Fransa regiona gərginlik gətirir
27 Oktyabr 2023 14:10 SiyasətAzər Qasımov: "Paris beynəlxalq hüquqa hörmət qoymalıdır"
Fransa açıq şəkildə Cənubi Qafqazda gərginlik yaratmaq, yeni müharibəyə rəvac verməyə başlayıb. Bu ölkənin ciddi şəkildə Ermənistanı silahlandırması fonunda bunu aydın görmək mümkündür.
Rəsmi Parisin Cənubi Qafqaza gəlməsinin başlıca məqsədi barədə danışan politoloq Azər Qasımovun sözlərinə görə, geopolitika elədir ki, ya sən reallığa güzəştə gedirsən, ya da reallıq sənə:
"Azərbaycanla Ermənistanın durumunda olduğu kimi. Azərbaycan mövcud reallığı öz xeyrinə dəyişdirdi. Reallığı özünə güzəştə getməyə məcbur etdi. Güzəştə gedən reallıq isə Rusiya daxil az qala bütün güc mərkəzləri oldu. ABŞ, Rusiya, İran, Avropa İttifaqı, Fransa və s. Niyə az qala hamısı, çünki 30 illik işğal dövründə kimsə Azərbaycanın torpaqlarının geri qaytarılması üçün real və ciddi şəkildə heç bir addım atmadı. Sadəcə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi oldu, amma bu da sadəcə beynəlxalq hüququn gərəyi kimi edildi ki, bu da, edilməli idi. Amma istər BMT Təhlükəsizlik Şurasının üzvlərinin beş daimi, istərsə də dəyişən müvəqqəti on üzvünün bu qərarları həyata keçirmək üçün 30 il mexanizmlər hazırlayıb, tətbiq etmək üçün heç bir istəyi və marağı olmadı. Azərbaycan isə bu reallığı öz iradəsinə tabe etdi. Bu reallığın əl-qolunu bağladı. BMT-nin işini gördü, BMT-nin adını hörmətdən düşməkdən qurtardı, dolayısı ilə də həmin üzv ölkələrin".
Politoloq deyir ki, Ermənistan isə reallığa güzəştə getməyə məcbur edildi, xüsusən də, ona bilavasitə açıq dəstək olan ölkələr də daxil:
"Bu ölkələrin başında Fransa gəlir. Fransa güclü və tarixən imperiyaları olan dövlət kimi xarakterizə edilməklə yanaşı, Ermənistana xüsusi yaxınlığı ilə seçilən ölkədir. Ermənistanla münadibətlərinə gəlməmiş Fransanın imperialist siyasətinin real faktları ilə tanış olmaq yerinə düşərdi. Orta əsrlər müstəmləkə tarixinin bariz nümunəçisi olan Fransa bu gün də hələ neoimperialist siyasətini davam etdirir.
Fransanın Cənubi Amerikadan başlayan müstəmləkə siyasəti Mərkəzi Afrika, Hind okeanı adaları, eləcə də, Aralıq dənizində Korsika adası ilə bərabər Antarktikaya qədər gedib çıxır. Fransanın dənizaşırı müstəmləkələrinin sahəsi, ümumiyyətlə, Fransa ərazisinin dörddə biri qədər olmaqla yanaşı, bu ərazilərdə 3 milyon insan yaşayır. Ayrı-ayrı nəzər salsaq, Fransa müstəmləkələri Fransız Qvianası vasitəsilə Braziliya və Surinamla Cənubi Amerikadan başlayır. Saint Martin adası Kariblərdə olan başqa Fransa dənizaşırı müstəmləkəsidir. Bu adanın şimalı Fransaya, cənubu isə Hollandiyaya aiddir. Hollandiya Antilləri ilə həmsərhəddir. Fransanın Kariblərdə olan bir torpağı da Martinikdir. Porto Rikonun cənub-şərqində yerləşən Qvadolupo başqa Fransız müstəmləkəsidir. Afrika qitəsində Re Union Hind okeanında Madaqaskarın yaxınlığındakı başqa Fransa torpağıdır. Moetta adası yenə də bu ərazilərdə olan və Komorların da iddia etdiyi başqa bir adadır. San Bartameli, San Pier, Mikelion, Valisi, Futuna və Avstraliyaya yaxın fransız Polinezyası da Fransa torpaqlarıdır. Yeni Koledoniya adası özünəməxsus idarəçiliyi olan digər fransız torpağıdır. Antarktikada torpaqları olan Fransanın bu ərazilərdə araşdırma qruplarından ibarət insanları olmasından başqa həmin ərazilərdə insan yaşamır. 11 km-lik Klip Perton adası Fransanın şəxsi malı olmaqla yanaşı burda da insan yaşamır. Son Sulin adası isə Ispaniya və Fransa arasında yerləşir və altı aydan bir əl dəyişdirir, ortaq işlədilir. Bu məsələlərdən ən maraqlısı Korsika adasıdır. Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir. Fransa müstəmləkə tarixi həqiqətən də cəlbedici həqiqətləri ilə çox maraqlı tarixdir.
