Qarabağ erməniləri məcbur qalıb Bakıya gələcəklər- ÖZƏL
4 İyul 2023 12:12 Siyasət"Qarabağ erməniləri məcbur qalıb Bakıya gələcəklər. Çünki Qarabağda separatçıların nəzarət etdiyi hissədə iqtisadi və sosial vəziyyət ağırlaşıb". "OLAYLAR" xəbər verir ki, politoloq Elxan Şahinoğlu belə deyib. O bildirib ki, Xankəndidə Qarabağ separatçılarının "dövlət naziri" Qurgen Nersisyan "hökumətin" toplantısında qəbul edilən qərarları elan edib:
"Qarabağdakı ailələrə şəkər tozu və yağ məhsulları xüsusi yerlərdə paylanacaq, Qarabağda yanacaq çatışmazlığı olduğundan ictimai nəqliyyatın və xidməti maşınların hərəkəti məhdudlaşdırılacaq. Bu səbəbdən "dövlət idarəsinin" işçiləri evlərindən çalışacaqlar".
Politoloqun sözlərinə görə, Qarabağ separatçıları anlayırlar ki, onlar üçün halqa daralıb:
"Rusiya hərbi kontingenti iki ildən sonra bölgəni tərk edəcək, Ermənistan Qarabağ separatçılarına dəstək verə bilməyəcək, sərhəd Azərbaycanın nəzarətindədir. Belə olan halda Qarabağ ermənilərinin yeganə alternativi Azərbaycan təmsilçiləri ilə dialoqu davam etdirmək və Bakının şərtlərini qəbul etmək olacaq".