamalar vermək niyyətindəyəm.