Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən qüvvələr çoxdur

Azərbaycan-Ermənistan şərti sərhəd boyunca erməni təxribatları davam edir. Son vaxtlar xüsusilə intensivləşən təxribatlar və atəşkəsin pozulması hallarının artması Müdafiə Nazirliyinin rəsmi açıqlamalarından da aydın görünür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də  fasilələrlə atəşə tutulub. Eyni ilə atəşkəsin pozulması halları iyunun 15-də də davam edib. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Həmçinin, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Göründüyü kimi Ermənistan şərti sərhəd boyunca gərginlik yaratmaqda israrlı görünür. Bəs proseslərin belə davam etməsi Azərbaycanı hansı addımlar atmaq məcburiyyətində qoya bilər? Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə bunları deyib: "Əgər diqqət etsək görərik ki, Ermənistan tərəfindən bu cür təxribatlar, diversiyalar bir qayda olaraq əsasən sülh danışıqları intensivləşəndə, hansısa müqavilə imzalanmasına yaxınlaşıldığına dair açıqlamalar veriləndə baş verir. Bu onu göstərir ki, Ermənistandakı revanşist qüvvələr, həmçinin Qarabağdakı separatçılar xarici təsir dairələrinin sövqetməsi ilə sülh danışıqlarını pozmağa çalışırlar. Necə ki, 2022-ci ilin avqustunda artıq sülh müqaviləsinin imzalanacağına dair açıqlamalar gəldiyi bir vaxtda Ermənistanın sərhəd boyunca atəşkəs rejimini pozması və sentyabr döyüşlərinin başlaması ilə sülh prosesi pozuldu, indi də buna oxşar ssenarini həyata keçirmək üçün cəhdlər edilir. Çünki Ermənistan hələ də müstəqil ölkə ola bilmədiyi üçün müstəqil siyasət həyata keçirə bilmir və nəticədə ayrı-ayrı ölkələrin təzyiqləri ilə hərəkət etmək məcburiyyətində qalır".

Politoloq deyib ki,  Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və ümumiyyətlə, regionda sülh olmasını istəməyən qüvvələrin sayı isə kifayət qədərdir: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə hər iki ölkəyə təzyiq imkanlarını itirəcəyini dərk edən Rusiya, bunu həm də Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi kimi qiymətləndirir. Çünki sülh varsa, o zaman nə sülhməramlı kontingentə, nə də Ermənistandakı hərbi bazaya ehtiyac qalmır. Rusiyanın regiondan sıxışdırılması və Cənubi Qafqazda bu və ya digər şəkildə təmsil olunmaq istəyən digər beynəlxalq güclər isə münaqişənin uzanmasına öz maraqlarının təmin etmək imkanı kimi baxırlar. Eyni şəkildə İran da Azərbaycanla Ermənistan arasında sülhü özü öçün təhdid olaraq görür. Odur ki, müxtəlif dairələr bir tərəfdən Ermənistandakı revanşist qüvvələri hərəkətə keçirməklə Paşinyana təzyiq edir, digər tərəfdən isə atəşkəsin pozulmasını stimullaşdırmaqla sülh prosesini uzatmağa cəhdlər edirlər. Yəni qısası həm ABŞ, həm Rusiya, həm İran, həm də Avropa İttifaqının ayrı-ayrı təmsilçiləri, xüsusilə də, Fransa Azərbaycanla Ermənistanın münasibətlərinə yalnız öz maraqları prizmasından yanaşırlar".

Politoloq deyib ki, erməniləri bu təxribatlara kimin sövq etməsindən asılı olmayaraq məsuliyyət birbaşa Ermənistanın, bu ölkənin hərbi siyasi rəhbərliyinin üzərinə düşür: "Azərbaycanın isə bundan sonra daha otuz il danışıqlar aparmaq və ermənilərin nazı ilə oynamaq kimi bir fikri yoxdur. Hadisələrin gedişatı yeni hərbi əməliyyatları qaçılmaz edir. Başqa sözlə desək Ermənistan bilərəkdən ya da bilməyərəkdən öz sonunu hazırlayır. Odur ki, həm Ermənistan, həm də sülhə mane olan ayrı-ayrı dövlətlər bilməlidirlər ki, təxribatların davam edəcəyi, mövqelərimizin hədəfə alınacağı, Qarabağdakı erməni hərbi birləşmələrinin xoşluqla ərazilərimizi tərk etməyəcəyi halda baş verəcəklərdən ən çox zərər çəkən yenə elə Ermənistan olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31