Ümummilli Liderin Azərbaycan dövləti və xalqı üçün müstəsna xidmətləri olub - ÖZƏL

"Dövlət müstəqilliyimizin bərpasından, daha dəqiq desək, 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusu yaradılıb. Amma Ümummilli Liderimiz hələ SSRİ dövründə respublikamıza rəhbərlik edərkən peşəkar hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılırdı. Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin sözlərinə görə, Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu: "Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra sistemli ordu quruculuğuna start verməsi, nizami ordunun yaradılması Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi şəraitdə Azərbaycan Silahlı Qüvvələrinin öz vəzifəsini şərəflə yerinə yetirməsinə imkan verib. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında olub. Silahlı Qüvvələrimizin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Sonrakı dönəmdə Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirib, Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Xüsusi vurğulamaq gərəkdir ki, Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31