İsrail təyyarəsinə ŞOK QADAĞA: Enişə icazə verilmədi

İsrailin "Israir" aviaşirkətinə məxsus olan və Sloveniyanın paytaxtı Lyublyanaya uçan sərnişin təyyarəsi marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Sloveniya rəhbərliyinin eniş icazəsi verməməsindən sonra təyyarə Xorvatiyanın paytaxtı Zaqrebə enib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin "Ynet" portalı yayıb.

"Israir" şirkətinin baş direktoru Uri Sirkis Sloveniya tərəfinin bu addımının tamamilə siyasi xarakter daşıdığını bildirib:

"Lyublyana rəhbərliyi İsrail daşıyıcılarının yerinə yetirdiyi marşrutlara qarşı nümayiş etdirdiyi sərt siyasi mövqeyə görə İsrail aviaşirkətlərini qəbul etməkdən imtina edir. Bu səbəbdən Lyublyanaya istiqamətlənən reysimiz Zaqrebdə yerə enməli oldu. Baş verənlər Avropa İttifaqının aviasiya sahəsindəki sazişlərinin kobud şəkildə pozulması deməkdir".

Nəticədə Sloveniyaya gedən sərnişinlər gözlənilmədən özlərini Xorvatiyada tapıblar. Onlar ciddi gecikmələr və əlavə təşkilati problemlərlə qarşılaşıblar.

"Israir" rəsmiləri məsələ ilə bağlı həm Sloveniya hakimiyyəti, həm də Avropanın aviasiya tənzimləyiciləri ilə danışıqları davam etdirdiklərini bəyan ediblər.

Qeyd edək ki, bu hadisə İsrail ilə bir sıra Avropa dövlətləri arasında hava əlaqəsi ətrafında artan gərginliyin növbəti göstəricisidir. İsrailin aviasiya sektoru vurğulayır ki, mövcud beynəlxalq və ümumi Avropa hava nəqliyyatı sazişlərinə rəğmən, siyasi fikir ayrılıqları kommersiya məqsədli uçuşlara getdikcə daha çox mənfi təsir göstərməyə başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31