Qısa məlumatdan sonra görmək olur ki, Fransa dövləti indinin özündə müstəqillik istəyən ərazi və xalqlarla doludur. Bunların əksəriyyəti xüsusi status, müstəqillik, özünüidarə, xüsusi tələblər irəli sürür. Bu ərazilərin bəziləri Avropa İttifaqı ərazisi hesab edilib, pul vahidi avro və Şengen ərazisi olsa da, bəzilərində ancaq Fransanın onlarda işlədilən pul vahidləri işlədilir. Müxtəlif idarəçilik üsulları tətbiq edilir. Korsikalıların və digər ərazilərin hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni iddia və ideyalara dəstək verir, məsələn Azərbaycan ərazisindəki separatizmi dəstəkləyir".
Politoloq deyib ki, Fransanın Ermənistan sevgisi isə yeni sevda deyil, amma məqsəd indi yenidir:
"Afrikada torpaqları olmasa da illərdir sümürdüyü, istismar etdiyi Mali, Niger, Somali və s. kimi ölkələrdən qovulan, illik Afrikadan 500 milyard gəlir əldə edən Fransanın yeni oyunlar oynamaq üçün meydança axtardığı görünür. Məsələ ondadır ki, kiminin pulu ilə, kiminin siyasəti ilə dolanan Fransa erməni lobbisinin dəstəyini həyatı hesab edir. Erməni lobbisi Fransa siyasi, hətta iqtisadi həyatının tərkib hissəsidir. Bu dəstəkdən məhrum olmaq hər bir fransız siyasi lider üçün məhvə bərabərdir. Məcburi şəkildə erməni lobbisinin, dolayısı ilə Ermənistanın yanında olmaq isə məcburi şərtlərdən biridir. Bu səbəbdəndir ki, Fransa son bir neçə ayda xüsusi ilə aktivləşib. Azərbaycan-Ermənistan məsələsi sona çatmağa meyilli görünsə də, Fransanın oyunları yeni başlayır. Ermənistan bir ölkənin For-postu olmaqdan yaxasını qurtarıb, yenidən digərinə For-post olmağa hazırlaşır. İki ölkə arasında Müdafiə nazirləri zenit müdafiəsi üzrə anlaşma memorandumu imzalayıblar. Saziş imzalanıb ki, Ermənistan Fransadan üç "GM200 RLS" alsın. Bu radarlar 250 km radiusda həm alçaq hündürlükdə, həm də aşağı sürətli PUA-ları və döyüş təyyarələrini aşkar edə bilir".
Azər Qasımov hesab edir ki, Ermənistan həmçinin Avropanın əsas raket istehsalçılarından biri ilə anlaşma memorandumu imzalayıb6
"Həmin sənədə əsasən, gələcəkdə Ermənistan da "Mistral" zenit-raket kompleksləri alacaq. Müdafiə nazirləri mətbuat konfransında Ermənistan-Fransa razılaşmasının dəyərini açıqlamayıblar. Fransanın müdafiə naziri yalnız qeyd edib ki, əldə edilən silahlar hücum xarakterli deyil, müdafiə xarakteri daşıyır. Bu, təbiətinə görə yalnız Ermənistan ərazisinə, mülki əhaliyə qarşı təcavüz zamanı istifadə oluna bilən silah sistemidir. Siz özünüzü müdafiə etməyi və əhalinizi qorumağı bacarmalısınız. Ermənistanla Fransa arasında müdafiə əlaqələri bu sadə prinsipə əsaslanır" - deyərək, Fransanın Müdafiə naziri Sebastien Lekornu bəyan edib".
Politoloq deyib ki, bütün bunlar Qərbin artan siyasi dəstəyi Ermənistanın Rusiyadan ayrılmağa çalışdığı bir vaxtda baş verir:
"Moskvanın rəhbərlik etdiyi KTMT hərbi alyansının üzvü olmasına baxmayaraq, Azərbaycana qarşı münaqişədə kömək üçün Rusiya Prezidenti Vladimir Putinə edilən müraciətlərə məhəl qoyulmayıb və Baş nazir Nikol Paşinyan ötən ay "POLITICO"-ya bildirib ki, müdafiə üçün Rusiyaya arxalanmağı dayandırmağın vaxtı çatıb. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanın Zəngəzuru işğal edəcəyi ilə əlaqəli bəyanatının sayəsində, Azərbaycanın Ermənistana hücum edəcəyi adı altında, Ermənistanın təcili şəkildə müdafiəyə ehtiyacı olduğu görüntüsü yaradılır. Guya, Azərbaycan Ermənistana hücum edəcək, Rusiya da buna göz yumur, eyni zamanda, bunu dəstəkləyir və Qərb də Ermənistana mütləq dəstək olmaq adı altında Ermənistana gəlməlidir və ya Ermənistan Qərbi dəvət etməlidir ki, gəlib onu qorusun. Paşinyanın bu yöndə bəyanatlarının, yəni "Rusiya bizi qorumadı, öz müttəfiqlik vəzifələrini yerinə yetirmədi, ona görə də biz, məcbur olub yeni müttəfiqlər axtarmalıyıq"- deməsinin kökündə Qərbin Ermənistana gətirilməsi istəyi dayanır. Qərb bunu etməklə Azərbaycanın adından istifadə edir, amma məqsədi Rusiyanı bölgədən çıxarmaqdır".
