RUSİYADA MİLLİ DİASPORUMUZ: YARANMASI, İNKİŞAFI, MƏTBUATI, ƏDƏBİYYATI, HƏMRƏYLİYİ
8 Dekabr 2023 12:06 SiyasətRamin Məmmədov,
yazıçı-publisist
I yazı
Şimal qonşumuz Rusiya Federasiyası nəhəng ölkədir, burda 92 inzibati subyekt mövcuddur? Yer kürəsinin 149 millyon kv km quru sahəsinin 17 milyon kv kilometr ərazisində yerləşən bu ölkənin ən ucqar bölgələrində belə milli diaspor təşkilatlarımız təsis edilmişdir. Bu o deməkdir ki, soydaşlarımız böyük ölkənin bütün vilayət və respublikalarında yaşayırlar. Yeri gəlmişkən, bu sətrlərin müəllifi də 1992-ci ilə kimi Rusiyada on beş ilə yaxın fəaliyyət göstərmiş, bir neçə təhsil almış, müstəqil jurnalistliklə məşğul olmuşdur, bir çox qəzetlərlə əməkdaşlıq etmiş, milli-mənəvi dəyərlərimizi, məşhurlarımızı təbliğ etmiş və 1992-ci ilin martında Tümen vilayətinin Nijnevartovsk şəhərində "Azərbaycan" adlı milli-mədəni icmanın yaranmasında fəal iştirak etmişdir. Onu da nəzərə çatdırım ki, 1997-2019-cu illərdə, ürəyimin hökmilə, bu ölkədəki milli diaspor təşkilatlarımızın fəaliyyətini, fəallarını, perspektivlərini, mətbuatını, ədəbiyyatını və xalqımız üçün maraq kəsb edən başqa məsələləri tədqiq etmək məqsədilə 40 dəfə yaradıcılıq səfəri etmiş, yüz şəhərdə dayanıb araşdırmalar aparmış, KİV-də xeyli sayda elmi, elmi publisistik və publisistik məqalələr dərc etdirmiş, eləcə də otuz adda kitab, o cümlədən, topladığım materialları sistemləşdirib rusca "Odlar Yurdunun övladları Rusiya tarixində" adlı portret-oçerklər toplusunun üç nəşrini çap etdirib oxucuların mühakiməsinə vermişəm. İndi mən, Rusiyadakı milli diaspor təşkilatlarımız barədə yazarkən şəxsi arxivimdən, başqa mənbələrdən istifadə edib məsələyə dair bir qədər açıqlama vermək istəyirəm.
Gərgin dövrdən keçən diaspor yolu.
Belə təsəvvür yranır ki, 1988-1991-ci illərdə SSRİdə, xüsusilə də Rusiyada cinayətkarlıq o dərəcədə yayılmışdı ki, əvvəlki 20-30 il ərzində baş vermiş qədər cinayət həmin üç il ərzində törədilmişdi. Bir sözlə, o illərdə "Pravda", "İzvestiya", "Komsomolskaya pravda", "Moskovskaya Pravda", "Moskovskiye novosti", "Krasnaya zvezda"...(hətta, "Sovetskiy sport" qəzeti də cinayətlərdən yazırdı), digər KİV vasitələri, ölkədə baş vermiş dəhşətli cinayətlərə dair məlumatlarla və bu barədə geniş reportajlarla, məqalələrlə, sənədli materiallarla açılırdı. Qarabağ faciəsinin açıq şəkildə başlamasından yeddi ay əvvəl, 1987-ci ilin avqustunda Tümen şəhərində "Qaraları vurun", "Qafqazlıları (əksər hallarda "qaraları" yazırdılar, deyirdilər) Rusiyadan qovmaq lazımdır" kompaniyası başlamışdı (Svetlana Jolobova, "Yeni inqilabçılar", "Tümenskiy komsomolets" qəzeti, 16.09 və 16.10.1987). Orada yaşayan həmyerlilərimiz üçün ağır, gərgin şərait yarandığı bir vaxtda, mən geniş yazımla "Yeni inqilabşılar"a tutarlı cavab vermiş, münasibət bildirmiş, Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında və Tümen neftinin tapılmasında inkişafında xalqımızın unudulmaz rolundan söhbət açmışdım. Bir qədər də o dövr üçün iti ifadələr işlətdiyimə aylarla redaksiyaların rəhbərliyi ilə danışıqlarımızdan sonra məqalələrimi dərc etdirə bildim (Ancaq belə dəf edə bilərik, "Tümenskaya Pravda", 1988, № 101. Atam belə öyrədib, "Tümenskiy komsomolets", 1988, № 84). Belə yaramaz, qeyri-qanuni hərəkətləri, özbaşınalığı, həssas adamlar duyur və söhbət zəmnində dilə gətirirdilər ki, hansısa qara əllər ölkəmizdə milli zəmində münaqişələr yaratmağa çalışır, cinayətkar qruplar təşkil edir, narkomaniyanı yayırlar. "Ya russkiy", "Era Rossii", "Za rus", "Za russkoye delo", "Natsionalnaya qazeta" kimi millətçi, şovinist və faşizm yönümlü qəzetlər peyda olur, bu qəbildən olan başqa nəşrlər "samizdat" qaydada buraxılır və bütün bu dərgilərin ümumi şüarı "Rusiya, ruslar üçün!", "Qafqaz, qafqazlılar üçün!" idi. Bu, düşmənçilik toxumu səpən və başdan-ayağa təhqiramiz cızmaqarayla, söyüşlə təchiz olunmuş "kağız parçaları"nın nüsxələrini kimlərsə operativ qaydada, avtobuslarda, elektrik qatarlarında, insan kütlələrinin çox olduğu yerlərdə yayımlayırdılar.
