ƏZƏMƏTLİ İNSAN HAQQINDA DASTAN

Qədim və zəngin ədəbi ənənələrə malik olan Naxçıvanda ədəbiyyat müstəqillik dövründə daha vüsətli bir inkişafa addım qoymuşdur. Qətiyyətlə demək olar ki, Azərbaycanda dövlət müstəqilliyinin əldə olunmasında ədəbiyyat və ədəbiyyat adamları yaxından iştirak etmişdir. Naxçıvanda da ədəbi mühitin nümayəndələri istiqlal mübarizəsinə öz əsərlərilə qatqılar vermiş, xalqın oyanışı və milli azadlıq hərəkatına dəstək durmuşlar. Amma bunu vurğulayaraq demək lazımdır ki, ədəbiyyatımızda bu dövr üçün bir məsələ aparıcı, aktual və ümumi idi ki, ümumiyyətlə, ölkənin düşdüyü ağır hərbi-siyasi durum, müstəqillik ideyaları və xalq hərəkatı, ulu öndər Heydər Əliyevin Naxçıvanda Azərbaycanın müstəqilliyi və dövlətçiliyi naminə apadığı mücadilə başlıca mövzuya çevrilmişdi. Bu mərhələnin əsas, baş qəhrəmanı bir tərəfdən Vətən, bir tərəfdən də özünün Vətənpərvər və güclü liderlik xüsusiyyətləri ilə xalqın ümid yerinə çevrilən xilaskar Heydər Əliyev və Vətən naminə ümumxalq mübarizəsinə qoşulan xalqın özü idi. Bir qərinəlik dövrü təşkil edən bu mərhələdə digər janrlarla bərabər poema da fəallıq təşkil edir, maraqlı və əhəmiyyətli məzmuna malik poemalar yaranırdı.

Ümumiyyətlə, Naxçıvan ədəbi mühitində öz qələmi, dəsti-xəttilə tanınan müəlliflar arasında poema yaradıcılığı sahəsində Elman Həbib "Həqiqət Günəşi", "İnsanlıq dastanı. Heydərnamə", "İnsanlıq dastanı. İnsan", "İlham - xalqın İlhamı", "Naxçıvannamə", "Yerlə göy arasında", "Duzlu uşaqlar" kimi irihəcmli əsərləri ilə yadda qalmışdır.

Müstəqillik dövrü Naxçıvan ədəbi mühitində insan və onun taleyi ədəbiyyatın başlıca problemini təşkil edirdi. Müasir Azərbaycan tarixi, Azərbaycan xal¬qının ictimai taleyi, siyasi müqəddəratı, hərbi təcavüzlərə məruz qalması, yaşantıları, insan və onun taleyi və sair çağdaş ədəbiy¬yatımızın aparıcı nümayəndələrinin yaradıcılıqlarının əsas mövzusu və probleminə çevrilən başlıca mətləblərdən idi. Müstəqillik dövrü Naxçıvan ədəbi mühiti üçün başlıca mövzulardan biri quruculuq və yeniləşmə proseslərinin bədii əksi idi. Bu əsərlərdə bir tərəfdən müasirləşmə və yeniləşmə prosesləri vəsf, tərənnüm olunur, digər tərəfdən mahiyyəti, əhəmiyyəti təhlil və təbliğ edilir, arzu və ideyalar öz əksini tapır, qurucu insanların xoş əməlləri təqdir edilir və alqışalnır. İstər kiçik lirik janrlarda, istərsə də poema janrında yazılan bir çox əsərlərdə Naxçıvanın müasirləşməsi prosesi bədii əksin obyektinə gəlir. Naxçıvanlı söz adamları  özlərinin yenilənmə  ilə bağlı münasibət və hisslərini xırda şeir nümunələrində də  ifadə ediblər. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərdə, yaxud sırf Naxçıvanın özünə həsr edilən şeir nümunələrində  nax¬çıvanlı şairlər Naxçıvanın bugünkü inkişaf tempi  və yenilənmə istiqamətinə aid kifayət qədər fikir, münasibət bildirmiş, təq¬dir edərək tərənnüm etmişlər.

Naxçıvanı keçdiyi tale və mübarizə yolu ilə bədii ədəbiyyatın obrazına çevirən qiymətli əsərlər arasında poema janrı xüsusi yer tutur. Görkəmli elm adamı akademik İsa Həbibbəyli bu barədə yazır: "Yeni tarixi epoxada Azərbaycanda gedən böyük inkişaf prosesləri dövrün ədəbiyyatında poema janrına zərurəti artırmışdır. Bu illərdə \naxçıvanda poema janrında yazılmış əsərlərdə regionda gedən inkişaf proseslərinin vüsəti, yeni misallar, dövrün qurucusu olan insanların bədii obrazları canlandırılmışdır". Bu əsərlərdə Naxçıvan baş qəhrəman kimi çıxış edərək bir qərinənin, epoxanın salnaməçisinə çevrilir.