Azər Qasımov qeyd edib ki, Azərbaycanın Ermənistanla işi böyük ölçüdə başa çatıb. İki ölkə arasında sülhün olacağı, ya olmayacağı ikinci dərəcəli, hətta Azərbaycan üçün ən sonuncu məsələdir:
"Azərbaycan öz torpaq bütövlüyünü təmin etdikdən sonra Ermənistan adlı ölkənin onunla sülh bağlanmasının heç bir əhəmiyyəti yoxdur. Bu sülhün Azərbaycana verə biləcəyi heç bir divident yoxdur. Tək vacib məsələ Naxçıvanla əlaqə məsələsidir ki, bunun da alternativinin İran ərazisindən çəkilməsinə başlanılır. Azərbaycanın bu addımı atmaqla Qərbin planlarını pozduğu görünür. Qərb "Azərbaycan Zəngəzuru işğal edir" yalanları üzərindən öz hərəkətinə haqq qazandıra bilmir. Azərbaycan göstərir ki, onun üçün heç bir fərqi yoxdur ki, Naxçıvanla əlaqə hardan olacaq. Əsas odur ki, əlaqə olsun, xüsusən də, bu əlaqə 30 ildir İran ərazisindən aparılır. Bu durumda Fransanın Ermənistanı guya Azərbaycandan gələn təhlükəyə qarşı müdafiə üçün silahlandırması yalanı da əhəmiyyətini itirir. Amma Ermənistanın silahlanması məsələsi Azərbaycan dövləti üçün prinsipial məsələdir. Təbii ki, Ermənistan nə qədər silahlanarsa, Azərbaycan ordusu səviyyəsinə çata bilməz, eyni zamanda, Azərbaycan ordusu da yerinə durmur, daha da müasir silahlarla silahlanır və silahlanacaq. Məsələ ondadır ki, Ermənistan adekvat ölkə deyil. O, işğalçı ölkədir və bu işğalı Azərbaycan ərazilərində edib. İşğalın nəticələri də göz önündədir. On minlərlə insan itkisi, dağıdılmış, xaraba qoyulmuş yaşayış məntəqələri, yüzlərlə itkin düşmüş, minalarda həlak olmuş, milyondan çox yaşayış yerlərindən didərgin düşmüş insanlar. Bu faktlardan sonra Ermənistanın yenidən silahlanması gələcəkdə eyni faktların yenidən törədilməyəcəyinə qarantiya vermir, hətta sülh olsa belə. Bu durumda Azərbaycan dövlətinin əsas işi Ermənistanın silahlanmasının qarşısını almaqdır. Bunun üçün Azərbaycan Ermənistanın silahlanmasına nəzarət etməlidir. Əgər Ermənistan yenidən silahlanacaqsa, Azərbaycan bunun qarşısını almaq üçün preventiv tədbirlər görmək hüququnu özündə saxlamalıdır. Azərbaycan bunu öz əhalisinə qarşı təhlükə olduğunu bəyan etməli, daşınan silahları məhv etmək üçün lazım gəlsə Ermənistan ərazisində hərbi əməliyyat belə keçirməlidir".
Politoloq deyir ki, Fransanın öz məqsədləri üçün Ermənistanı silahlandırmaq istəyini Azərbaycan dövləti öz lehinə dəyişməlidir:
"Azərbaycan dövləti yaranacaq gərginliyin səbəbini və nəticələrini Fransanın üzərinə qoymalı, onu günahkar çıxarmalıdır. Bu, Azərbaycanın süveren hüququdur və dünya ictimaiyyəti bunda Azərbaycanı günahlandıra bilməz. Bu durumda silahların daşınmasında əsas nəqliyyat marşrutu olan Zəngəzur ərazisi nəzarətə götürülə bilər. Silah daşınması məqamında ələ keçirilən silahlar müsadirə edilə və beynəlxalq ictimaiyyətə sübut kimi təqdim edilə bilər. Bu, eyni zamanda, güclü təbliğat kampaniyası ilə eyni zamanda aparılmalıdır ki, Azərbaycan öz haqlı mövqeyini isbat etmiş olsun.
Fransa Ermənistanı atdığı addımlarla dəstəkləməklə regiona gərginlik gətirir. Fransa beynəlxalq hüquqa hörmət qoymalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini təbii qarşılamalıdır. Fransanın özünün müstəmləkə ərazilərində haqlı müstəqillik tələblərinin baş qaldırması faktlarına vaxt ayırmasını xatırlatmaqla yanaşı, əgər həqiqət axtarırlarsa, həmin 3 milyondan çox insanın yaşadığı müstəmləkə ərazilərindəki xalqların azad edilməsi məsələləri ilə məşğul olmağı məsləhət görürük. Ermənistan zatən müstəqil hesab edilən ölkədir. Özünü normal idarə edəndən sonra kimsənin onunla işi yoxdur".
Süleyman İsmayılbəyli