Nə qədər ki, Azərbaycan dövləti var, Ulu öndər və onun ideyaları hər zaman yaşayacaqdır - ÖZƏL
16 İyun 2023 14:22 SiyasətPolitoloq Anar Əliyev ilə ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü, dövlət siyasəti mövzusunda həmsöhbət olduq.
- Bildiyiniz kimi, bu il Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu. Ulu öndərimizin Azərbaycan tarixində rolu, ölkəmizin inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında danışaq. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdıraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Bu mənada Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bu mərhələsini necə xarakterizə edərdiniz?
- Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və ölkəmizin hüdudlarından çox-çox uzaqlarda, ayrı-ayrı dövlətlərdə, xalqlar arasında geniş şəkildə qeyd olunur. Bu əslində Azərbaycan xalqına, dövlətinə, onun liderinə olan ehtiram və sevgidən qaynaqlanır. Əslində, ulu öndərin həyat və fəaliyyətinə diqqətlə fikir verdikdə biz görürük ki, ulu öndər Heydər Əliyev həyatının bir anını belə öz xalqını, millətini, dövlətini düşünmədən keçirməyib. Heydər Əliyev nəinki 1969-cu ildə siyasi hakimiyyətə gəldikdən sonra, siyasi hakimiyyətə gəldikdən əvvəl də fəaliyyətinin müxtəlif dövrlərində və ayrı-ayrı təşkilatlarda çalışdığı vaxtlarda da hər zaman Azərbaycan üçün, Azərbaycan xalqı, onun maraqları üçün çalışıb.
Mən tarixdən sadəcə bir nümunə gətirməklə fikrimi əsaslandırmaq istəyirəm. 1967-ci ildə Azərbaycanın o zamankı Dağlıq Qarabağ muxtar vilayəti ərazisində, o zamankı Stepanakert şəhəri ərazisində erməni millətindən olan bir şəxsə qarşı təxribat törədilmiş, qətlə yetirilmişdi və bu qətldə üç azərbaycanlı vətəndaş əsassız olaraq ittiham olunurdu. Açıq məhkəmənin getdiyi vaxt erməni daşnakları tərəfindən qızışdırılan Xankəndində yaşayan ermənilərin məhkəməyə kütləvi hücumu təşkil edildi. İttiham olunan iki azərbaycanlı məhkəmə zalından götürülərək, çölə çıxarılır və amansızcasına qətlə yetirilir. Üçüncü ittiham olunan və sonradan bəraət alacaq, erməni əsilli Azərbaycan vətəndaşının öldürülməsində heç bir günahı olmadığı sübut olunacaq vətəndaş isə dustaq maşını ilə birlikdə diri-diri yandırılır. Bu hadisənin törədilməsində əsas məqsəd ermənilər ilə azərbaycanlılar arasında milli-etnik zəmnli qarşıdurma, toqquşmalar yaratmaq və bununla da milli münaqişə formalaşdırmaqla Dağlıq Qarabağ muxtar vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsinə hüquqi, siyasi və real zəmnlər formalaşdırmaq hədəflənirdi. Məhz həmin dövrdə Milli Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifədə çalışan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xüsusi istintaq komissiyası yaradılır. Ulu öndər Xankəndinə səfər edərək, birbaşa istintaqa özü nəzarət edir. Məhz təxribatçıların, bu işi məqsədli şəkildə həyata keçirənlərin kimliyi aşkara çıxarılır. Burada hədəfin nələrdən ibarət olduğu bir daha gün işığına çıxarılır, aydınlaşdırılır və layiqli cəzaları alınmaqla ermənilərin bu məkrli niyyətləri alt-üst edilir.
