Qeyri-döyüş şəraitində həlak olanlara da şəhidlik statusu verilsin - Təklif

"Qeyri-döyüş şəraitində həlak olan və barmaqla sayıla bilən qədər əsgər və zabitlərimiz var ki, onların valideynləri və yaxınları onlara da şəhidlik statusunun verilməsini tələb edir və onları təkrar-təkrar dinləməli, qəbul etməli və aidiyyatı üzrə müraciət etməli oluruq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında millət vəkili Razi Nurullayev deyib: "Elə bir neçə gün öncə Laçın rayonu, Qaragöl ərazisində həlak olan Rəhim Dadaşovun anası Yetər Dadaşovu Milli Məclisdə qəbul etdim. Buna qədər də bir neçə ananı qəbul etmişəm və doğrusu izah da etmək olmur. Çünki, onların övladları hələ də müharibə şəraitində olan Qarabağda həyatlarını itirib. Bu məqamı nəzərə alaraq, Qarabağda hərbi xidmət zamanı müxtəlif səbəblərdən həyatlarını itirmiş əsgər və zabitlərə də şəhidlik statusunun verilməsini təklif edirəm. Dediyim kimi, bu hallar kütləvi deyil. Mən bu təklifi verən zaman Qarabağda xidmət etməyin çətinliyini, müharibə şəraitini, hər zaman düşmən təxribatı ilə üz-üzə qalmaq təhlükəsini nəzərə alaraq verirəm və ümid edirəm ki, bu məsələni müzakirə edib qanunverciliyə istisna hal kimi əlavə edə bilərik".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31