Həmin dövrdə bir yandan, məlum və naməlum qaragurumçular tərəfindən süni yaradılmış və "Qarabağ problemi" adı verilmiş erməni-sovet təcavüzü, digər tərəfdən Sovet ordusunun Bakıda qanlı qırğın törətməsi kimi faciələrimiz arxa plana çəkilir, müstəqilliyimizin elan edilməsi qısqanclıqla qarşılanırdı. Rusiyada yaşayan soydaşlarımıza qarşı millətçi-skinxedlərin təcavüzü, həmvətənlərimizi qətlə yetirməsi, şikəst etməsi, ən kədərli problemlərdən biri də informasiya blokadasına alınmağımız, nəticədə, haqq sözümüzü dünya ictimaiyyətinə çatdıra bilməməyimiz idi. Haqqımızda istədikləri yalan, böhtan dolu uydurmaları böyük imperiyanın Moskvada çıxan, o mərhələdə nüfuzlu kimi qəbul olunmuş mətbuatında yazır, mərkəzi radio-telekanallarda səsləndirir, amma bizim sözümüzü ictimailəşdirmirdilər, necə deyərlər, özümüz deyib, özümüz eşidirdik. Bir yandan da ermənilər, 1990-cı ildə Rusiya paytaxtında milyon yarım tirajla işıq üzü görmüş 1632 səhifəlik "Sovetskiy ensiklopediçeskiy slovar" kimi Sovetlər Birliyinin bütün on beş respublikasında və dünyanın aparıcı ölkələrində yayımlanan qeyri-səmimi lüğətdə xalqımıza, tariximizə, şəxsiyyətlərimizə qarşı ciddi saxtakarlıqlar edilmişdi. Bu ayrı və ciddi mövzu olduğundan, barəsində xüsusi olaraq, elmi-publisistik əsər hazırlamışam. Bircə onu demək kifayətdir ki, bu lüğətdə getmiş "Koroğlu" məqaləsində Azərbaycanın adı və Üzeyir Hacıbəyovun "Koroğlu" operası hallandırılmır. Əvəzində bildirilir ki, "Koroğlu" Yaxın Şərq və Orta Asiya xalqlarının dastanıdır. Rusiyada iki milyondan çox həmyerlimiz yaşadığı halda, yalançı lüğətdə onların sayı 336 min göstərilib. Dünya ölkələrində 48.853.291 nəfər azərbaycanlı olduğu bəlli olsa da ("Respublika" qəzeti, 1994, №79 (174), redaksiya heyətinin tərkibində V.A.Ambarsumyan olduğuna, adını çəkdiyim ensiklopedik lüğətdə azərbaycanlıların sayı 17,2 milyon göstərilib. Bir sözlə, bu lüğətin sələfi, 1954-cü ildə Moskvada üç lilddə işıq üzü görmüş "Ensiklopediçeskiy slovar"da haqqımızda yazılan tarixi məlumatlar, bütün həqiqətlər saxtalaşdırılıb. İndi Rusiyada "Lixiye 90-ıye qodı" (90-cı fəlakət və hərcmərclik illəri) adlandırılan şəraitdə, təxribatlarla, təzyiqlərlə, ikili standartlarla üzləşdiyimiz və keşməkeşli, məşəqqətli zaman kəsiyində, Rusiya paytaxtında və bölgələrində bib-birinin ardınca milli diaspor icmalarımız yaranmağa başlamışdı. Bu milli cəmiyyətlər gücləndikcə, soydaşlarımız Azərbaycan-Qarabağ həqiqətlərini əks etdirən kitablar nəşr etdirir, rəsmi junal, qəzet və "samizdat" dərgilər çap etdirib dövlət orqanlarına, ictimai təşkilatlara, başqa milli icmaların nümayəndələrinə və Rusiyanın bütün regionlardakı diaspor birliklərimizə pulsuz çatdırırdılar. Belə girişlə başlamağım ona görədir ki, bəzən olur ki, müxtəlif adamlar, diaspor təşkilatlarımızın əzablı şəraitdə formalaşdığını və bütün dövrlərdə təzyiqlərlə, nankor münasibətlərlə üzləşdiyini bilmir, ya