Taksi xaosu Milli Məclisi də dilə gətirdi

Yeni qaydalar bu sahədəki hərc-mərcliyi aradan qaldıra biləcəkmi?

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihəsi  Milli Məclisdə birinci oxunuş üçün qəbul edilib. Məlumat üçün qeyd edək ki, qanunvericilikdə taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər sərtləşdirilir. Belə ki, taksi sifarişi operatorları "Fərdi məlumatlar haqqında" qanunun 15-ci maddəsinin tələblərini nəzərə alıb, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatdan keçirməli olacaqlar. Sənəddə deyilir ki, taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların real vaxt rejimində ötürülməsini təmin etməlidir. Eyni zamanda, taksi fəaliyyəti üçün yeni dövlət rüsumları müəyyənləşir. Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir. Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq. Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək. Yeni qaydalara əsasən xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək.Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq. Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Qanun layihələrini təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda yaradılması planlaşdırılan yeni mexanizmlə sərnişin və yük daşımalarında istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunacaq: "Bundan başqa, taksi sifarişi operatoru anlayışı qanuna gətirilir. Daşıyıcı, onun avtomobili və taksi sifarişi operatoru qanunla bir birindən fərqləndirilir. Daşıyıcıya buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı, operatora isə icazə verilir. İcazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir (ümumi sənədlər "Lisenziyalar və icazələr haqqında" qanuna müəyyən edilib). Əlavə olaraq daşıyıcılardan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədlər, sürücünün narkotikə qarşı tibbi müayinənin nəticəsi barədə məlumat, sürücülərin hazırlıq keçməsini təsdiq edən sənədlər tələb olunacaq. Taksi sifarişi operatoru fəaliyyətinə icazə üçün onun istifadə etdiyi proqramlar barədə məlumatların, taksi sifarişi xidmətinin göstərilməsi üçün ölkə ərazisində yerləşən filial və yaxud nümayəndəliyi barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur".

Komitə sədri diqqətə çatdırıb ki, taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişinlərin isə şikayəti çoxalmaqdadır: "Bakıda istifadə olunan taksi gedişlərini 60 %-i 1,5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmada azalır, son 1 ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. 15 milyon əhalisi olan İstanbulda taksi sayı üçün kvota var, bu il 17 325 ədəd müəyyən edilib, 2,4 milyon əhalisi olan Bakıda da 28 min taksi var. Yəni, İstanbulda 865 nəfərə, Bakıda isə 85 nəfərə 1 taksi düşür. Avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə şərnişin daşımaları fəaliyyəti tənzimlənmir. Daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı data əsaslı qərarlar qəbul etmək imkan mümkün deyil. İcazə blanklarınından istifadə qaydalarının pozulması ilə bağlı normalar olmadığından sui-istifadə hallarının aradan qaldırılması çətinlik yaradır. Daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsi mövcud münasibətlər sisteminin tələblərinə uyğun deyil". Onun bildirdiyinə görə, Azərbaycanda taksi sifarişi operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir: "Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektorları haqqında bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür. Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir".

Qeyd edək ki, qanun layihələrinin müzakirəsi zamanı deputatlar müxtəlif təkliflərlə çıxış ediblər. Deputat Müşfiq Cəfərov deyib ki, Azərbaycanda taksi sürücüləri mobil tətbiqlərlə yanaşı taksometrlərdən də istifadə etməlidirlər: "Burda bir inteqrasiya olmalıdır. Belə olmasa, şirkət elektron xidmət göstərə bilər, amma taksi sürücüsü yolüstü sərnişin götürə bilməz. Taksometri olmadığına görə yolüstü xidmət göstərə bilməyəcək. Odur ki, mobil tətbiqlə birlikdə taksometr də olmalıdır və bunların arasında inteqrasiya yaradılmalıdır ki, taksi sürücüsü paralel hər iki xidməti göstərə bilsin". Deputat Aqil Abbas deyib ki, Azərbaycandakı taksi şirkətlərinin hansısa xarici ölkələrdən maliyyələşməsini və onların burada şirkət açmasını istəmir: İstəmirəm ki, Azərbaycandakı taksi şirkətləri hansısa xarici ölkələrdən maliyyələşsin və onlar burada şirkət açsın. İndi özümüzün iş adamlarına nə gəlib? Niyə pulu xarici şirkətlərə ödəməliyik? Yaxşı olardı ki, öz iş adamlarımız taksilərə yiyəlik etsinlər".

"İctimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə yaza bilmərik. Həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var"-deyən millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, ictimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var: "Bu xidmətdə beynəlxalq standartlar tətbiq olunmalıdır. Adıçəkilən qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək". M.İbrahımqızı eyni zamanda hava limanı və dəmiryolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyini, xaos vəziyyət yarandığnıı, eləcə də "xalturşik" taksi sürücülərinə rast gəlindiyini xatırladıb: "Özəl "xalturşik"lər adamın üzərinə arı kimi hücum edirlər. Azərbaycanlı olaraq fikirləşirsən ki, bu kimi hərəkətlər gözəlləşən Bakı barədə turistdə hansı təəssürat oyadar. Qardaş Türkiyədə hava limanında bu sahədə xüsusi xidmət var və hər kəs öz növbəsini gözləyərək aidiyyəti xidmətdən istifadə edir. Aidiyyəti qurumlara müraciət edirəm ki, bərbad durumdan çıxış yolu tapsınlar".

Deputat Fazil Mustafa deyib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir: "Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".

Deputat Siyavuş Novruzov deyib ki, qanun layihəsi qəbul olunduqdan sonra taksi sürücülərindən kifayət qədəri öz iş yerini itirənlər olacaq: "Bu şəxslərin harada işləyəcəyi ilə bağlı düşünülübmü? Məşğulluq idarələri ilə danışılıb? Yeni layihədə sürücülərin təlim keçəcəyi ilə bağlı qeyd var. Bu qədər şəxsin harada təlim keçəcəkləri ilə bağlı yer müəyyən olunub? Bütün bunlar düşünülməlidir. Çünki ölkədə nə qədər sürücü var, bunların taleyi düşünülməlidir".

Deputat Elşən Musayev qeyd edib ki, taksi xidmətindən çox istifadə etdiyi üçün bu sahədəki problemləri yaxşı bilir: "Taksi sahəsinə yalnız peşəkarların gəlməsi doğrudur, amma gəlin, onların fəaliyyətinə baxaq. Bir taksi operatoru gündəlik olaraq sürücüyə 24 gediş verib. Bu da sürücünün gündəlik olaraq 14-15 saat işləməsinə səbəb olur. Eyni zamanda bu, onların istismarı deməkdir. Bir müddət əvvəl "Prius"ların adı çıxmışdı. Qeyd edirdilər ki, "Prius" sürücüləri qəza törədir. Bildirim ki, bu şəraitdə işləyən sürücünü "Mercedes"ə və ya başqa avtomobilə otuzdursanız da eyni şey olacaq. Günün yarısından çoxunu işləyən sürücü hər avtomobildə qəza törədə bilərlər".

Qanun layihələrinin müzakirələri zamanı millət vəkillərinin səsləndirdikləri təkliflərə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov münasibət bildirib. Qeyd edib ki, bəzən vahid taksi xidmətinin yaradılması barədə fikirlər səsləndirilir.Amma nə qanun layihəsi, nə də nazirliyin planlarında belə bir fikir yoxdur: "Eyni zamanda hava limannda qanunsuz taksi daşımaları məsələsi qeyd edildi. Artıq bu daşımaların qarşısı alınır. Ümumiyyətlə ölkədə ictimai nəqliyyatın genişləndirilməsi ilə bağlı problem var və ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılmasına daha çox diqqətin ayrılmasına ehtiyac var. Eyni zamanda hazırda nəqliyyat sahəsində olan problemlərin həlli istiqamətində Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi xüsusi araşdırmalar aparır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31