Poema sahəsində Naxçıvanda baş verən quruculuq prosesini ən dolğun  şəkildə yaradan və təsvir edən mükəmməl irihəcmli bədii nümunələr  mərhum şairimiz Elman Həbibə aiddir. Elman Həbibin "Həqiqət Günəşi", "İnsanlıq dastanı. Heydərnamə", "İlham - xalqın İlhamı", "Naxçıvannamə", "Yerlə göy arasında", "Duzlu uşaqlar" kimi poemaları Naxçıvan ədəbi mühitində bu janrın kamilləşməsi və yeni inkişaf yolunda böyük rol oynamışdır. Vaqif Yusiflinin də yazdığı kimi "Elman Həbibin 90-cı illərdə qələmə aldığı "Həqiqət günəşi", "Heydərnamə" və "Naxçıvannamə" poemaları müstəqillik dövrünün poeziyasında ali həqiqətlərin ifadəsidir".

Şair Elman Həbib Ümummilli Lider Heydər Əliyevə 1998-ci ildə nəşr edilmiş "Həqiqət günəşi" adlı poema həsr etmişdir. Poema Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat və mübarizə yolundan bəhs edir. Bu poema da ənənəvi klassik poemaları xatırladaraq minacatla - Allaha yalvarşla başlayır:

...Ulu Tanrım, güc ver mənə,

Bir dastanı başlamağa.

Qələm-kağız əvəzinə

Qəlbimdəki eşqi artır.

Ulu Tanrım, o günəşdən

Yazmaq üçün

Mənə Günəş qüdrəti ver.

Mənə Günəş cəsarəti,

Mənə Günəş qüvvəti ver.

Poemanın "Torpağa alqış", "Ricət" kimi bölmələrində maraqlı fikirlər səsləndirən şair Elman Həbib poemada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, illərini özündə əks etdirən, onun mübarizə amalları və ideallarını ehtiva edən hissələr təqdim edir. Hər mövzuya uyğun ümummilli lider Heydər Əliyevdən istifadə edilən bir müdrik fikir bir bölmənin epiqrafı kimi çıxış edir. Əsərdə Heydər Əliyevin Azərbaycanın siyasi idarəçiliyində hüquqi təminat yaratması, böyük və bütöv Azərbaycan məsələsi, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvanın Heydər Əliyevin həyatında tutduğu mövqe, Azərbaycanın dövlət müstəqilliyi qazanması və inkişafına həsr edilən illər, Azərbaycanın yeraltı və yerüstü sərvətləri, onun neft siyasəti, ayrı-ayrı görkəmli şəxsiyyətlərə, o cümlədən dahi mütəfəkkir-şair Hüseyn Cavidə göstərilən məhəbbət və qayğı, ədalət məsələsi və ədalətin bərpası istiqamətində görülən işlər, ana dili məsələsi və bu kimi digər vacib, əhəmiyyətli məsələlər poemada özünə yer alıb. Burada "Baba Heydərlə nəvə Heydərin söhbəti" hissəsi təcrübəli nəsillərlə gənc nəsillərin, sələflərlə xələflərin, varislərlə banislərin mükaliməsi təsirini bağışlayır. Bu hissə Ulu Öndər Heydər Əliyevin Ümummilli Lider olaraq Azərbaycanın gələcəyinə - gəncliyə, onun yolunu davam etdirənlərə vəsiyyəti, müraciəti, səslənişi təsirini bağışlayır. Burada dahi lider Heydər Əliyevin dilindən böyük, həm də keşməkeşli, acılı, mürəkkəb gedişatlı bir tarix danışılır. Poema ənənəvi olaraq epiloqla bitir. Burada uzaqgörən rəhbər Heydər Əliyevin müdrik kəlamlarından poetik iqtbas olunmaqla oxuculara böyük ideallar ünvanlandırılır:

Ulu dədə, bir vaxt dedin:

  • Millət onda böyük olur,

Millət onda seçilir ki,

Onun sözü böyük olsun,

Qüdrətinə söz calansın.

Millət onda böyükdür ki,

Öz özünə,

öz gücünə,

öz sözünə arxalansın.

