Avropanın ali parlamentinin erməni lobbisinin oyuncağına çevrilməsi təəssüf doğurur
24 İyun 2023 13:05 SiyasətAvropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazoya gəldikdə isə onun kim olduğu, hansı dairələrin sifarişlərini yerinə yetirdiyi məlumdur. Fransadan Avropa Parlamentinə seçilən deputat kimi onun dəfələrlə Azərbaycan əleyhinə mövqe sərgilədiyinin şahidi olmuşuq. Belə siyasi oyunlar Azərbaycanın daxili işinə müdaxilə cəhdidir. Heç kimin daxili işlərimizə müdaxilə etmək hüququ yoxdur. Qarabağ məsələsi artıq öz həllini tapıb və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacağı halda bizim vətəndaşlarıdır. Digər bütün separatizm qüvvələri ərazidən gec-tez çıxarılacaq. Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi isə onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edir. V Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Bununla bağlı qərarı da Azərbaycan dövləti verir. Əslində kifayət qədər normal qaydada fəaliyyət göstərən və ermənilərin təhlükəsiz şəkildə giriş-çıxışını təmin edən sərhəd-buraxılış məntəqəsinin bağlanması məhz elə ermənilərin təxribatının nəticəsində baş verib. Azərbaycan sərhədçiləri və rus "sülhməramlı" kontingentini atəşə tutan erməni hərbi birləşmələrinin sabah daha böyük təxribatlar törədərək mülki əhalini də hədəfə almayacağına heç kim zəmanət verə bilməz. AŞPA-da belə bir qərarın çıxarılması bu təşkilat haqqında qeyri-ciddi obraz yaradır. Avropanın ali parlamenti sayılan bir orqanın erməni lobbisi qarşısında aciz qalması, xüsusilə də Ermənistanın daxilində hakimiyyətə can atan revanşist qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Laçın yolu ilə ermənilərin necə gedib-gəlməsini özünə dərd edən AŞPA-lılar Ağdərə-Kəlbəcər yolunun niyə açıq olmadığını da araşdırsınlar. Kəlbəcər sakinləri dədə-baba yurdlarına hələ el yolu ilə gedə bilmirlər, dağlar aşırlar. Bu tipli qərarlar sülh prosesinə zərbə vurmağa xidmət edir. Ermənistan rəhbərliyi çalışır ki, beynəlxalq və regional qurumlar onların anti-Azərbaycan siyasətində yer almalı və işğalı dəstəkləməlidirlər. Avropa İttifaqı ilk növbədə iki ölkə arasında vasitəçidir. Belə bir qurumun qərəzli mövqe tutması Brüsselin siyasətinə kölgə sala bilər.
Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini