Niyə indi, Avropa qurumları?

Avropa Parlamentinin bir qrup deputatının  İranda yaşayan azərbaycanlıların diskriminasiyasına qarsı Avropa İttifaqının tədbirlər görməsinə çağırış etməsi ciddi hadisədir.

Adətən,  Avropa qurumları  İran müxalifəti, rejim əleyhdarları adına royalistləri (səltənətçiləri), solçuları ("Tudə" və "Tudə"dən qopan təşkilatlar), "Mocahedane Xəlq"-i, feminist hərəkatı, hətta bəluc və Əhvaz ərəblərinin hərəkatlarını qəbul etsə də, Azərbaycan milli hərəkatına diqqətsiz olub.  Bəlkə də bunun bir səbəbi Avropadakı İran müxalifətinin  Azərbaycan milli hərəkatına qarşı  qərəzli fəaliyyətindən irəli gəlib. 

Buna bənzər təşəbbüslər ümumən az qeydə alınıb.

2012-ci il sentyabrında amerikalı konqresmen Dana Rohrabacherin azərbaycanlılara öz müqəddəratını təyinetmə haqqı verilməsi haqda qətnamə layihəsi siyasi ekzotika janrında təşəbbüs kimi az sonra da unudulmuşdu.
Bu il İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanın yaranmasına dəstək məktubunun dərcindən sonra İsrailin informasiya naziri Gila Qamliel  həmin deputatların əksəriyyətini imzalarını geri çəkməyə inandırmışdı. Bu addımın səbəbi də xaricdəki İran müxalifətinin  Azərbaycan milli hərəkatına mənfi münasibəti olmuşdu.
Ona görə də Avropa parlamentində təşəbbüsü ciddi irəliləyiş hesab etmək olar. Amma bundan həvəslənib böyük ümidlərə düşmək, təşəbbüsün hansı mərhələyə qədər gəlib çıxacağını bilmədən uzağagedən nəticələr də hasil etmək lazım deyil. 
Dərhal beynəlxalq mexanizmlərin işə düşüb azərbaycanlıların haqlarının bərpa olunacağını gözləməyin. 
O haqqı kimsə soydaşlarımıza əta etməyəcək, yalnız özlərinin dinc mübarizəsi bir nəticə verə bilər.
Müraciətdə azərbaycanlıların İran əhalisinin 16 faizini təşkil etdiyi deyilir,  CİA hesabatlarında 25 faiz, keçmiş Sovet İttifaqının müvafiq qurumlarının hesabatlarında 30-35 faiz, İRNA fars xidmətinin bu yaxınlardakı qalmaqallı məqaləsində 40 faizdən bəhs olunurdu.  Mən "etnik" ya "milli azlıq" ifadəsinə etiraz etmirəm, bunun bir siyasi yanaşma olduğunu(hakim  statusunda olmayan hər hansı xalq azlıq sayıla bilər) anlayıram. Amma  sayımızın iki dəfə az göstərilməsini də düzgün bilmirəm. 
İlk dəfə ciddi beynəlxalq siyasi institutda milli haqlarımız gündəliyə çıxarılsın, amma belə yanlışla!? Yanlışın davamlı olmayacağına heç bir qarantiya yoxdur axı.
Nəhayət, mənə təşəbbüsün zamanı və təqdimatı qəribə gəldi. Azərbaycanla İran arasında nisbi yumşalma müşahidə olunan bir vaxtda nədən cənubi azərbaycanlıların haqları Avropa qurumlarının yadına düşüb?.
Həm də müraciətdəki dörd bənd (assimilyasiya, ekoloji  fəlakət, siyasi və  iqtisadi diskriminasiya) nə müddətdir ki, səslənən , lakin dünyanın eşitmək istəmədiyi tələbləri bütövlükdə ehtiva edir.  Bir müddət əvvəl bu dörd tələblə bağlı İranın rəsmi və millətçi nəşrləri də  əks kampaniyaya başlayıb, "Bakı və Ankaradan idarə olunan qurdpərəstləri" İranı qarışdırmaqda ittiham edirdilər.
Daha qəribəsi isə bu təşəbbüsü müşayiət edən bir sirr pərdəsidir. Nə ingilis, nə fars dillərində mövzu barədə, təşəbbüsün pərdəarxası, ictimai lobbiçiliyi haqda nəsə tapmaq mümkün deyil. Yalnız üstündən bir xeyli keçəndən sonra Azərbaycanın  müxalif sosial səhifələrdən birində  pafoslu səthi məlumat  verilir.

Cəmaləddin N. Quliyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31