RUSİYADA MİLLİ DİASPORUMUZ: YARANMA SI, İNKİŞAFI, MƏTBUATI, ƏDƏBİYYATI, HƏMRƏYLİYİ

I yazını linkə keçid edərək oxuya bilərsiniz: https://olaylar.az/news

II yazı

Bir kədərlə dolu məsələni də vurğulamağı vacib bilirəm və bunu həmişə nəzərdə saxlamalı, unutmamalıyıq. Təcrübə bizə göstərdi ki, bu problemlərin hər birinin şimal qonşumuz olan ölkədə diaspor hərəkatına təsiri olmuşdur. Ona görə də əks-səda yaradan belə taleyüklü hadisələri yeri gəldikcə qeydlərimdə xatırladıram. Belə ki, birinci yazıda qeyd etdiyim həmin o, Rusiyada "Lixiye 90-ıye qodı", yəni ötən əsrin "90-cı fəlakət və hərcmərclik illəri" kimi yadda qalan zaman kəsiyinin acı həqiqətlərindən biri də odur ki, ermənilərin deputatı, sonralar Sankt-Peterburqda qətlə yetirilmiş başabəla Qalina Starovoytova, yersiz siyasi mövqeyinə görə uzun müddət Qorkidə (indi Nijni Novqorod) sürgündə olmuş və Qorbaçovun sərəncamı ilə Moskvaya qaytarılmış akademik Andrey Saxarov və başqa bu adamlara tay araqızışdıranlar, titullarından istifadə edib televiziya ekranlarından xalqımızın adına vaxtaşırı təhqir, böhtan yağdırır, Qarabağın Azərbaycan torpağı olmadığını iddia edirdilər. Andrey Nuykin adlı  jurnalist ünvanına çirkab yapışdıran birisi isə, öz böhtanları ilə lap uzağa getmişdi. "Qarabağ gündəliyi" ("İzvestiya", 19.10.1991) adlandırdığı cızmaqarasında xalqımızın adına çirkin ifadələr işlətməkdə xəsislik etməmiş, həqiqətlə əlaqəsi olmayan hər cürə uydurmaları mərkəzi mətbuat səhifəsinə çıxarmışdır (o zaman "İzvestiya"ya, surətini Azərbaycan Prezidentinə, "Bakinski raboçi" qəzetinə göndərdiyim teleqramda, nankor müəllifi də, laqeyd qəzeti də mənəviyyatsız və ağa qara deyənlər adlandırmışdım, sonra da faktlar əsasında hazırladığım təkzib məqaləmi həmin qəzetə göndərmişdim, dərc etmədilər). Bax belə bir anarxiya içində, Qarabağ probleminin həlli məsəsləsi də günü-gündən gərginləşir, belə olan halda, diasporumuzun inkişafına maneələr yaranır, ümumilikdə orada _ Rusiyada yaşayan, fəaliyyət göstərən, təhsil alan həmyerlilərimiz, layiq olmadıqları haqsızlıqlarla, ədalətsizliklərlə rastlaşırdı. Hadisələrin başlamasından bir neçə il əvvəl terrorçu jurnalist Zori Balayanın başabəla "Ocaq" kitabı rus və erməni dillərində çapdan  çıxmış və Ermənistanın lap ucqar kəndlərinə kimi yayımlanmış, bizə və türk qardaşlarımıza qarşı erməniləri təcavüzkar bir istiqamətə yönəltmişdilər. Z.Balayan 1981-ci  ildə (Moskvada 1984-cü ildə) çap olunmuş həmin terrorçuluğu, şovinizmi təbliğ edən kitabında, yalan faktlarla erməni əhalisini inandırmışdı ki, Naxcıvan da, Qarabağ da erməni torpağıdır. Böyük ziyalı, Xalq yazıçısı Mirzə İbrahimov da, Xalq yazıçısı Sabir Rüstəmxanlı da o illərdə Balayanın işlədiyi "Literaturnaya qazeta"ya tarixi faktlarla zəngin geniş məqalələr göndərsə də, bu tutarlı yazılar qəzet səhifəsinə çıxarılmamışdır. Maraqlıdır ki, 1983-cü ildə Moskvada Hərbi nəşriyyatda buraxılmış "Voennıy ensiklopediçeskiy slovar"da Heydər Əliyev, Babək və başqa soydaşlarımız haqda məlumatlar var idi. 1990-cı ildə isə 8 cilddə planlaşdırılmış "Sovetskaya Voennaya Ensiklopediya"nın birinci cildi işıq üzü gördü. Kitabın nəşrə hazırlanmasında Q.V.Avetisyan və S.V.Arakelovun  da iştirak etdikləri göstərilmişdi. Düşünürəm ki, elə bu səbəbdən də H.Əliyevin və Babəkin adını bu topludan çıxarmış, əvəzində əvvəllər ictimaiyyətin tanımadığı, Şuşada doğulmuş erməni Mixail Allaxverdov peyda olmuşdu. Belə idi Moskvada münasibət, mərifət və düşüncə tərzi. Belə ürək dağlayan özbaşınalıqlar, ikili standartlar, bir sözlə xalqımıza qarşı böyük təcavüzə, terrora aparan illər təzadlarla, qəribəliklərlə, saxtalaşdırmalarla bol idi. Elə Sumqayıt hadisələrini də ermənilər özləri təşkil edib həyata keçirdikdən bir il sonra - 1989-cu ildə Balayan rusca, ingiliscə, fransızca çapdan çıxmış və dünyanın aparıcı ölkələrinə çatdırılmış "Sumqayıt... Soyqırım... Aşkarlıq?" adlı sadəlövhlər üçün hesablanmış kitabın da məqsədi bizi dünya aləminə vəhşi kimi göstərmək hərisliyini idi. Biz həqiqətləri o yerlərə çatdırana kimi diasporumuza "pis millət"in nümayəndələri olduqlarına görə, zərbə dəyirdi.

