Yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir - ÖZƏL
25 İyun 2023 13:01 Siyasət"Heydər Əliyevdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətə gələrək Ulu Öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə müdafiə sənayesi inkişaf etdirildi, bu sahənin təkmilləşməsi üçün daha çox büdcə ayrıldı, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı yaxşılaşdırıldı, hərbi qulluqçuların sosial təminatı diqqətdə saxlanıldı, xaricdən çoxsaylı hərbi texnikalar, avadanlıqlar, pilotsuz uçuş aparatları alındı, yerli hərbi zavodlar inkişaf etməyə başladı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir: "Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ Müharibəsindən sonra dəfələrlə artırılıb.
Görülən bütün bu işlərin sonundakı hədəf Azərbaycan Silahlı Qüvvələrinin müasirləşməsi, hərbi texnikalarımızın müasir standartlara cavab verə bilməsi idi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz bu hədəflərə nail olduq. İnkişaf etmiş ordumuzun gücü, Ali Baş Komandanın uğurlu siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib. Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb".