Bu Azərbaycanın eksklavlarla bağlı məsələni gündəmə gətirməməsi üçün əks-hücumdur-Anar Əliyev- ÖZƏL

"Azərbaycan Ermənistanla sülh münasibətlərini vasitəçilərin, 3-cü tərəfin iştirakı olmadan, iki tərəf arasında birbaşa görüş çərçivəsində həll edilməsini təklif edib." Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Gürcüstana səfəri çərçivəsində, həm də Xankəndidə çıxışı zamanı Ermənistana bu təklifi səsləndirdi və çox təəssüf ki, ötən müddət ərzində biz Ermənistandan sülh prosesini irəli apara biləcək bu təklifə ciddi bir reaksiya, cavab görməmişik. Bunun qarşılığında Ermənistan Azərbaycanla sərhədlərin Delimitasiyasıyla üzrə Dövlət Komissiyasının ikitərəfli formatda görüşünün keçirilməsinə razılığını bildirdi. 30 noyabr tarixində bu çərçivə daxilində Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində görüş keçirildi. Görüş zamanı təbii ki, əsas müzakirə məsələləri Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələləri, xüsusilə də Qazaxın hələ də işğal altında olan 7 və Sədərəyin Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi müzakirə olunmalıdır. Ümumiyyətlə bizim sərhədlərin delimitasiyasıyla bağlı Dövlət Komissiyasının fəaliyyətində əsas hədəf başlıca olaraq hələ də erməni işğalı altında olan torpaqlarımızın geri qaytarılması prosesləridir. Bundan sonra biz digər istiqamətli məsələlər, xüsusilə də dövlət sərhəddimizin müəyyənləşdirilməsi ilə bağlı keçmiş Sovet xəritələri əsasında işlərin aparılmasına başlamağı təklif edirik. Bu kəndlərin bəziləri Ermənistan ərazisində anklav, Azərbaycanın eksklavı olaraq yerləşsə də, bir neçəsi Azərbaycan torpaqları ilə birbaşa sərhəddir. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızla sərhəddir. Ona görə də həmin kəndlərin birbaşa eksklav olmayan, torpaqlarımızla sərhəd olan kəndlərin geri qaytarılmasında hər hansı bir problem mövcud deyil. Amma eksklavlarla bağlı məsələlərdə təbii ki, həyata keçirilməli olan bir çox prosedurlar mövcuddur. Xüsusilə də nəzərə alsaq ki, həmin ərazilərdə əhalinin bura köçürülməsi və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər ciddi şəkildə düşünülüb həll edilməlidir. Ona görə də hesab edirəm ki, indiki şərtlər altında eksklav ərazilərimizin Azərbaycana təhvil verilməsi və azərbaycanlıların ora köçürülməsi ilə bağlı müəyyən problemlər mövcuddur. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayana kimi, birgəyaşayış, qarşılıqlı inam, etimad mühiti formalaşmayana kimi, qarşılıqlı iqtisadi ticarət əlaqələr, nəqliyyat-kommunikasiya münasibətləri qurulmayana kimi həmin eksklavlarımızın taleyi ilə bağlı məsələlər ən azı sərhədlər üzərində həll edilə bilər, real praktik sahədə bu istiqamətdə addımlar atılmasına hələ müəyyən dövr var. Amma təəssüf ki, Ermənistan tərəfinin addımları onu göstərir ki, Ermənistan nəinki eksklavlarınhələ də işğal altında olan digər kəndlərimizin də geri qaytarılması istiqamətində addımlar atmağa hazır deyil. Xüsusilə də   Simonyanın sərhəddə delimitasiya komissiyasının görüşü ərəfəsində səsləndirdiyi gülünc doğuran, absurd, həqiqətlə qətiyyən uyğun olmayan fikirləri 31 Ermənistan kəndinin tam və ya qismən guya Azərbaycanın  işğalı altında olması ilə bağlı iddiası, ittihamı hesab edirəm ki, Azərbaycanın eksklavlarla bağlı məsələni gündəmə gətirməməsi üçün əks-hücum, əks-həmlədir. Bu məsələni gündəmə gətirməməsində eksklavların taleyiylə bağlı müzakirələri mümkün qədər arxa plana keçirməyə çalışırlar. Ona görə də hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsi istiqamətində proseslər paralel həyata keçirilməklə yanaşı,sərhədlərin delimiyasiyasından daha çox qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əsaslanan nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, ticarət, iqtisadi əlaqələrin qurulmasına əsaslanan sülh müqaviləsinin imzalanması üzərində fokuslanmalıyıq. Sərhədlərin delimitasiyası isə bu proseslər həyata keçirilməklə paralel və bundan sonra reallaşması zəruri olan addım kimi qiymətləndirilə bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31