Sevindirici haldır ki, biz də fəaliyyətsizlik və gözləmə mövqeyində dayanmamışdıq. Əvvəla, respublikamızın mərkəzi mətbuatının müxbirləri vaxtaşırı Rusiya bölgələrinə ezam olunur, bu respublikada xidmət edən zabit və sıravi həmyerlilərimizlə görüşlər keçirir, xidmət etdikləri hərbi hissələrdəki vəziyyətlə, soydaşlarımızın güzəranilə maraqlanır, sonra da bu barədə qəzetlərdə geniş yazılar dərc etdirirdilər (Vasif Səmədov, müxbir. İki il və bir ömür, "Kommunist" qəzeti, 15.11.1989, Mehman Əliyev, Azərinformun müxbiri, Kişilik məktəbi, "Molodyoj Azerbaydjana", 04.11.1989). Sonrası da ki, hələ diasporumuzun yaranmağa, təşkilatlanmağa başladığı o keşməkeşli illərdə, bizim üçün kritik bir vaxtda, SSRİ EA-nın əməkdaşı, tarix elmləri doktoru, unudulmaz həmyerlimiz Dilarə xanım İsmayılzadə "Naseleniye qorodov Zakavkazskoqo kraya v XIX naçale XX veka" ("Zaqafqaziya diyarının əhalisi XIX əsrdə və XX əsrin əvvəllərində", Moskva-1991) adlı elmi əsərini nəşr etdirdi. Monoqrafiyanın məsul redaktoru EA-nın müxbir üzvü A.R.Novoseltsev, rəyçi isə tarix elmləri doktoru V.L.Yeqorov idi. 256 səhifəlik bu kitabı yazıb ərsə-araya gətirmək üçün, Dilarə xanım, bəlkə də yüzlərlə yox, minlərlə arxiv sənədlərinə müraciət etmiş, Zaqafqaziyanın bütün şəhərlərinə dair müfəssəl məlumatlar toplaya bilmişdi. Hansı şəhərlərdə hansı millətdən (azərbaycanlı, gürcü, erməni nəzərdə tutulur) neçə nəfər yaşadığını, ən nəhayət, bütün şəhərlərdə bizim doğma azərbaycanlıların üstünlük təşkil etdiyini sübuta yetirmişdi. Bununla da, az qala bütün Moskva bizim əleyhimizə işlədiyi bir vaxtda, Dilarə xanım əsl fədakarlığa imza atmışdı. Tarixi bilmədən, lakin ucadan qışqıran "yeni tarixçilərin", qismən də olsa səsini azalda bilmişdi. Elə həmin 1991-ci ildə, bizim üçün olduğu kimi, Moskvada da, xüsusilə də oradakı fəallar-həmyerlilərimiz üçün maraq doğuran sənədli əsər işıq üzü gördü. Erməni müəllif Robert Arakelov rus dilində "Dağlıq Qarabağ: faciənin günahkarları məlumdur" adlı kitabını çap etdirdi. Müəllif ürək ağrısı ilə Ermənistan rəhbərliyinin tam məsuliyyətsiz qərarlar verdiyini, lap dəqiq desək, ölkəsinin əksər adamlarını cinayət əməllərə yönəldən sərəncamlar imzaladığını, lakin cəzasız qaldığını vurğulayır. Yazır ki: "SSRİ Ali Sovetinin DQMV-nin Ermənistana birləşdirilməsi haqda Ermənistan SSR Ali Sovetinin qərarının rədd edilməsinə dair qərarını Ermənistan Ali Soveti Rəyasət Heyətinin üzvü R.Köçəryan nümayişkaranə, azğınlaşmış kütlə qarşısında yandırmış, bununla da kütlələri coşdurmuşdur" (səh.48). R.Arakelov daha bir vacib məsələni diqqət mərkəzinə çəkir: "Bakıdan iki yüz əlliyə yaxın erməninin Azərbaycanla münasibətləri gərginləşdirməməsi tələbi ilə göndərdiyi xahiş məktubunu Ermənistan tərəfi soyuqqanlılıqla və həyasızcasına rədd etmişdir" (səh.76).

