"Ermənistan bölgədə sülh üçün edilən təzyiqlərə tab gətirə bilmir"- ÖZƏL

"Paşinyanın son bəyanatlarında və ya hökümətin iclasında olan müzakirələrində səsləndirdiyi fikirlər əvvəlki fikirləri ilə müqayisədə konkretliliyi ilə fərqləndi. Həmin fikirlərin həqiqətə uyğun olub-olmaması başqa mövzudur.

Ümumi şəkildə Paşinyanın son günlərdə müxtəlif tədbirlərdə səsləndirdiyi fikirlərin təhlilinə iki aspektdən yanaşmaq lazımdır. Birincisi belə qənaətə gəlmək olar ki, Paşinyan indiyə qədər sülh danışıqlarının pozulması, gecikdirilməsi üçün etdiyi taktika meydanının daraldığını hiss edir. Aşkar haldır ki, Ermənistan hakimiyyəti onlara sülh sazişinin imzalanması, Azərbaycanla işlərin normallaşması üçün göstərilən təzyiqlərinin artıdığının fərqindədir. Ermənistan bölgədə sülh yolu üçün edilən təzyiqlərin qarşısında tab gətirə bilmir. Paşinyan konkret fikirlər səsləndirərək sülhün zəruri olduğunu bildirdi. Xüsusilə 10 noyabr tarixində imzalanan atəşkəs anlaşmasının səbəbləri aydın ifadə edildi".

Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev deyib.

"İkincisi Paşinyanın daxili auditoriyaya işləməsidir. Hiss olunur ki, o, ciddi cəhdlə özünün tərəfdarlarını təsirləndirmək istəyir ki, indiyədək onun atdığı addımlar düzgün imiş, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ona yox, ondan əvvəl hakimiyyətdə olanlara məxsus imiş. Paşinyan çıxışında göstərməyə çalışdı ki, İkinci Qarabağ savaşında məğlubiyyətin səbəbkarı o yox, ondan əvvəl hakimiyyətdə olanlar imiş. Bildirmək istədi ki, atəşkəs anlaşmasını imzalamasa, Ermənistan üçün nəticələr daha ağır olacaqdı. 1993-cü ildə BMT-nin qəbul etdiyi dörd qətnamə Azərbaycan üçün çox ciddi sənədlər idi. Müharibənin həll olunmasında bu sənədlər mühüm yer oynadı. Paşinyan tərəfdarlarına göstərmək istədi ki, bu sənədlərin qəbul edilməsi ondan əvvəl olan hakimiyyət orqanları ucbatındandır. Bir sözlə, Paşinyan bildirmək istədi ki, məğlubiyyətin onunla əlaqəsi yoxdur. Əgər indiki proseslər erməni xalqının ürəyincə deyilsə, məsuliyyəti Paşinyandan əvvəlki hakimiyyət daşıyırmış. Paşinyan onun atdığı addımların Ermənistanın gələəcyi üçün daha yaxşı olacağı rəyini yaratmaq istədi. Paşinyanın çıxışlarına tam neqativ və pozitiv yanaşmadan öncə bu iki istiqamətdə baxmaq doğru olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31