Erməni təxribatının davam etdiyi müddətdə keçiriləcək Vaşinqton görüşü

Gözləntilər nədir?

Sonuncu Moldova görüşündən sonra Azərbaycanla Ermənistan arasında diplomatik müzakirələr demək olar ki, sıfır vəziyyətinə düşüb. Sözügedən görüşdən sonra Ermənistan tərəfinin şərti sərhəd boyunca təxribatlarının sayı və miqyasının genişlənməsi, gündəlik bir neçə dəfə demək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması diplomatik münasibətləri, müzakirələri ertələyib. Ancaq üfüqdə müəyyən mənada parıltı da görünməkdədir. Belə ki, Ermənistanın şərti sərhəd boyunca təxribatlara əl atması, gündəlik mövqelərimizi atəşə tutması fonunda iki ölkənin xarici işlər nazirlərinin yenidən bir araya gələcəyi barədə xəbərlər yayılıb. Məlumata görə, Azərbaycan və Ermənistanın xarici siyasət rəhbərləri gələn həftə Vaşinqtonda yenidən bir araya gələcəklər. Bəs, erməni təxribatları davam etdiyi, Azərbaycan əraziləri atəşə məruz qaldığı bir vaxtda hansısa görüşün keçirilməsinin nə effekti ola bilər?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyatçıların dili ilə desək turbulent xarakter daşıyır. Yəni mürəkkəb trayektoriya üzrə inkişaf edir. Nəsib Məhəməliyev deyib ki, dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərindən dərhal sonra hansısa təxribatlar törədilir: "Vaşinqton və yaxud Brüssel görüşlərindən sonra, məlum olur ki, növbəti görüş Moskvada baş tutacaq. Belə ardıcıllığın əsas səbəbi, kollektiv Qərblə Rusiya arasında gedən geosiyasi rəqabətdir. Hər iki güc mərkəzinin Cənubi Qafqazda gedən proseslərə, Ermənistanla sülh müqaviləsinin imzalanmasına fərqli yanaşması mövcuddur".

Deputat onu qeyd edib ki, təxribatlar hər zaman olub və gələcəkdə də istisna deyil: "Hesab edirəm ki, İstənilən şəraitdə danışıqlar davam etdirilməli, görüşlər keçirilməlidir. Bizim mövqeyimiz qətidir, birmənalıdır və beynəlxalq hüquqa əsaslanır. Hətta sülh müqaviləsi imzalanmasa belə, danışıqlardan yayınmamalı, ermənilərin 30 illik imitasiya xarakterli eyforiya hissələrini özlərinə yaşatmalıyıq".

"Vaşinqtonda baş tutacaq növbəti görüşünün tərəflərin mövqelərindəki ayrılıqların uzlaşdırmaq baxımdan hansısa irəliləyiş əldə ediləcəyinə ümid etmək olar. Belə görüşlər ən azı dialoqun qurulması, diskussiya baxımından lazımlıdır. Bu fikirləri isə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, təxribatların olması keçirilən görüşlərin nəticələrinin olmasına ümidləri azaldır: "Görüşün ABŞ-da keçirilməsi geosiyasi fon yaradır. Dünya gücünün regional problemin həllində iştirakı və maraqlı olması ABŞ üçün imic məsələsi hesab olunur. ABŞ-ın bu görüşlər seriyasından nəticə almaq ehtimalı, onun imicinə olan hörmətin göstəricisi ola bilər. Məsələ ondadır ki, tərəflər bu məsələ ilə əlaqəli bir sıra platformalarda iştirak edirlər, amma ABŞ-ın Vaşinqton platforması bunların ən ciddi və hörmətlisidir. Bu baxımdan, ABŞ-ın tərəflərə verə biləcəyi töhvə baxımından görüşün nəticəsi müsbət ola bilər və sonrakı mərhələdə sülh danışıqları müsbət nəticələrə bilər. Amma, hesab edirəm ki, bunun üçün hələlik atılacaq bir sıra addımlar mütləq olacaq. Əsas addım Qarabağ ermənilərini silahsızlaşdırmaq olmalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31