Bu misalı çəkməkdə niyyətim ondan ibarətdir ki, bütün cəmiyyətimiz, Azərbaycan xalqı ulu öndərin tarixi fəaliyyətini dərindən öyrənməli, araşdırmalı, Heydər Əliyevin irsi araşdırılaraq cəmiyyətimizə, cəmiyyətimizin hər bir üzvünə daha geniş bir şəkildə çatdırılmalıdır. Biz bilməliyik ki, məhz ulu öndər Heydər Əliyevin şüurlu fəaliyyətinin hər bir anı millətimizin, xalqımızın, rifahı, maraqlarının təmin olunması üçün, gələcəyi üçün atılan addımlardan ibarətdir. Məhz Heydər Əliyev siyasi hakimiyyətə gəlməklə qısa müddət ərzində ittifaq respublikaları arasında iqtisadi gəlirlərinə və insanlarının sosial təminatına görə ən aşağı vəziyyətdə olan Azərbaycanı ittifaqın ən yüksək gəlirli respublikalarından birinə çevirməyə nail olur. Qısa müddətdə ərzində dövlətin idarə olunmasında, ayrı-ayrı strukturlarda, nazirliklərdə milli kadrların yerləşdirilməsi, rəhbər vəzifələrə təyin olunması təmin edilir. Bildiyimiz kimi, ulu öndər hakimiyyətə gələnə qədər əsas idarəetmə strukturlarında, ayrı-ayrı nazirliklərdə qeyri-millət nümayəndələri, xüsusilə ermənilər və ruslar çoxluq təşkil edirdi. Məhz Heydər Əliyevin qətiyyətli, düşünülmüş, uzaqgörən siyasətinin nəticəsi olaraq idarəetmədə milli kadrlar qısa müddət ərzində çoxluq təşkil etməyə başladı. Eyni zamanda, uzun illər ərzində azərbaycanlıların hərbi xidmətə çağırılmaması və ya çağırılarkən yalnız tikinti sahələrinə yönləndirilməsi, azərbaycanlıların hərbi hazırlığının qarşısının alınmasına istiqamətlənmiş, düşünülmüş bir idealoji iş idi. Məhz ulu öndər hakimiyyətə gəldikdən sonra ciddi şəkildə bu prosesin də qarşısını almağa çalışdı. Azərbaycanlılar hərbi xidmətə çağırılaraq həqiqi hərbi xidmətdə iştirakçıya çevrildilər. Eyni zamanda, Azərbaycanda çoxlu sayda yüksək peşəkarlı hərbi kadrların hazırlanmasını təmin edən hərbi məktəblər təşkil olundu. Milli kadrların yetişdirilməsi prosesinə başlanıldı. Bundan əlavə, Azərbaycanda çoxlu sayda müasir məktəblərin tikilməsi və istifadəyə verilməsinə nail olundu. Bununla da Azərbaycanda orta təhsil almayan insanların sayı demək olar ki, sıfıra endirildi. Ali məktəblərə istiqamətləri və ayrı-ayrı peşə ixtisasları, eyni zamanda, ayrı-ayrı təhsil müəssisələrində ixtisaslar formalaşdırıldı, peşəkar kadrların yetişdirilməsi istiqamətində addımlar atıldı. Məhz ulu öndərin təşəbbüsü ilə potensiallı azərbaycanlı gənclərin ittifaqın digər respublikalarının yüksək ali təhsil müəssisələrində peşəkar kadr kimi yetişdirilərək, Azərbaycana qaytarılması istiqamətində addımlar atıldı və nəticə etibarilə, Azərbaycan qısa müddət ərzində ittifaq respublikaları arasında ən yüksək inkişaf səviyyəsinə nail olan respublikalardan birinə çevrildi. 1982-ci ildə ulu öndər ittifaq səviyyəsində yüksək vəzifəyə dəvət edildikdən sonra da Azərbaycanla, onun inkişafı ilə bağlı planlarını daha geniş şəkildə həyata keçirmək imkanları qazandı. Məhz ulu öndər Sovet İttifaqı Kommunist Partiyası mərkəzi siyasi bürosunun üzvü kimu, həm də Nazirlər Kabinetinin sədrinin birinci müavini kimi yüksək səlahiyyətlərindən istifadə edərək Azərbaycanın maraqlarının təmin olunmasına daim çalışdı, daim bu istiqamətdə mübarizəsini davam etdirdi.