Bundan bir il sonra həqiqətlərin üstünə işıq salan daha bir sanballı tədqiqat əsəri çapdan çıxdı. Sankt-Peterburq alimi, yazıçı Yuri Pompeyevin Qarabağ problemini olduqca dərin, ətraflı, obyektiv araşdıran, rusca "Qarabağ qan çanağında" (Bakı-1992) əsəri açıq səmada şimşək çaxan kimi oldu. Bircə onu demək yetər ki, Yuri Pompeyev hazırladığı elmi nəşrdə, ermənilərin Qarabağa XIX əsrin əvvəllərində köçürüldüyünü sübut edən külli miqdarda tarixi dəlillərlə yanaşı, Z.Balayan, S.Kaputikyan, Y.Bonner-Əlixanyan, A.Saxarov kimi təxribatçı "hüquq müdafiəçilərinin" yüksək tribunalardan söylədiyi, kütlələrin fikrini əsl həqiqətlərdən yayındıran xarakterli yalan məlumatları, yoxlanılmış, sübut olunmuş, doğru sənədlərin dili ilə alt-üst edir. Ermənilər çox səs-küy salıb Moskvadakı soydaşlarımıza hədə-qorxu gəlsə də, heç nə edə bilmədilər. Artıq gec idi. Kitabın bir neçə yüz nüsxəsi dərhal Moskvadakı Azərbaycan səfirliyinə çatdırılmışdı. Milli diaspor nümayəndələrimiz Bakıya öz həmfikirlərini göndərib, "Qarabağ  qan çanağında" kitabının yüzlərlə nüsxələrinin Rusiya paytaxtına gətirilməsinə və bir çox bölgələrə çatdırılmasına nail oldular. Qeyd etdiyim ciddi kitabların uzaqlara aparılmasından sonra, Moskvadakı "Puşkinskaya" metro stansiyasının çıxışında yerləşən və ərzaq mağazası adı altında pərdələnib əleyhimizə min cürə yalanlarla dolu qəzetlər, kitablar yayan "Armeniya" adlı marketdə ermənilər tez-tez görünməli oldular. Onları həyəcanlandıran məsələ də, sənədli kitablarımızın bir çox nüfuzlu alimlərə və yuxarı təşkilatlara çatdırılması idi. Sarkis adlı birisi, "Ara, bu nədi, Moskvada cürbəcür kitablar yayılıb. Dünən, gör bir rus mənə nə söyləyir!? Deyir ki, bu boyda Sovet İttifaqını aldatmaq istəyirsiz? Artıq arxiv materiallarına söykənən kitablar nəşr olunub, bundan sonra bir alimdə Yuri Pompeyev adlı müəllifin kitabını görmüşəm. "Siz Qarabağa İrandan köçürülübsüz, özü də on doqquzuncu əsrin əvvəllərində..." - deyir, masasının üstündə Pompeyevin kitabı olan professor. Ermənilər "Armeniya" marketinin müdirinin otağında yeni ideoloji və siyasi təxribatlar üçün planlar cızırdı... Bu arada Bakıda, rus dilində daha bir mühüm əsər dünyaya gəldi - Tatyana Çaladzenin "Mərhəmət" adlı kitabı idi bu. Xanım tədqiqatçı nüfuzlu mənbələrə əsaslanaraq, əsərində Azərbaycan, Rusiya və Ermənistanın qısa tarixi oçerkini təqdim etməklə, ermənilərin Qarabağa gəlmə olduqlarını bir daha ictimaiyyətə çatdırdı. Və qarmaqarışıq illərdə Moskva mətbuatının səhifələrinə çıxarılan yalanlardan sitatlar gətirir, sonra da faktlarla həmin uydurmaları bir-bir təkzib edir. Biz isə ləngimədən, kitabın nüsxələrini Rusiyaya və Avropaya ötürdük.

