Bahalaşma əhalimizin kasıb hissəsini daha çox əzir - Deputat
23 İyun 2023 12:38 Siyasət"Bazarlarda ciddi bahaçılıq var və həm də səbəbi dünyada gedən proseslərdir. Onun üçün də aparılan mübarizələrə baxmayaraq qiymətlərdə enmə yox, qalxma müşahidə edilir və bu da əhalimizin kasıb hissəsini daha çox əzir. Hökumət tərəfindən, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür və bu yaxşıdır. Təklif edirəm ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyatı dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında millət vəkili Razi Nurullayev deyib: "İkinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və əhalinin sosial müdafiəsi nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var".