Mən yenə də tarixdən bir misal çəkməklə, ulu öndərin Moskvada fəaliyyət göstərdiyi dövrdə də Azərbaycan üçün nələr etdiyini, hansı addımlar atdığını göstərmək istəyirəm. 1985-ci illərin əvvəllərində Ermənistan mərkəzi komitəsinin katibinin təşəbbüsü ilə saxta erməni soyqırımının 70 illiyi və Andranikin yubileyinin ittifaq səviyyəsində qeyd olunması ilə bağlı SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciət edilir. Çox təəsüf ki, baş katib Qarbaçovun da razılıq verdiyi bu layihənin qəbul olunması istiqamətində geniş təbliğat aparılmağa başlanılır. Amma məhz yenə də ulu öndər Heydər Əliyevin qətiyyətli müdaxiləsi və iradəsi nəticəsində bu saxta soyqırımın ittifaq səviyyəsində matəm günü kimi qeyd olunması prosesinin qarşısı alınır və birmənalı şəkildə bu proses dayandırılır.
Bu qeyd olunanlar onu göstərir ki, bəli, ulu öndər Heydər Əliyev bütün imkanlarından istifadə edərək Azərbaycan dövlətinin, xalqının maraqlarının təmin olunmasına çalışıb. Hər zaman həyatının amalı olaraq millətimizin, xalqımızın inkişafını, maraqlarının təmin olunmasını görüb. Məhz ulu öndər hakimiyyətdən getdikdən bir neçə gün sonra Qarbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyanın Fransada Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasını özündə əks elətdirən çıxışı geniş yayıldı və bununla da Azərbaycana milli-etnik zəmnli ərazi iddialarını özündə əks etdirən təxribatlar törədilməyə başlayır və məhz Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasının nəticəsi olaraq Azərbaycana qarşı ittifaq və Ermənistan səviyyəsində ciddi iddialar səslənməyə başlayır. Ərazi iddiaları və münaqişə formalaşır. Çox təəsüf ki, müstəqillik əldə etdikdən sonra da, Ermənistanın bu iddiaları bitib-tükənmir. Azərbaycana qarşı bu iddialar daha geniş şəkildə, daha geniş müstəmləkədə davam elətdirilir. Məhz müstəqillik əldə etdikdən sonra siyasi hakimiyyət uğrunda mübarizə, hakim və müxalif qüvvələr arasında siyasi etiraz xalqın, millətin maraqlarını arxa plana keçirmiş oldu. Nəticədə ard-arda rayonlarımız işğal olundu, torpaqlarımız ermənilər tərəfindən ələ keçirildi, yüzminlərlə insanlarımız öz ata-baba yurdlarından didərgin salındı. Minlərlə insanlarımız qətl edildi, Xocalı soyqırımı kimi bəşəri faciə millətimizin başına gəldi. Bunlar yetmədi, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları işğal olundu və bir milyondan artıq insan öz vətənində qaçqın və məcburi köçkünə çevrildi. Minlərlə insanlarımız itkin düşdü. Dövlətimizə, xalqımıza, millətimizə milyardlarla dollar dəyərində maddi ziyan vuruldu. Yüzlərlə yaşayış məskənlərimiz yerlə yeksan edildi. Məhz 1993-cü ildə çox ciddi böhran, problemlər fonunda Azərbaycanın parçalanıb bir dövlət olaraq tarixin səhnəsindən silinmə təhlükəsi qarşısında ulu öndər Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə gəldi və Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan, torpaqlarımızın işğal olunmasından bizi xilas etdi.