da bilmək istəmir. Şəxsi təcrübəmdən mənim mövqeyim belədir ki, yuxarıda bəzilərini sadaladığım acı həqiqətləri heç zaman unutmamalı və daim öyrənməli, tədqiq edib nəticə çıxarmalıyıq. Yaddan çıxarmaq olmaz ki, o müsibətli illərdə, sapı özümüzdən olan baltalar da hərəkətdəydilər. Bu da ürəkağrıdan bir həqiqətdir. Bir acınacaqlı hadisəni də diqqətlə izləyəndə hiss olunur ki, o vaxtki ölkə rəhbərliyi hər şeydən xəbərdar idi və bu ağrılı hadisələrə dirijorluq edirdi. Belə ki, indi məlum olur ki, birbaşa Qorbaçovun göstərişi, diqtəsi, himayədarlığı ilə, o nifrətlə xatırlanan 1980-1990-cı illərdə, xalqımızın böyük oğlu Heydər Əliyevə qarşı qaralama kampaniyası aparılırdı. Görünür qorbaçovçular hiss edirdilər ki, bu dahi şəxsiyyəti gözdən salmaq, ləkələmək mümkün deyil. Ona görə də hücuma keçir, bütün metodlardan istifadə edir və yalan, saxta məlumatlar yayırdılar. Bəzi qəzetlər (məsələn, "Pravda", 1990, № 35) o zamanki nüfuzundan istifadə edib belə bədniyyətlilərə qoşulur, lakin istədiklərinə nail ola bilmirdilər. Çünki Heydər Əliyevin nüfuzu çox yüksək idi. Yaxşı yadımdadır, hələ Andropov ağır xəstə olanda və vəfat edəndə, o illərdə yaşadığım, vaxtaşırı müxtəlif bölgələrində məzuniyyətdə olduğum Rusiyada camaat arasında əksər vətəndaşlar deyirdilər ki, baş katib Heydər Əliyev seçiləcək. Təəssüflər olsun ki, belə düşünən sadə rus insanlar Kremldə mövcud olan və kökləri lap dərinə gedən millətçilikdən, şovinizmdən xəbərsiz idilər...
Əzablı şəraitdə yaranan, doğma Vətənə qürurla həmrəylik göstərən diasporumuz
200 il dövr ərzində Azərbaycan əvvəlcə çar Rusiyasının, sonra da Sovet İttifaqının tərkibində olmuş, bu dövlətlərin qanunları milli diaspor təşkilatı yaratmağa yol verməmişdir. Ona görə də doğma Respublikamızın yetirmələri yaranmış vəziyyətdən maksimum istifadə edərək, Rusiyada milli diaspor yaratmağa başlayanda, buna qısqanclıqla yanaşanlar, "Siz dövlət içində dövlət yaratmaq istəyirsiz?", deyə sual edənlər də olurdu. Başqa vasitələrlə də diaspor icması yaratmaq təşəbbüsünə maneələr törədilirdi. Bütün bunlara baxmayaraq 1988-ci ilin əvvəllərində Moskva şəhərində, SSRİ EA Şərqşünaslıq institutunun böyük elmi işçisi Tofliq Məliklinin sədrliyi ilə on nəfərdən ibarət təşkilat komitəsi yaradıldı. Fevral ayında isə Azərbaycan SSR-nin Moskvadakı Daimi Nümayəndəliyinin Böyük Zalında təsis toplantısı keçirərək "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyəti yaradıldı (Tofiq Məlikli, "Rusiyada Azərbaycan "OCAQ"ı, 2018, s.6). İlk iclasda Tofiq Məlikli - sədr, tarix elmləri doktoru, professor Saleh Əliyev - sədr müavini, idarə heyətinə isə texnika elmləri doktoru, professor Əli Nəsibov, fəlsəfə elmləri doktoru, professor Rafiq Qurbanov, kinorejissor Rəşid Atamalıbəyov, şair İlham Bədəlbəyli, məşhur pianoçu Ədilə Əliyeva, jurnalist Fərhad Ağamalıyev, ABŞ və Kanada İnstitutunun elmi işçisi, elmlər namizədi Rüfət Novruzov, mühəndis