Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır - ÖZƏL

"Xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq. Müharibənin başladığı ilk saatlarda Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdi. Türkiyənin mənəvi və siyasi dəstəyi bizi daha da ruhlandırdı, bu, qələbənin qaqzanılmasında mühüm amil oldu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, bu ilin fevral ayında Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan böyük dəstək verdi: "Xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı bildirib: "Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram".

Millət vəkili qeyd edib ki, prezidentlərin görüşü zamanı Zəngəzur dəhlizinin açılması, regiondakı proseslər, siyasi, iqtisadi, humanitar, hərbi və digər sahələrdə  əməkdaşlıq məsələləri geniş müzakirə olunub: "Məlumdur ki, qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətdir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan nəinki regionda, bütün dünyada mövqelərini möhkəmləndirib. İki qardaş ölkənin regionun gələcək inkişafı ilə bağlı ortaq hədəfləri var. Bu hədəflərə doğru inamla irəliləyirik. Bütövlükdə, ölkələrimizin hədəfi Cənubi Qafqazı sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirməkdir. Haqlı mövqeyimizə mane olmaq istəyən qüvvələr olsa da, proseslər onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə addımları davamlı olaraq müsbət nəticələrini verir və bundan sonra da verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31