Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib - Komitə sədri

"Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Bu dahi insanın bir amalı var idi: "Azərbaycanı tam, xoşbəxt, güclü görmək. Bunun üçün də çalışırdı, hətta deyərdim ki, mübarizə aparırdı. Ulu Öndər tarixi varislik prinsiplərini əsas götürməklə bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin növbədənkənar sessiyasında  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında deyib. H.Hüseynova bildirib ki, Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi: "Xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Biz onun fəaliyyətini davamlı olaraq təbliğ etməliyik. Xüsusilə yeni nəsil bilməlidir ki, Ulu Öndər dövlətimizi necə xilas edib, hansı mürəkkəb dövrdə yaşamışıq. Ulu Öndər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması sahəsində böyük xidmətləri olub. Məhz Azərbaycan dövləti onun təşəbbüsü ilə qadın və uşaq hüquqları ilə bağlı bütün zəruri beynəlxalq konvensiyalara qoşuldu, mühüm qanunlar qəbul edildi. Onun siyasətini, arzularını ləyaqətlə davam edən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini özquruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31