"Zəngəzur dəhlizinə nəzarət Ermənistanda olmayacaq” - Açıqlama
22 İyun 2023 13:21 Siyasət"Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Çünki dəhlizə nəzarət Ermənistanda olmayacaq. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə Rusiya nəzarət edəcək".

Bu fikirləri Bakupost.az -a politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Rusiya bu məsələnin reallaşmasında həlledici tərəflərdən biridir:
"Hesab edirəm ki, bu, Rusiyanın da marağındadır. Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyanın əlindədir. Rusların bu layihəyə böyük marağı var. Yükdaşımaları da Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu İdarəsi həyata keçirəcək. Buna görə də onun hərəkət parkı artır, 2024-cü ilə qədər bir proqram var. Bura Ermənistana yeni qatarların gətirilməsi və s. daxildir. Türkiyə və Azərbaycan üzərindən yükdaşımalar bu idarə tərəfindən reallaşdırılacaq".
Politoloqun sözlərinə görə, Rusiyaya yeni yollar lazımdır. Çünki Qərblə bütün yollar bağlanıb. Zəngəzur dəhlizi də onlar üçün ən mühüm kommunikasiyalardan biridir:
"Bu yolla Türkiyə və Yaxın Şərqə birbaşa çıxış yaranır. Rusiya çalışır ki, Zəngəzur dəhlizi tezliklə açılsın. Aleksey Overçuk və Rusiyanın nəqliyyat sahəsi üzrə rəsmilərinin regiona tez-tez səfərləri bundan xəbər verir. Amma məsələ budur ki, indi Zəngəzur dəhlizi ilə bağlı heç bir iş aparılmır. Bu iş - infrastrukturun qurulması ən azı bir-iki il çəkəcək. Bu müddətdə sülh müqaviləsi də imzalana bilər. Ona görə də bunların paralel şəkildə aparılacağını düşünürəm. Sülh müqaviləsi imzalandıqdan sonra infrastruktur da hazır olacaq, Zəngəzur dəhlizi yeni geosiyasi və siyasi-hüquqi reallıqda fəaliyyət göstərəcək".