Vaşinqtonun regionda sülhə yönəlik səylərini heçə endirməyə çalışırlar- ÖZƏL
3 İyul 2023 12:41 Siyasət"Vaşinqton və Arlinqtonda Azərbaycanla Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar getdiyi vaxt Qarabağın Rusiyanın müvəqqəti hərbi kontingentinin kontrolu altında olan hissəsindən ordumuzun mövqelərinin ardıcıl şəkildə və azğıncasına atəşə tutulması təsadüfi deyil". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, heç kimə sirr deyil ki, ABŞ haylar üzərində təsirləri qabarıq görünən digər 3 dövlət- Rusiya, İran və Fransadan fərqli olaraq Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasında doğrudan da maraqlıdır və bunun mümkün qədər tez baş tutmasını istəyir: "Qarabağdakı qanunsuz silahlı birləşmələrdən proksi kimi faydalananlar isə onları qısqırdaraq gərginlik yaratmaqla Vaşinqtonun regionda sülhə yönəlik səylərini heçə endirməyə çalışırlar. Amma bir şeyi unudurlar ki, Azərbaycanım artıq səbr kasası dolmaq üzrədir. Qarabağdakı təxribatlara verilən lokal cavablar oradakı qanunsuz silahlı birləşmələrin tam zərərsizləşdirilməsi ilə nəticələnəcək geniş antiterror əməliyyatı ilə əvəzlənə bilər".