“Uyğur türklərini terrorçu adlandırmaq riyakarlıqdır”
21 İyun 2023 20:30 Siyasət"Uyğur türklərini terrorçu adlandırmaq riyakarlıqdır".
"OLAYLAR" xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Fələstin lideri Mahmud Abbasın Çinə ziyarəti zamanı uyğur türklərini terrorçu olaraq adlandırmasına münasibət bildirərəkən deyib. O bildirib ki:
Çində uyğur türklərinin təqiblərə məruz qaldığı, onlara qarşı ayrı-seçkiliyə yol verildiyi bütün dünyaya məlumdur. Hələ 2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli müvafiq hesabatlara istinad edərək bildirmişdir ki, bir milyondan çox uyğur türkü Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır və bu, Çin hakimiyyətinin Sincan bölgəsini "böyük gizli əsir düşərgəsinə" çevirdiyini düşünməyə əsas verir.
Məlumat üçün bildirim ki, dünyada yaşayan uyğur türklərinin sayı 22 milyondan artıqdır və onarın təqribən 20 milyonu Çin ərazisində yaşayır. Çində uyğur türklərinin yaşadığı ən böyük ərazi isə yuxarıda adını çəkdiyim və əsir düşərgəsinə çevrilmiş Sincan bölgəsidir. Tam adı Sincan Uyğur Muxtar Rayonu olan bu bölgə 1940-cı illərdə qısa bir müddət ərzində müstəqillik dövrünü yaşasa da 1949-cu ildə Çində kommunistlər hakimiyyətə gələndən sonra bu bölgəyə rəsmi Pekinin nəzarəti bərpa olunub.
İndi bütün dünyanın orada yaşayan uyğurlara qarşı təqiblərin olduğunu qəbul etdiyi bir vaxtda müsəlman ölkə təmsilçisinin müsəlman uyğurları terrorçu adlandırması heç bir halda qəbul edilən deyil və bu cür mövqe yumşaq şəkildə desək riyakarlıqdır.
Fələstinin öz haqları uğurunda mübarizəsində ən böyük dəstəkçisinin Türkiyə olmasına baxmayaraq Fələstin liderlərinin anti-türk mövqeyi təəssüf və hiddət doğurur. Və bu cür mövqe təkcə uyğur türklərinə qarşı deyil həm də bizlərə, Azərbaycan türklərinə qarşı da sərgilənib.
Fələstin bəzi məqamlarda ermənipərəst mövqe tutduğu məlumdur. Qarabağ savaşında da müsəlman olan Fələstinin Azərbaycana hər hansı yardımına şahidlik etmədik. Əksinə, muzdlu olaraq Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdüklərini təsdiq edən çoxlu sayda faktlar var. Hətta Fələstinin sabiq lideri Yasər Ərəfat birinci Qarabağ müharibəsi ərəfəsində "Ermənilər də fələstin xalqı kimi haqqı tapdalanmış millətdir" - deməklə öz siyasi mövqeyini ortaya qoymuşdu. Fələstinin ASALA terror təşkilatına qucaq açdığı, bu terror qruplaşmasının ən böyük təlim bazasının məhz Fələstin ərazsisində yerləşməsi, ASALA rəhbəri A.Akopyanın Fələstin Azadlıq Təşkilatının fəal üzvlərindən olması da məlumdur.
İndi terrora qucaq açan bir ölkə liderinin uyğur türklərini terrorçuluqda ittiham etməsi haqsızlıq olmaqla yanaşı həm də böyük Türk millətinə təhqirdir.