Öz oduna, öz adına

Arxalansın!!!

Şair bu mövzunu davam və inkişaf etdirməklə yaradıcılığının ən ağır, sanballı nümunələrini təşkil edən "İnsanlıq dastanı" silsiləsindən "Heydərnamə", "İlham - xalqın İlhamı", "Naxçıvannamə" adlanan əsərlərini yazır. İstedadlı şair müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevə "Heydərnamə" həsr etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin uğurla davam etdirilən siyasətinin nəticəsində yenidən inkişaf vüsəti yaşayan Naxçıvana da "Naxçıvannamə" yazmış, ulu öndərin siyasi kursunu uğurla davam etdirən siyasi liderə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə "İlham - xalqın İlhamı" poemasını həsr etmişdir. Ümumiyyətlə, Elman Həbibin tam səmimi və böyük istedadla yazdığı bu əsərlər mövzu-məzmun etibarilə bir-birilə bağlı olub, trilogiya təşkil edir. Beləliklə, şair vətənlə rəhbərin, vətəndəki inkişafla onun təməlində dayanan ürəyi vətən məhəbbətli el atasının birliyini yaratmış, Böyük İnsan obrazlarını təcəssüm etdirmişdir.

Şairin "Heydərnamə" poeması Naxçıvanda bu mövzuda yazılmış irihəcmli əsərlərin ilki və ən sanballılarından biridir. Əsər "İnsanlıq dastanı. Heydərnamə" adlanır. Əslində əsərin bu cür adlandırılması və bölünməsi ustad sənətkar Nizami Gəncəvinin böyük fateh, filosof İsgəndərə həsr etdiyi "İsgəndərnamə" əsərini xatırladır. Əsərə "İnsanlıq dastanı" ümumi adını qoyan şair "Heydərnamə" bölməsində Naxçıvanı ən çətin sınaqlardan çıxarıb inkişafı və tərəqqisinə böyük əmək sərf etmiş müdrik lider Heydər Əliyevdən bəhs açır. Bu barədə bəhs edən tanınmış tənqidçi-publisist Vaqif Yusifli yazırdı: "Elman Həbibin 90-cı illərdə qələmə aldığı "Həqiqət günəşi", "Heydərnamə" və "Naxçıvannamə" poemaları müstəqillik dövrünün poeziyasında ali həqiqətlərin ifadəsidir. Elman Həbibin Vətən və vətənpərvərlik anlayışında Azərbaycan və Naxçıvan eyni məkandır. Belə ümumiləşdirə bilərik: Böyük Vətən, Bala Vətən. Böyük Vətən deyəndə Gəmiqaya, Qobustan, Kür, Araz, Təbriz, Gəncə, Naxçıvan, Bakı, Zəngəzur, Ərdəbil, Borçalı...hamısı bir araya gəlir".

Beləliklə, şair Elman Həbib "Heydərnamə" poemasında Azərbaycanın böyük xilaskarı ulu öndər Heydər Əliyevin əzəmətli obrazını yaratmağa cəhd edib. Bu əsərin ilk variantını şair, artıq qeyd edildiyi kimi, "Həqiqət günəşi" adı altında 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatında kiril əlifbası ilə nəşr etdirib. Sonradan bu əsəri inkişaf etdirib zənginləşdirən şair Elman Həbib ona "İnsanlıq dastanı. Heydərnamə" adını verib. Əsər "Mənim dədəm dünyanın ən böyük bir dədəsi, Yer kürəsi balaca, göylərdən gəlir səsi" misrası ilə başlayaraq möhtəşəm, mötəbər və əzəmətli bir insanın obrazının yaradılması haqqında sanki giriş verib.  Poema "Ulu öndərdən", "Xalqın səsi", "Müəllifdən", "Ricət" kimi tez-tez təkrarlanan hissələrdən, "Torpağa alqış", "O, xalqına, xalqı ona sədaqətlidir", "Babaların ruhuna and olsun", "Necə oldu parçalandıq bu ada", "Nuh vətəni, önüm dağdır, arxam dağ", "Ömürdə yaşayan illər", "Azərbaycan - Odlar yurdu", "Məsləki, amalı yolunda öldü", "Heydər Əliyev günəş qədər həqiqətdir", "Elin Heydər qəlbi", "Baba Heydərlə nəvə Heydərin söhbəti", "Gerçək" kimi bölmələrdən təşkil olunmuş, ulu öndərin xalqın taleyinə və tarixinə çevrilmiş əzəmətli taleyi və əməlləri öz əksini tapmışdır.  

RAMİZ QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31