Azərbaycanın nəqliyyat strategiyasında Heydər Əliyev modeli

Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsindən asılıdır. Bu reallıq 100 illiyini qeyd etdiyimiz Ümumilli lider Heydər Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilib. Elə bu səbəbdən də Ulu Öndər Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu bütün dövrlərdə nəqliyyat kommunikasiyalarının önündə gedən dəmir yolunun inkişafına daim diqqət və qayğı göstərib. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın uzun dövrdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı. Ümummilli liderin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsasını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Keçmiş ittifaq səviyyəsində mövcud iqtisadi əlaqələr qırıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin təbii resurslardan istifadə olunması və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm önəm daşıyırdı. Bu məqsədə nail olmaq işində Ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmiryolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmiryolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilib. Belə ki, Azərbaycanda nəqliyyat dəhlizinin fəaliyyətinin bərpa olunması prosesi 1994-cü ildə Ümumilli Liderin əsasını qoyduğu "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanıb. Bununla Azərbaycan bölgədə tranzit əhəmiyyətli dövlətə çevrilib. Ardınca Qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilən kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırıb. Nəticədə 1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizində iştirak etməyə başlayıb. Əsas daşınma dəhlizi hesab olunan TRASSEKA  böyük İpək Yolunun Bakıdan Böyük- Kəsik stansiyasına qədər məsafəni və daha sonra üçüncü dövlətə çıxışını əhatə edir. Etiraf edilməlidir ki, sözügedən beynəlxalq layihələrin reallaşması ümumilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və qətiyyətinin nəticəsində mümkün olub.

Polad magistralın inkişaf mərhələsi

Ulu öndər Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış durğunluğu aradan qaldıraraq bu sahənin inkişafını təmin edib. Bunu dəmir yolunun inkişafı məqsədilə həyata keçirilən tədbirlər bir daha təsdiq edir. Məsələn, əvvəllər xarici ölkələrdə təmir olunan vaqonların ölkəmizdə təmirinə ilk dəfə olaraq  1997-ci ildə Bakı vaqon deposunda başlanılıb. 1998-ci ildə ilk dəfə olaraq Bakı lokomativ deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunub. 4 yanvar 1998-ci ildə Dübəndi terminalının açılş mərasimi keçirilib. Həmin mərasimdə Ümumilli lider Heydər Əliyev iştirak edərək dəmiryolunun fəaliyyətini yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edilib. 4 dekabr 1997-ci ildə isə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxılıb. Ondan sonra mərhələlərlə Kiyev, Brest, Xarkov, Həştərxan, Yekaterinburq, Sank-Peterburq, Tümen, Novosibirsk, Voronej, Lvov, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları hərəkətə buraxılıb. 1997-ci ilin fevral ayından Naxçıvan-Təbriz sərnişin qatarı həftədə bir dəfə olmaqla hərəkətə başlayıb. 28 dekabr 1996-cı ildə bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verilib. 4 mart 1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxılıb. 1999-cu ildə Bakı-Gəncə istiqamətində "Ekspress" tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilib. 3 iyun 2002-ci ildə Bakı-Brest sərnişin qatarı, 7 aprel 2003-cü ildə isə Bakı-Dərbənd "ekspress" tipli firma sərnişin qatarı xəttə buraxılıb. Heydər Əliyevin tövsiyəsi ilə Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi üzrə 6 yeni stansiya və vağzal binası (Balakən, Zaqatala, Qax, Şəki, Xanabad) istifadəyə verilib. Elə bu illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib-gedənlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı inşa olunub.

Dəmir yolu infrastruktur bazasının yaradılması

Ulu öndərin siyasi hakimiyyətdə olduğu 1975-79-cu illərdə Bakı elektrik  dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülüb. Heydər Əliyevin köməyi sayəsində Gəncə  şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verilib.1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilib. 1980-ci ildə Heydər Əliyevin şəxsi təklifi nəticəsində Şirvan çeşidləmə stansiyasının tikintisinə başlanılıb, 1984-cü ildə başa çatdırılıb. Heydər Əliyevin adı həmin illərdə respublika dəmir younun inkişafına xüsusi fikir verən bir şəxs kimi yaddaşlara həkk olunub. 1980-ci ildə başlanan tikinti və ən çətin sahədən keçən, uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd edilməlidir. Həmin xəttin çəkilişi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər tikilib və 1985-ci ildə istifadəyə verilib.1970-ci ildən başlayaraq şəhərətrafı qatarlar müasir tələblərə cavab verən, yeni seriyalı  ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlanıb.  Ümumilli liderin dəmir yolu stansiyaların adlarının milliləşdirilməsində də müstəsna xidmətləri olub. Sadalanan faktlar Ümumilli lider Heydər Əliyevin Azərbaycan dəmir yolunun inkişafındakı xidmətlərinin kiçik bir hissəsini təşkil edir. Azərbaycan Respublikasının tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda inkişaf modelini, tərəddüdsüz olaraq Heydər Əliyev Modeli adlandıra bilərik.

Ulu öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, eləcə də keçmiş SSRİ-də dəmir yolun inkişafında müstəsna xidmətləri olub. Belə ki, Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Məhz Heydər Əliyevin inadkarlığı və qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb. Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu  Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilib. Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olub.

Ümumilli liderin gerçəkləşən arzuları

Ümumilli liderin arzuları onun siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələrində olduğu kimi nəqliyyat-yol kompleksinin dinamik inkişafı istiqamətində də böyük işlər görür. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Prezident İlham Əliyevin dəmir qətiyyəti nəticəsində ölkəmiz 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir. Bunun bariz nümunəsi olan və dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Onu da qeyd edək ki, yaxın gələcəkdə Ələt terminalında Azad İqtisadi Zonanın yaradılması da reallaşacaq. Bu da ölkəmiz üçün uzunmüddətli iqtisadi perspektivlər vəd edir. Belə ki, Orta Dəhliz üzərindən daşınmalar iqtisadi tərəqqiyə dəstək verməklə yanaşı, həm də digər sahələrdə inteqrasiyanı sürətləndirəcək ki, bu da dəhlizin strateji əhəmiyyətini yüksəldir. Orta Dəhlizin digər marşrutlara inteqrasiyası isə gözlənilən dividendləri daha da artıracaq. Orta Dəhliz marşrutu ilə daşınan yüklər, həm də Azərbaycanın ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Şərqi Zəngəzur regionunda da dəhlizin inkişaf etdirilməsi perspektivləri mövcuddur. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək. Bu da bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq. Beləliklə, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nəqliyyat strategiyasının timsalında aparılan araşdırmalar deməyə əsas verir ki, "Azərbaycan dünyaya günəş kimi doğacaq" söyləyən Ulu Öndərin bu arzusu da çin olmaqdadır. Müasir dövrün reallıqları isə hələ illər öncə "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik", - deyən Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasətçi olmasının danılmaz reallığıdır. Artıq Azərbaycan nəinki enerji təminatı və yaşıl enerji mənbəyi kimi, eləcə də nəqliyyat-tranzit-logistika xidmətləri ilə də Avropanın aparıcı dövlətinə çevrilib.

Alim Hüseynli

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31