Fransa unudur ki, Azərbaycan 90-cı illərin əvvəlindəki Azərbaycan deyil - Anar Əliyev - ÖZƏL
24 Noyabr 2023 23:22 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"44 günlük Vətən Müharibəsi ilə Azərbaycanın formalaşdırdığı yeni şərait və bu şəraitin diktə etdiyi şərtlər çox təəssüf ki, demokratiyadan, insan haqları və hüquqlarından danışan beynəlxalq hüququn prinsiplərini özünün xarici siyasətinin başlıca prioritet istiqaməti kimi qiymətləndirən bir çox dövlətlərin maraqlarına zidd olduğu kimi qəbul olundu, dövlətlər tərəfindən xoş qarşılanmadı."
Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Xüsusilə də Azərbaycanın müstəqil xarici siyasət yeritmək və Cənubi Qafqazdakı proseslərdə müstəqil aparıcılıq iddiaları həmin dövlətlər tərəfindən qısqanclıqla qarşılandı. Bu dövlətlərin siyahısında çox təəssüf ki, Avropa dəyərlərinin daşıyıcısı olduğunu bəyan edən Fransa çıxış etməkdədir. Fransanın Cənubi Qafqazla bağlı fəaliyyəti bu gün çox təəssüf ki, münasibətlərin normallaşmasına, kövrək sülhün möhkəmləndirilməsinə deyil, tamamilə əksinə münasibətlərin gərginləşdirilməsinə, konfrantasiya mühitinin yaranmasına xidmət edir. Yenə də təəssüflə qeyd etməliyik ki, Cənubi Qafqazdakı proseslərdə bu gün qlobal güclər Fransa, ABŞ kimi BMT Təhlükəsizlik Şurasının üzvləri sülhü əsas təhdid edən dövlətlər siyahısında çıxış edirlər. Fransanın belə destruktiv davranışlarının kökü isə hələ 1878-ci il Osmanlı Rusiya imperiyaları arasında imzalanmış Berlin müqaviləsinə gedib çıxır. Çünki, məhz həmin iki imperiya arasında gedən 1877-ci və 1878-ci il döyüşlərinin nəticəsində San-Stefano razılaşması imzalanır və məhz Fransa, Almaniya kimi böyük güclərin, imperiyaların, bu proseslərə qətiyyən aidiyyatı olmayan dövlətlərin təhriki ilə Rusiya və Osmanlı arasında imzalanan müqavilə qüvvədən salınır, beynəlxalq hüquqda deyildiyi kimi denonsasiya edilir və yeni müqavilə olan Berlin razılaşması imzalanır. Berlin razılaşmasına ilk dəfə Cənubi Qafqazda Fransanın, Almaniyanın, digər Avropa imperiyalarının maraqlarını qorumağa xidmət edəcək, onların maraqları uğrunda alət olacaq erməni məsələsi 61-ci maddə ilə əlavə edilir və həmin dövrdən başlayaraq xüsusilə Fransa Cənubi Qafqazda proseslərə təsir etmək imkanlarını davamlı şəkildə artırmağa çalışıb. Bölgəni daim öz nəzarətində saxlamaq, proseslərdə əsas aparıcı rolunda çıxış etmək iddialarını ortaya qoyub. Bu iddialarda isə əsas alət rolunda təəssüf ki, hər zaman bölgə erməniləri çıxış ediblər. 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqillik əldə etməsi və həmin dövrlərdə də bölgəmizlə bağlı Fransa tərəfindən aqressiv xarici siyasət həyata keçirilmiş, xüsusilə ermənilərin müdafiəsinə xidmət edən və ermənilər üzərindən öz maraqlarını həyata keçirməyə əsaslanan bir siyasət formalaşmışdır. Lakin Sovet imperiyasının Qafqazı işğalından sonra bir çox Qərb imperiyalarının, eləcə də Fransanın Qafqazla bağlı siyasətləri müəyyən qədər arxa plana keçmişdir. Müstəqillik əldə etdikdən sonra isə Fransa yenə də bölgəmizdə destruktiv fəaliyyətini davam etdirmək, ermənilər üzərindən işğalçılıq siyasətini həyata keçirməklə gənc və müstəqil dövlət olan Azərbaycanın ərazilərini işğal etmək və nəticə etibarilə bölgəyə təsir imkanlarını artırmağa çalışıb. Ona görə də uzun onilliklər ərzində Fransa kimi dövlətlər Ermənistanın işğal siyasətini müdafiə etməyə və işğal faktının davamını təmin etməyə xidmət edən davranışlar nümayiş etdiriblər. Azərbaycanın 44 günlük Vətən Müharibəsilə yaratdığı yeni reallıqlar isə uzun onilliklərə, yüzilliklərə dayanan Fransanın Cənubi Qafqaz siyasətinə birbaşa təhdid və zərbədir. Azərbaycanın müstəqil xarici siyasət yeritməsi Rəsmi Paris tərəfindən heç də xoş qarşılanmır, özlərinin maraqlarına təhdid, zərbə kimi qiymətləndirirlər. Ona görə də mümkün bütün variantlardan istifadə etməklə Azərbaycanın formalaşdırdığı reallıqların şərtlərinə alternativlər yaratmaq, yeni şərait formalaşdırmaq və bu şəraitin diktə etdiyi şərtlər altında Azərbaycana təzyiqlər həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, bu günə qədər Ermənistanın sülh prosesindən uzaqlaşdırılması, Ermənistanın silahlandırılması və revanşist əhval ruhiyyənin Ermənistanda alovlanmasına xidmət edən fəaliyyətin, davranışın da kökündə məhz bu dayanır. Ancaq Fransa unudur ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Azərbaycana təzyiqlər, təhdidlər yoluyla onu tutduğu, haqlı bildiyi yoldan döndərmək, çəkindirmək mümkün deyil. Xüsusilə də Azərbaycanın kifayət qədər güclü iqtisadi potensiala, müstəqil xarici siyasətə və daxildə hakimiyyət, xalq birliyinə sahib olduğu indiki şərtlər altında Azərbaycanla bu ritorika ilə danışmaq yalnız və yalnız əlaltı etdiyi Ermənistanın və Fransanın maraqlarına zərbə vuracaq və vurmaqdadır. Bunun real nəticələrini biz artıq bölgəmizdə baş verən proseslərdə müşahidə etməkdəyik. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi də Fransanın fəaliyyətinin, davranışlarının mahiyyətini çox gözəl anladığı üçün bütün mümkün imkanlardan istifadə edərək Fransanın dırnaqarası vasitəçiliyinə qarşı etirazını bildirir və onun iştirak etdiyi, Fransanın təmsil olunduğu istənilən platformadan imtina edirik. Bu platformalar çərçivəsində Cənubi Qafqazda münasibətlərin tənzimlənməsini biz məqbul hesab etmirik. Bütün bu baş verənlər onu göstərir ki, Fransa ABŞ başda olmaqda bölgədə bir çox güclər münasibətlərin tənzimlənməsini deyil, əksinə münasibətlərin yenidən gərginləşməsini, Cənubi Qafqazın bir müharibə ocağına, bir alova bürünməsinə çalışırlar və burda başlıca hədəf isə bulanıq suda balıq tutmaq daha asandır prinsipi ilə öz maraqlarını həyata keçirmək istəyi siyasətidir."