Fizuli Fərəcov və başqa tanınmış ziyalılar seçiliblər. Həmin tarixdən "Ocaq" öz fəaliyyətinə başlayıb. Cəmiyyətin rəsmi qeydiyyatı isə 3 oktyabr 1989-cu ildə Moskva Soveti İcraiyyə Komitəsinin toplantısında gerçəkləşib. Cəmiyyətin sədri Tofiq Məlikli açıqlamasında deyir ki, mən "Ocaq" adını təklif etdim ona görə ki, məqsədim qədim türklərdə olduğu kimi soydaşlarımızı bir ocağın ətrafında toplamaq, dərdimizdən-sərimizdən danışmaq, yeri gələndə bir-birimizə dəstək olmaq, bizi birləşdirən bayramlarımızı qeyd etmək, Moskvada yaşayan azərbaycanlıların mədəni tələblərini təmin etmək, onların hüquqlarını müdafiə etmək idi.
Bu diaspor cəmiyyəti qısa müddət ərzində bir çox vacib tədbirlər həyata keçirə bildi. Məsələn, "Ocaq" təşkilatının himayəsində Moskvada 157 nömrəli Azərbaycan milli-mədəni komponentli məktəb açıldı və təşkilatın təklifilə Aidə Quliyeva məktəbə müdir təyin edildi. Sədr Tofiq Məliklinin təklifi ilə iş planına salındı və 28 may 1988-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi və sonralar bu yubileylərin keçirilməsi ənənə halına çevrildi. Burda iştirak edənlər söyləyirlər ki, iclas olduqca möhtəşəm idi, nümayəndələrin və qonaqların sayı çox idi - Əyləşənlər qədər də ayaqüstə duranlar var idi. Tədbirdə Rusiya Milli Məsələlər naziri Vladimir Zorin təbrik çıxışı etmiş, sonra RF Dövlət Dumasının Milli Məsələlər Komitəsinin sədri, Rusiya Xalqları Assambleyasının prezidenti Ramazan Əbüllətifovun, başqa yüksək vəzifəli şəxslərin təbrikləri oxunmuşdur. Qeyd edək ki, "Ocaq" cəmiyyəti, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində başlamış Qarabağ müharibəsi, 20 Yanvar və Xocalı faciələri... barədə həqiqətləri yayımlanması və informasiya blokadasının yarılması, doğru məlumatların Avropaya ötürülməsi istiqamətində də kifayət qədər iş görmüş, toplantılar təşkil etmiş, müsbət nəticələrə nail olmuşdur.
1988-ci ildə S.M.Kirov adına Kazan Texnologiya İnstitutunun tələbəsi Eldar Dəhnəvi bir qrup azərbaycanlı tələbələri ətrafına toplayaraq, Azərbaycan Milli Muxtariyyətini yaradır. 1992-ci ilə kimi qeyri-leqal fəaliyyət göstərən bu təşkilatın fəalları Tatarıstan respublikasında keçirilən bir çox tədbirlərdə iştirak edir və Azərbaycan-Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırırdılar. Həmin cəmiyyət 1992-ci ildə "Oğuz" adı ilə rəsmi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, Rusiyadakı həmyerlilərimiz doğma Azərbaycanla həmrəylik göstərir, nə qədər ağır mühitdə yaşasalar da, onun problemlərinin həllinə kömək etməyə çalışır və yarandığı vaxtdan azərbaycançılığın təbliği ilə ciddi məşğul olurdular. Sonraki illərdə soydaşlarımızın təşkilatlanma işi daha da sürətlənir, ayrı-ayrı bölgələrdə yeni-yeni diaspor təşkilatları yaradılır, təbliğqt işinin məhsuldarlığını artırmaq məqsədilə onlarla mətbuat vasitəsi təsis edilir. Bu barədə qeydlərimin irəlidəki hissəsində söhbət açmaq istəyirəm.