Vaşinqton görüşü nə vəd edir? - ÖZƏL

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin gələn həftə Vaşinqtonda bir araya gələcəyi barədə xəbərlər yayılıb. XİN rəhbərlərinin görüşü barədə məlumat ermənilərin şərti sərhəd boyunca təxribatlar törətməsi, gündəlik mövqelərimizi atəşə tutması fonunda yayılıb ki, bu da öz növbəsində Vaşinqton görüşünün əhəmiyyətsiz olacağı fikri formalaşdırıb. Elə "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi açıqlamada İctimai Birlik sədri deyib ki, erməni təxribatları davam etdikcə keçiriləcək hər hansı bir görüşün heç bir effekti və nəticəsi olmayacaq:

"Ancaq bütün bunlara baxmayaraq Azərbaycan tərəfi sülhə, diplomatik təşəbbüslərə öz müsbət yanaşmasını  ortaya qoyur, sülhə sadiqlik nümayiş etdirir. Qarşı tərəf isə bir qayda olaraq təxribatlar, gərginlik yaratmaq, yeni müharibəyə hazırlaşmaq kimi neqativ hallara üstünlük verir. Ona görə də Vaşinqton görüşündən də hansısa müsbət nəticə gözləməyə dəyməz".

Arzuman Muradlının sözlərinə görə, bu və ya digər görüşdən o zaman hansısa müsbət nəticə əldə edilər ki, təşəbbüskar tərəflər Ermənistandan konkret olaraq sülh müqaviləsinə imza atmağı tələb etsinlər: "Əks halda əvvəlki danışıqlar, eləcə də İkinci Qarabağ müharibəsindən əvvəl baş tutan görüşlər kimi Vaşinqton, Moskva, Brüssel və s. formatlarda keçirilən görüşlərin heç bir nəticəsi olmayacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31