Məhz 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanın tənəzzül prosesinin qarşısı alındı. İqtisadi çöküş dayandırıldı, hiper infilyasiyanın qarşısının alınması istiqamətində əməli addımlar atıldı. Qısa müddət ərzində Horadiz əməliyyatı həyata keçirilərək, 22 kənd işğaldan azad olundu və nəticə etibarilə Ermənistan Azərbaycanla atəşkəs imzalamaq faktı qarşısında qoyuldu. Qısa müddət ərzində "Əsrin Müqaviləsi" adlanan neft müqavilələri imzalandı və Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması istiqamətində misli görünməmiş addımlar atıldı və məhz belə addımların nəticəsi olaraq 2000-ci illərin sonu, XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycanın sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu müşahidə etdik. Məhz bu inkişafımızın kökündə ulu öndərin uzaqgörənliklə 90-cı illərin əvvəllərində, ortalarında atdığı addımların dayandığını görürük. Məhz ulu öndərin uzaqgörənliklə, düşünərək, planlı, ardıcıl şəkildə həyata keçirdiyi dövlətçilik təfəkkürünə əsaslanan addımların nəticəsi olaraq biz 2000-ci illərin əvvəllərindən başlayaraq bir çox sahələrdə ciddi uğurlar əldə etdik. Azərbaycan inkişaf edən, öz məhsullarını dünya bazarlarına çıxarmağı bacaran, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağı bacaran etibarlı tərəfdaşdan birinə çevrildi və qısa müddət ərzində Azərbaycan özünün həm də ordu quruculuğu istiqamətində addımlar atmağa başladı. Azərbaycanın 2003-cü ildə keçirilən prezident seçkilərində qətiyyətli qələbə qazanan İlham Əliyev həm də Heydər Əliyevin formalaşdırdığı siyasi irs üzərində idarəetməni davam etdirməklə Azərbaycanın inkişafını, çiçəklənməsini, böyüməsini güclənməsini təmin etmiş oldu.
Məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində müxtəlif sahələrdə ciddi dönüşlər əldə olundu. Ümumi daxili məhsulumuz, dövlət büdcəmizin hər il artması, ordu quruculuğu sahəsində həyata keçirilən işlər, təhsil sahəsində, səhiyyə sektorunda həyata keçirilən addımlar, eyni zamanda, sahibkarlığın inkişaf etdirilməsi, istehsal, sənaye müəssisələrinin açılması kimi addımlar Azərbaycanını inkişafını davamlı və ardıcıl xarakter almasının əsasını qoymuş oldu. Nəticə etibarilə biz qısa müddət ərzində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təmin edilməsi istiqamətində bütün zəruri ehtiyaclarımızı təmin etmiş olduq. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında məhz Ulu öndər Heydər Əliyevin formalaşdırdığı iqtisadi-siyasi əsaslar üzərində Azərbaycan daha ciddi hücum xarakterli diplomatiya yürütməyə başladı. Qısa müddət ərzində Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi və işğal faktının aradan qaldırılması istiqamətində məsələlər gündəliyə çıxarıldı. Ermənistan tərəfinin növbəti təxribatçı və desturiktiv fəaliyyətinin nəticəsi olaraq Azərbaycan sülh proseslərinin dalana dirəndiyini bəyan etdi. Məhz Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi ilə sülh danışıqları birmənalı olaraq yekunlaşmış oldu və növbəti Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu müzəffər Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı altında qısa müddət ərzində dünya hərb tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsini reallaşdırmaqla işğal faktını aradan qaldırdı, dövlət suverenliyimizi təmin etdi, ərazi bütövlüyümüz təmin olunmuş oldu.
Hesab edirəm ki, bugünkü qüdrətli, etibarlı, eyni zamanda, dünya gücləri tərəfindən qəbul edilən, bölgənin əsas güc sahibi kimi qiymətləndirilən müasir Azərbaycanın mövcudluğu Ulu öndər Heydər Əliyevin 60-cı illərin sonu, 70-ci illərdə və xüsusilə də 90-cı illərin əvvəllərindən başlayaraq həyata keçirdiyi uzaqgörən, düşünülmüş, dövlətçilik təfəkkürünə əsaslanan fəaliyyətinin və qurduğu əsasların üzərində formalaşıb. Mən hesab edirəm ki, nə qədər ki, Azərbaycan, Azərbaycan dövləti var, ulu öndər və onun ideyaları hər zaman yaşayacaqdır və ulu öndərin irsinin öyrənilib, araşdırılıb, geniş ictimaiyyətə çatdırılması hər birimizin həm də vətəndaşlıq borcudur.
Röyalə Xəyal