Bəzən elə şərait yaranır, mən də bəzi təcrübəmi sözarası da olsa deməli oluram. Deməli, 1997-ci il idi. İş yoldaşım Kamil Süleymanovla Moskvaya ezamiyyətə göndərilmişdik. Yuxarıda barəsində söhbət açdığım nəşrlərin nüsxələrindən, Qız qalasının yanındaki kitab mağazasında Elman müəllim kimi tanınan maraqlı bir vətənkeş insan, adları hallanan kitabların bir dənəsini bir "Nizami"yə, xahişimlə bir neçə yüz nüsxə təşkil etdi. Əlbəttə, aeroportda müsadirə etmək istədilər... nəhayət, Rusiyaya çatdıra bildim. Asudə vaxtlarımda redaksiyaları, kitabxanaları, muzeyləri axtarıb tapır və kitabların nüsxələrini bu yerlərdə görüşdüyüm şəxslərə hədiyyə edirdim. Hələ bir onlara ölkəmizdəki İvanovka, Slavyanovka, Privolnoye... onlarla digər oxşar adlı kəndlərlə bağlı məlumatlar olan qəzetin ("Russkiye Azerbaydjana - qrajdane Azerbaydjana" rubrikası altında. "Bakinskiy raboçiy", 29.11.1997) nüsxələrini də əlbəəl hədiyyə etbim. Moskvada hava soyuq idi. Mən metro ilə "Savelovskaya" stansiyasına çatana kimi, bəlkə də beş yerdə, təhqir, dava-qırğın düşdüyünün şahidi oldum. Vaqonu dəyişdim, necə deyərlər, başqa vaqona keçməyimə peşman oldum - burda yenə əxlaqsız ifadələr, yumruq, şillə... Nəhayət metrodan çıxıb on dəqiqə də piyada getdim, gəlib çıxdım "Pravda" qəzetinin redaksiyasına, kitablardan, qəzetlərdən onlara da hədiyyə etdim. burda mənə dedilər ki, sabah gələ bilməsən də telefon əlaqəsi saxla, gətirdiyin kitablarla, qəzetlərlə tanışlıqdan sonra fikrimzi söyləyək... Səhəri gün özüm getdim redaksiyaya, yenidən görüşdük. Onlar Yuri Pompeyevə, Robert Arakelova, Tatyana Çaladzeyə əhsən deyib, salam göndərdilər...

Ümummilli Lider Heydər Əliyev 1994-cü il dekabrın 31-də Azərbaycan xalqına Yenil il təbrikində demişdi: "...Tarix azərbaycanlıları bütün dünyaya səpələmişdir. Ancaq bizi sevindirən cəhət ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız öz azərbaycanlılıq hissiyyatlarını, azərbaycanlılıq xüsusiyyətlərini qoruyub saxlamışlar və öz azərbaycanlılıq, milli hissləri ilə müstəqil Azərbaycana böyük ümidlə baxırlar, dövlətimizlə öz əlaqələrini möhkəmləndirirlər" ("Azərbaycan" qəzeti, 03.01.1995).

Yuxarıda sadaladığım faktlardan da göründüyü kimi, hələ diasporumuzun təzəcə yaranmağa başladığı ağır mühitdə, taleyin hökmilə uzaq diyarlarda yaşamalı olmuş həmvətənlərimiz, Azərbaycanımızla həmrəy idilər, çəkici bizimlə bir nöqtəyə vurur, Azərbaycan-Qarabağ həqiqətlərinin Rusiyada və Avropada yayımlanması üçün bütün vasitələrdən istifadə edirdilər. Ana Vətənə belə bağlılığı və isti münasibəti, həmrəyliyi və digər şərəf gətirən xüsusiyyətləri bizə ata-babalarımız miras qoymuşlar. Və ən başlıcası odur ki, mən Rusiya bölgələrində uzun illər etdiyim müşahidələrimdən belə nəticə çıxarmışam, bəzən elə olur ki, həmyerlilərimizin böyük əksəriyyəti özlərinə qarşı təhlükəni hiss edir, lakin diaspor hərəkatında fəallıq göstərməkdən, el-obaya dair həqiqətlərin yayımlanmasından çəkinmirlər.

Ramin Məmmədov, yazıçı-publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31